Müsavatın “qurultay tilsimi” Siyasət

Müsavatın “qurultay tilsimi”

Arif Hacılı: "Partiya rəhbərliyində qurultayın keçirilməməsi mövqeyi üstünlük təşkil edir"
Sabir Məmmədli: "Məhz texniki məsələlərə görə nizamnamənin müvafiq bəndinin üstündən keçərək, qurultayın ardıcıl təxirə salınması doğru deyil"
Aydın Hüseynov: "İsa Qəmbər qurultayın baş tutumamasında maraqlıdır"

Müsavat Partiyası qurultayının vaxtı növbəti dəfə dəyişdirilib. İndi də bu tədbir iyunun 28-ə keçiriblər. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, növbəti dəfə də qurultayın baş tutmaması üçün zalın kiçik olmasının əsas gətirilib-gətirilməyəcəyini, Bakı meriyasının təklif etdiyi Səttar Bəhlulzadə adına Mədəniyyət evinin onları qane edib-etmədiyini bilmir.
Arif Hacılı partiyada hətta dolayısı ilə də olsa, ümumiyyətlə qurultayın baş tutmamasında maraqlı kəslərin olduğuna işarə edib: "Bu, mənim subyektiv mövqeyimlə müəyyənləşmir. Təşkilat Komitəsi və Müsavat Partiyasının rəhbərliyində daha uğurlu zalın seçilməsi və əgər belə bir zal verilməzsə, qurultayın keçirilməməsi mövqeyi üstünlük təşkil edir. Ancaq bu məsələ yenə də müzakirə olunacaq və yəqin ki, yaxın günlərdə bu barədə yekun qərar qəbul ediləcək".
Arif Hacılı xüsusilə vurğulayıb ki, qurultayın gecikdiyi hər gün Müsavat Partiyasının mənafelərinə ciddi zərbədir və onun ləngiməsi partiya strukturlarının yeniləşməsi və fəaliyyətinə maneçilik törədir: "Partiyanın bir çox rəhbər strukturları yarımçıqdır. Qurultayın keçirilməməsi də bu strukturların işinə mane olur. 5 ilə yaxın müddətdir ki, Müsavatda seçkiöncəsi yaranan vəziyyət partiya strukturlarında gərginlik yaradır. Hesab edirəm ki, nəyin bahasına olursa olsun, ən qısa müddətdə qurultay keçirilməlidir...".
Onun fikrincə, Mərkəzi Nəzarət Təftiş Komissiyasında, Məclisdə, Divanda boş yerlər mövcuddur. Bu qurumlarda fəaliyyət göstərmək imkanları olmayan, Müsavat Partiyasını tərk edən adamların da hesabına boş yerlər yaranıb. Partiya rəhbərliyində kimlərin qalacağı və ya gedəcəyi ilə əlaqədar qeyri-müəyyənlik var. Belə durum isə Müsavat daxilində qeyri-müəyyən situasiyaya səbəb olur. Arif Hacılı onu da qeyd edib ki, hələlik başqanlığa namizədliyini verməklə bağlı yekun qərar verməyib və bu barədə qərar yalnız qurultayın keçirilməsi müəyyənləşdikdən sonra verilməlidir: "Əgər bilsəm ki, mənim Müsavat başqanı seçilməyim həm Azərbaycan cəmiyyətinin, həm düşərgənin, həm də Müsavatın maraqlarına uyğundur, öz namizədliyimi irəli sürəcəyəm".
Xatırladaq ki, bir müddət öncə Müsavat Partiyasında başqanlıq uğrunda açıq-aşkar mübarizə getdiyi barədə yazılıb. Hətta partiya daxilində müəyyən qruplaşmanın da formalaşdığını diqqətə çatdırılıb. Ona görə də bu müsahibəni söylənilənlərin təsdiqi kimi də qəbul etmək olar. Dəyişməyən yalnız odur ki, Arif Hacılı öz namizədliyini verəcəyi ilə bağlı bu dəfə də sözünün "mustafa"sını deməyib. Hər zaman rəqibsiz olduğunu və bu partiyaya illərini verdiyini nəzərə çatdıran Arif Hacılı bu dəfə də özünü ən layiqli namizəd hesab etdiyini gizlətməyib. Müsahibədən hətta onun özünə arxayın olduğu da hiss olunur. Bu da belə deməyə əsas verir ki, hazırkı aparat rəhbəri, partiyanın İsa Qəmbərin başqanlıqdan getdikdən sonrakı dövrü üçün müəyyən hazırlıqlar görüb və sadəcə həmin kresloya əyləşəcəyi günü gözləyir. O, qurultayın gecikdiyi hər günün Müsavat üçün zərbə olduğunu deməklə, bir növ, İsa Qəmbərə də meydan oxuyub və rəqabəti açıq müstəviyə keçirib. Arif Hacılı belə açıqlamalarla sətiraltı şəkildə başqanını hədələyib və bu yolla ona başqanlığı tərk etməsi üçün təzyiq edə biləcəyini düşünüb.
Qeyd edək ki, bir müddət öncə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da Arif Hacılını İsa Qəmbərin səhvlərini onun dili ilə xatırlatmaq istəməkdə ittiham etmişdi. Bu da onun qurultayın keçirilməsini gözləməkdə artıq səbirsizləndiyinin digər göstəricisi hesab olunur.
Başqanlığa əsas namizədlərdən olan İcra Aparatının rəhbəri hesab edir ki, qurultayın gecikdiyi hər gün Müsavatın mənafelərinə ciddi zərbədir.
Müsavat Partiyasının Məclis üzvü Sabir Məmmədli də partiyanın qurultayının dəfələrlə təxirə salınmasına etirazını bildirib: "Müsavat Partiyasının əksər üzvləri də bu fikirdədir ki, texniki məsələləri kənara qoyub, nizamnamənin maddəsini əsas götürərək qurultayı keçirmək lazımdır".
Sabir Məmmədli qeyd edib ki, hər bir siyasi təşkilatın nizamnaməsinə əməl edilməsi ən vacib şərtlərdən biridir. Onun sözlərinə görə, məhz texniki məsələlərə görə nizamnamənin müvafiq bəndinin üstündən keçərək, qurultayın ardıcıl təxirə salınması doğru deyil: "Bu baxımdan Müsavat Partiyasının nizamnaməsinə əməl olunması bizim həm demokratik imicimizə, həm də mübarizəmizin məğzinə tam uyğundur. Nizamnamənin şərtlərinə əməl olunmaması müəyyən texniki problemlərlə bağlı olur. Ola bilər ki, texniki məsələlərlə əlaqədar bir dəfə gecikmə olsun. Ancaq qurultayı keçirmək üçün hər şeyi məhz texniki problemlərlə bağlamaq ictimai düşüncədə də düzgün qəbul olunmur".
Sabir Məmmədli qeyd edib ki, partiya daxilində də qurultayla bağlı geniş müzakirələr aparılır.
Buna münasibətini açıqlayan Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirdi ki, Müsavat Partiyası bilərəkdən qurultay şousu yaradır: "Müsavatın qurultayının yerə görə baş tutumaması bəhanədir və bunu hər kəs bilir. Qurultayın baş tutumamasının başlıca sçəsəbi İsa Qəmbərdir. Yəni İsa Qəmbər partiyanın qurultayını keçirilməsmində maraqlı deyil. Çünki İsa Qəmbərin səlahiyyət müddəti çoxdan başa çatıb. Eyni zamanda onun rəhbərliyi altında partiya nüufuzunu itirib. Ümumiyyətlə bu partiyanın qurultayları hər zaman istefalarla, problemlərlə yadda qalıb. Bu səbəbdən də növbəti parçalanmadan qorxurlar. Digər tərəfdən qurultayda bunlar nəyin hesabatını verəcəklər? Əsil həqiqət ondan ibarətdir ki, bu partiya qurultay keçirmək marağında deyil. Müxtəlif bəhanələr gətirərək bu problemi yerlə və digər səbəblərlə əlaqələndirirlər".
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib ki, Müsavatda biabırçı proses gedir: "İndi də qurultay şousu düzəldib, özlərini gülünc vəziyyətə qoyurlar. Bu adamlar başa düşmək istəmirlər ki, artıq nəinki qurultay oyunu ilə, hətta başqa bir ad altında da milləti aldada bilməzlər".
Müsavat Partiyasında qurultay keçirilməsi ilə bağlı yaranan söz-söhbətlərlə bağlı fikir bildirən partiya sədri qeyd edib ki, Müsavatda proseslər bundan sonra daha ziddiyyətli hal alacaq: "Qurultay keçirmək üçün qarşısında konkret məqsəd qoyan partiya rəhbəri bunu çoxdan edərdi, illərlə oyun oynamazdı. Əslində Müsavat siyasi partiyalar haqqında qanuna, eləcə də öz daxili nizamnaməsinə hörmət qoymur". Millət vəkili Zahid Oruc hesab edir ki, Müsavat faktiki olaraq qurultay ətrafında cəmiyyətin diqqətini özünə cəlb etmək üçün kampaniya aparır: "Qurultay bir gün çəkəcək, onun keçirilməsinə hazırlıq isə illəri əhatə etməkdədir. Bu, ayrı-ayrı ölkələrdə sınaqdan çıxmış siyasi texnologiyadır. Faktiki olaraq belə şəraitdə İsa Qəmbər də öz başqanlığını davam etdirir. Vaxtilə partiyada daxili qüvvələrin səsini idarəçilikdə tanımaq istəyərək, rəhbərlik üçün zaman limiti qoymuşdular. Yəni İsa Qəmbər iki ildən artıqdır ki, qanunsuz olaraq partiyanı yönləndirməkdədir. Lakin başqa bir şəraitdə bundan nə fayda götürə bilərlər?"
Millət vəkili qeyd edib ki, Müsavat Partiyası onsuz da, cəmiyyət həyatında o qədər də ciddi qüvvələr sırasında deyil: "Əlbəttə ki, müəyyən bir partiya strukturu yaradıblar, köhnədən gələn ayrı-ayrı qüvvələr onların daxilində qalmaqda davam edir. Lakin İsa Qəmbər özü bir şəxs olmaq etibarilə, cəmiyyət həyatında daim yaşanan, sezilən mühüm mövqelərin sahibi deyil. Belə demək mümkündürsə, sədrin, liderin və ya başqanın gücü ondan ibarət olmalı idi ki, o qüvvələr üzərində böyük gücə malik olsun. Qərbdə partiya təcrübəsində məhz belədir. Orada sərt strukturlaşma və ya üzvlük məsələsi yoxdur ki, bir partiyanın gücü onun yüz minlərlə üzvü ilə ölçülsün. Orada vacib olan, kimin ideyasının cəmiyyətdə nə qədər aparıcı olmasıdır".
Hazırkı şəraitdə başqan və onun əsas tərəfdarları Müsavatın qurultayının vaxtını yubatmaqla, İsa Qəmbərin 2015-ci ildə keçiriləcək parlament seçkisinə aparan yolunu qısaltmaq istəyirlər. Bir sözlə, partiyada qurultay adıyla yeni siyasi oyunlar baş verir.

Əli