Bakı Tehranı ABŞ-ın cəngindən xilas edə bilər Siyasət

Bakı Tehranı ABŞ-ın cəngindən xilas edə bilər

"İran bu təklif üçün çox uyğun zaman seçib, çünki hazırda bu ölkənin başı üzərində yenidən qara buludlar dolaşmağa başlayıb".
Bu sözləri politoloq Nəzakət Məmmədova İranın Bakı-Tiflis-Qars dəmir yolunun Təbriz şəhərinə qədər uzadılması təklifinə münasibət bildirərkən deyib. O vurğulayıb ki, Tramp Adminstrasiyasının hələ qarşıdakı illərdə fövqəldövlətə başçılıq edəcəyi nəzərə alınarsa, İran yaxın illər üçün mümkün beynəlxalq təcriddən çıxış yolları axtarmalıdır:
"Rusiya və Türkiyə ilə son dövrlərdə yaxşılaşmış əlaqələrdən savayı bunlardan ən məqsədəuyğun olanı həm də Avropa Birliyi ilə əlaqələrin dərinləşməsidir. Həm Rusiya, həm Türkiyə, həm Avropa Birliyi İranın təcrid olunmasına qarşı çıxırlar. Hətta İranın beynəlxalq sanksiyalara məruz qaldığı illərdə xüsusən Rusiya və Türkiyə onunla əməkdaşlığı dayandırmadılar. Rusiya Buşehrdə sülh məqsədli nüvə texnologiyalarının inkişafına kömək etdi, İrana S-300 kompleksləri və başqa silahlar satdı. Türkiyə də eyni dərəcədə İrana dəstək oldu".
Politoloq qeyd edib ki, bu gün ABŞ-da aparılan Rza Zərrab məhkəməsi Türkiyənin sanksiyalar rejimi dövründə İrana kömək etdiyi ehtimalına əsaslanır:
"Avropa Birliyi də həmçinin İranın təcrid olunmasına, iqtisadi təzyiqlərə məruz qalmasına qarşı olub və indi də qarşıdır. İran onlar üçün böyük iqtisadi, enerji tərəfdaşıdır. ABŞ-ın nüvə sazişini pozacağı hədələrinə Avropa Birliyi də qarşı çıxır. Birliyin komissarı xanım Moqerini İranda səfərdə oldu. İranla həmrəy mövqe nümayiş etdirdi. Bu da onu göstərir ki, hazırda faktiki olaraq ABŞ-İsrail birliyi Avropa Birliyi-İran birliyi ilə qarşı-qarşıyadır. Odur ki, İranın Çindən Avropayadək böyük bir coğrafiyanı birləşdirən Bakı-Qars layihəsinə qoşulmaq istəməsi onun Avropa ilə birləşmək, öz siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiya əlaqələrini Avropayadək genişləndirmək planları ilə bağlıdır. Eyni zamanda, İran bununla Çin, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə kimi "dəmir İpək yolu"nun üzərindəki bütün iştirakçı ölkələrlə də əlaqələrini yaxşılaşdıra bilər".
Politoloq vurğulayıb ki, artıq Pakistanın da Bakı-Qarsa qoşulması müzakirə olunub:
"Nəzərə alsaq ki, Azərbaycan, Rusiya və İran prezidentləri bu yaxınlarda həm də Şimal-Cənub layihəsi məsələsini müzakirə etmişdilər, demək, İran mümkün bütün kommunikasiyalara qoşulmaq, bununla da beynəlxalq aləmə çıxış imkanlarının məhdudlaşdırılmasının qarşısını almaq istəyir. Pakistanın da bu layihəyə qoşulmaq istəməsi artıq nəinki Çin və Asiyanın, hətta cənubi Asiya regionunun da layihəyə qoşulması demək olardı. Bu da Bakı-Qarsın beynəlxalq əhəmiyyətini daha da artırır".
Qeyd edək ki, ötən gün İranın yol və şəhərin inkişafı naziri Abbas Axundi Bakı-Tiflis-Qars dəmir yolunun Təbriz şəhərinə qədər uzadılmasını təklif edib.