“Gürcüstanın səfiri XİN-ə dəvət olunmalıdır” Siyasət

“Gürcüstanın səfiri XİN-ə dəvət olunmalıdır”

Qüdrət Həsənquliyev: "Deyilməlidir ki, sizin bu addımlarınız ləyaqətsiz bir hərəkətdir"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxış edib.
Millət vəkili əvvəlcə Azərbaycan xalqını yeni il münasibətilə təbrik edib: "Oqtay müəllim, siz başda olmaqla Milli Məclisin üzvlərini, əməkdaşlarını, xalqımızı qarşıdan gələn Yeni Il münasibətilə təbrik edirəm, rifah və uğurlar arzulayıram".
Millət vəkili daha sonra Gürcüstanın son addımları ilə bağlı narahatlıqlarını bölüşüb: "Bir neçə il əvvəl Nino Burcanadze Gürcüstan parlamentinin spikeri idi. Bir dəfə səhv etmirəmsə, Parisdə NATO Parlament Assambleyasının iclasına dəvət edilmişdi. O çıxışı zamanı bildirdi ki, Rusiya qaz kəmərlərini partladır, qaz vermir, bizi qışın soyuğunda dondurub öldürmək istəyir, və.s. Amma niyə donub ölmədikləri barədə bircə kəlmə də demədi. Ona görə ki, Azərbaycan özünün bir çox kəndlərinin qazını kəsərək qonşu Gürcüstanın şəhərlərinə qaz verirdi ki, bizim rayonlarda camaat odun yandırıb isinə bilər, amma Gürcüstan soyuqdan donub ölməsin. Biz hər zaman yaxın qonşu kimi öz etibarlılığımızı, ləyaqətimizi göstərmişik. Bundan başqa elə həmin iclasda ona sual verdilər ki, Kosova probleminin həll variantı keçmiş sovet respublikalarındakı münaqişələrə tətbiq oluna bilərmi? O da dedi ki, nə Moldovaya, nə də Gürcüstana tətbiq oluna bilməz. Qarabağın adını isə çəkmədi. Yəni bu artıq həmin ölkənin rəhbərliyinin Azərbaycana olan münasibətidir. Sözsüz ki, o bundan sonra o qısa zamanda siyasi elitadan uzaqlaşdırıldı. Amma mən onu qeyd etmək istəyirəm ki, Azərbaycan Gürcüstana qarşı münsibətdə dəfələrlə ləyaqətlə davranıb. 2008-ci ildə Rusiya ilə müharibə zamanı tibbi humanitar yardım göstərdik. Bakı-Tiflis-Ceyhan qaz kəməri çəkilərkən güzəştli tariflər müəyyənləşdirdik. Bakı-Tiflis-Qars dəmir yolu çəkilərkən onların kreditlərini ödədik. Bu gün Gürcüstana ucuz qiymətə qaz satılır. Ticarət dövriyyəsində Azərbaycan Gürcüstanın 4-cü tərəfdaşıdır, Gürcüstana investisiya qoyuluşuna görə isə Azərbaycan birinci yerdədir. Belə olduğu halda biz Gürcüstanın bu cür hərəkətinə qarşı özümüzü elə aparmamalıyıq ki, sanki heç nə baş verməyib. Hesab edirəm ki, ən azı Gürcüstanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunmalıdır. Deyilməlidir ki, sizin bu addımlarınız ləyaqətsiz bir hərəkətdir. Biz Gürcüstan xalqına, Gürcüstandakı bütün ictimai siyasi təşkilatlara müraciət etməliyik. Gürcüstan deyir ki, Rusiya bizim torpqlarımızı işğal edib və buna görə də işğalçı dövlətdir. Ermənistan da Azərbaycan torpaqlarını işğal edib və işğalçı dövlətdir. Belə olduğu halda necə ola bilər, sən iki işğalçı dövlət arasında əlaqə yaradırsan. Beynəlxalq hüquqdan, haqqdan və ədalətdən danışırsan. Özü də bunu Azərbaycana qarşı edirsən. Tutaq ki, Gürcüstan o yolları açsa qazancı nə olacaq? Heç nə. Amma Azərbaycan bildirməlidir ki, bununla Gürcüstan çox şey itirəcək. Düşünürəm ki, bu məsələ ilə bağlı Azərbaycan ciddi şəkildə öz etirazını bildirməlidir. Gürcüstanın işğal altında olan torpaqları üzərindən bunlar Ermənistana dəmiryol xətti açmaq istəyirlər. Bir daha deyirəm ki, Azərbaycan buna çox ciddi reaksiya verməlidir".

"Bəzi icra başçıları sahibkarları incidirlər"

Millət vəkili həmçinin "Sahibkarlıq fəaliyyəti haqqında" qanun layihəsinin müzakirəsi zamanı da öz fikirlərini bölüşüb. BAXCP sədri bildirib ki, sahibkarlığın müdafiə olunması və inkişafı üçün müəyyən addımlar atılır: "Bu günlərə də cənab Prezident tərəfindən kiçik və orta sahibkarlığa yardım məqsədilə İqtisadiyyat Nazirliyi yanında xüsusi agentlik yaradıldı. Amma çox təəssüf ki, bəzi icra hakimiyyəti başçıları, maliyyə sektoruna cavabdeh bəzi şəxslər tərəfindən sahibkarlar incidilir. Mən yeni il qabağı ad çəkmək istəmirəm. Ümid edirəm ki, həmin insanlar mənim çıxışım haqqında məlumat əldə edib bu fəaliyyətlərinə son qoyacaqlar".
Millət vəkili bildirib ki, icra başçıları kiçik və orta sahibkarlardan dəyəri 100 minlərlə olan tikinti materialları götürürlər, ayrı-ayrı avadanlıqlar alırlar. Amma sonra aldıqları məhsulun pulunu vermirlər və sahibkarlar pis vəziyyətdə qalırlar. Onsuz da onların elə böyük dövriyyələri yoxdur. Amma onların işçiləri, özlərinin dolanışığı var. Bu barədə bizə də müraciət edirlər. Biz onlara telefon da açırıq, amma təəssüf ki, həmin icra başçıları hətta telefonu da qaldırmırlar. Bu yaxınlarda bir iş adamı müraciət edib. Bu insan "Zaminbank" vasitəsilə Sahibkarlığa Yardım Fondundan kredit götürüb. Yəni mən ümumiləşdirilmiş bir misal çəkirəm ki, başqa deputat həmkarlarım da vəziyyətin nə yerdə olduğunu bilsinlər. "Zaminbank" isə bağlanıb. Sonradan Sahibkarlığa Yardım Fondunun təklifi ilə ödəmədiyi pulun qalan hissəsini tam məbləğdə Sahibkarlığa Yardım Fonduna ödəyib. Sahibkarlığa Yardım Fondu da pulun tam ödəndiyi barədə arayış verib. Amma digər müvafiq qurumlar bu pulun ödəndiyini təsdiq eddən arayışı vermirlər ki, bu şəxs əmlakını girovluqdan çıxarsın. Həmin sahibkar məhkəməyə müraciət etməyə məcbur olub. Əmanətlərin Sığortalanması Fondu isə məhkəmənin qərarlarını belə icra eləmir. Yenə də ad çəkmirəm... Deyiblər ki, yuxarıdan bizə göstəriş gəlib ki, bunu icra etməyin. Bildiriblər ki, siz özbaşına Sahibkarlığa Yardım Fonduna niyə pulu qaytarmısınız? Biz o bankla münasibətlərimizi aydınlaşdırandan sonra pulu hansı ünvana köçürəcəyiniz barədə məlumat verəcəkdik. Bu bir nümunədir. Yüzlərlə bu cür faktlar var. Məhkəmə qərarları da bəzi vəzifəli şəxslər tərəfindən icra olunmur. Hətta bəzi şəxslərin vəzifələri dəyişib, böyüdülüb, lakin onların vərdişləri dəyişməyib. Yenə də onlar sahibkarları incidirlər. Hesab edirəm ki, bu qanunun aliliyinin təmin olunması istiqamətində ciddi addımlar atılmalıdır. Əgər məmurlar buna əməl etməyəcəklərsə, məhkəmə qərarlarını yerinə yetirməyəcəklərsə bu qanunları qəbul etməyin nə faydası olacaq? Amma ümumiyyətlə mən bu layihəni müdafiə edirəm və buna səs verəcəyəm".

Əli