Vəkilliyin nüfuzu qaldırılmalıdır Siyasət

Vəkilliyin nüfuzu qaldırılmalıdır

Qüdrət Həsənquliyev: "Tövsiyə etməliyik ki, keçid balını 60-dan 50-yə endirsinlər"

"2018-ci ilin yaz sessiyasının qanunvericilik işləri planında ciddi qanunlar nəzərdə tutulub. Bunlar xalqımızın həyatı üçün əhəmiyyətli qanunlardı. Mən bunu dəstəkləyəcəyəm və əlavə olaraq təklif edirəm ki, yaz sessiyasında əvvəllər qəbul etdiyimiz qanunların icrası ilə bağlı məsələləri də zaman-zaman gündəmə gətirək və müvafiq icra hakimiyyəti orqanlarından hesabat tələb edək ki, qəbul etdiyimiz qanunlar niyə icra olunmur?".
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı səsləndirib.
Millət vəkili xatırladıb ki, Milli Məclis ötən ilin yaz sessiyasında universitetlərdə hazırlıq kursları ilə əlaqədar olaraq "Təhlis haqqında" qanun qəbul edib: "O zaman bildirildi ki, vaxt azdır, yeni dərs ilinin başlanmasına az qalır və buna görə də hazırlıq kursları ilə bağlı məsələni çatdıra bilmədik. Təhsil Nazirliyi tərəfindən bütün müvafiq qərarlar qəbul olunub və bütün müvafiq addımlar atılıb. Amma məsələ Nazirlər Kabinetində ilişib qalır. İndi də yeni dərs ili üçün qəbulun başlanılmasına çox az bir vaxt qalıb. Aprel ayında qəbul imtahanları keçiriləcək. Buna baxmayaraq hələ də bu barədə müvafiq bir qərar yoxdur. Bu da sözsüz ki, insanları narahat edir. Xeyli insan məndən soruşur ki, hazırlıq kursları olacaq yoxsa yox? Halbuki qanun qüvvədədir və onu müvafiq icra hakimiyyəti orqanları sadəcə icra etməlidirlər".

"Azərbaycanda hər 100 min nəfərə cəmi 8 vəkil düşür"

Vəkillər və vəkillik fəaliyyəti haqqında qanundan danışan millət vəkili bu barədə daha öncə də çıxış etdiyini xatırladıb: "Əvvəllər də söyləmişdim ki, hər 100 min nəfərə düşən vəkillərin sayına görə, Azərbaycan Avropada ən sonuncu yerdədir: "Yəni Azərbaycanda hər 100 min nəfərə cəmi 8 vəkil düşür. Bizdən sonra Bosniya və Herseqovina gəlir və bizdən bir pillə yuxarıda olan bu ölkədə də vəkillərin sayı bizdən 4 dəfə çoxdur. Orada hər 100 min nəfərə 34 vəkil düşür. Avropanın inkişaf etmiş ölkələrində isə hər 100 min nəfərə düşən vəkillərin sayı bizdən 40-45 dəfə artıqdır. Söhbət 300-dən yuxarı vəkildən gedir.
Yanvarın 28-də vəkilliklə bağlı imtahan keçirildi və bura 2000-ə qədər yeni insan müraciət etmişdi. Amma çox təəssü fki, onlardan cəmi 600 nəfəri müvafiq bal toplaya bilib. İmtahandan öncə mən və həmkarlarım Əli Hüseynli və Çingiz Qənizadə Vəkillər Kollegiyasında olduq. Vəkillər Kollegiyasının yeni sədri Anar Bağırov kifayət qədər mütərəqqi bir insandır. O, görüləcək işlər barədə məlumat verdi və bizi də bu insanlardan neçəsinin keçə biləcəyi ilə bağlı narahatlığımızı bildirdik.
O, dedi ki, imtahan sualları qismən sadələşdirilib. Amma buna baxmayaraq çox az sayda insan imtahandan keçə bilir. Ona görə də təklif edirəm ki, yaz sessiyasında hər şeydən öncə vəkillər və vəkillik fəaliyyəti haqqında yeni qanun qəbul edək. Həm də qanunverici, nümayəndəli orqan kimi ölkədəki bu durum bizi də narahat etməlidir. Tövsiyə etməliyik ki, keçid balını 60-dan 50-yə endirsinlər. 50-yə endirsələr xeyli sayda vəkillər üzv ola bilərlər və Vəkillər Kollegiyasının Rəyasət Heyəti onlar üçün sonradan kurslar təşkil edə bilər. Düşünürəm ki, bu mümkündür.
Anar Bağırov Vəkillər Kollegiyasına sədr təyin olunandan sonra ciddi bir araşdırma aparıb və bu institutun nüfuzunun qaldırılması ilə əlaqədar bizə çox mütərəqqi təkliflər verib. Orada xüsusilə bizim diqqətimizə çatdırıldı ki, ölkə prezidentinin vəkillər üçün bina ayrılması ilə bağlı xüsusi sərəncamı var. Çox təəssüf ki, illər keçir, amma prezidentin bu sərəncamı hələ də icra olunmur və Vəkillər Kollegiyası üçün yeni bina ayrılmır. Oqtay müəllim, mən sizə tam səmimiyyətlə deyirəm ki, hər hansı bir xarici qonaq Vəkillər Kollegiyasının binasına daxil olsa dərhal bəlli olacaq ki, bu ölkədə bu institutun nüfuzu nədən ibarətdir. Birinci mərtəbədə yerləşir, uzun illərdir ki təmirsizdir. Yəni təmir olunsa belə orada nəsə yaxşı bir şey yaratmaq mümkün deyil. Binanın quruluşu elədir ki, orada sadəcə olaraq otaqlar bəs eləmir. Cəmi bir neçə otaq var, pis vəziyyətdədir. Bu baxımdan, düşünürəm, axır ki, prezidentin sərəncamı icra olunmalıdır. Vəkillər Kollegiyasına normal bina ayrılmalı, vəkilliyin nüfuzu qaldırılmalıdır.

"Hər rayonda ən azı 3 hakim, 4-5 vəkil olsun"

Bir məsələni də vurğulamaq istəyirəm: Bu məsələni mən əvvəllər də qaldırmışam, yəqin ki, hökumətin hesabatında da bir daha qaldıracam. Elə rayonumuz var ki, cəmi bir hakim var, vəkil isə ümumiyyətlə yoxdur. Tutaq ki, hakim məzuniyyətə gedəndə onu kim əvəz edəcək? Yaxud elə rayon var ki, orada bir vəkil belə yoxdur. Bu insanlar haradan gedib vəkil tutacaqlar? Vətəndaş hüquqları ilə bağlı olan bu məsələlər hər birimizi ciddi şəkildə düşündürməli, narahat etməlidir. Elə etməliyik ki, hər rayonda ən azı 3 hakim, 4-5 vəkil olsun. Müraciət edənlərin hamısı vəkiliyyə qəbul olunsaydı belə, biz yenə də orta Avropa gösrtəricisində 20 dəfə geridə qalmış olacaqdıq. Ona görə də burada radikal qərarlar qəbul etmək lazımdır. Düşünürəm ki, 60 bal kifayət qədər yüksəkdir".

"Amnistiya haqqında hərtərəfli düşünülmüş qərar qəbul edə bilərik"

Millət vəkili həmçinin digər məsələlərdən də danışıb: "Oqtay müəllim, ola bilər ki, bəzi deputat həmkarlarımız söhbətlər zamanı bunu deyirlər, amma rəsmi iclaslarda bu məsələni qaldırmağı zəruri hesab etmirlər. Amma mən hər halda bunu zəruri hesab edirəm. Sərnişindaşımada, həm hava limanında, həm dəmiryolu vağzalında VİP salonlar var. Yəni VİP salondan xidmət haqqında Milli Məclis ayrıca qanun qəbul etməlidir. Bu ayrı-ayrı məmurların ixtiyarına verilməməlidir. Düşünürəm ki, millət vəkillərinə kifayət qədər hörmət nümayiş etdirilməlidir. Bəzi millət vəkilləri ailə üzvlərini belə gedib oradan qarşılaya, yola sala bilmirlər. Mütləq gərək sən özün də onlarla bərabər harasa gedəsən ki, o halda bu xidmətdən istifadə mümkün olsun. Bundan başqa ölkə prezidentinin sərəncamı ilə ayrı ayrı insanlar dövlət qarşısında xidmətlərin görə, yüksək orden və medallarla təltif olunublar. Milli Qəhrəmanlar var. Əmək qəhrəmanları haqqında biz ayrıca qanun qəbul etdik. Ən azı "İstiqlal" Ordeni, "Heydər Əliyev" Ordeni, "Şöhrət" Ordeni almış şəxslərin də bu VİP xidmətlərdən istifadə etmək hüququ var. Bəzi ölkələrdə millət vəkilləri növbəti dəfə seçilməsələr belə onların diplomatik pasportları saxlanılır və onlar ömürlərinin sonuna qədər o xidmətdən istifadə edə bilirlər. Bizim nazirlər və deputatlar üçün də bu hüquq tanınmalıdır.Yəni bir insan ölkədə nazir olubsa, millət vəkili olubsa o insana xüsusi diqqət və hörmət olmalıdır. İstəyərdim ki, bu məsələlərlə bağlı da biz yaz sessiyasında müvafiq qərarlar qəbul edək. Deputat həmkarımız Siyavuş Novruzov burada məsələ qaldırdı. Mən sonda o məsələyə də münasibət bildirmək istəyirəm. Düşünürəm ki, biz amnistiya haqqında qərar qəbul edə bilərik. Bu il yubileylər ilidir. Həm mərhum prezident Heydər Əliyevin 95 illiyi, mərhum prezident Əbülfəz Elçibəyin 80 illiyi, cumhuriyyətin 100 illiyidir. Ona görə də düşünürəm ki, belə bir amnistiya aktı qəbul etsək çoxsaylı insanı sevindirmiş olarıq. Əlbəttə mən o fikirlə razı deyiləm ki, amnistiya hamıya şamil olunmalıdır. Dövlət və şəxsiyyət əleyhinə xüsusilə ağır cinayət törətmiş şəxslər istisna olmaqla digər şəxslərə amnistiya tətbiq oluna bilər. Bu da o demək deyil ki, digər ağır cinayət törətmiş şəxslərin də hamısı azadlığa buraxılmalıdır. Onların da cəzaları da 1 il, 6 ay, qismən yüngülləşdirilə bilər. Azadlığa çıxmasına 1-2 il qalmış şəxslər azad oluna bilər. Hesab edirəm ki, biz, amnistiya haqqında hərtərəfli düşünülmüş qərar qəbul edə bilərik".

"Bu kifayət qədər ədalətsiz yanaşmadır"

"Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" qanunun layihəsi haqqında da danışan millət vəkili "düzdür bu texniki xarakterli dəyişiklikdir, amma bu norma ilə bağlı bir məsələyə münasibət bildirməyi zəruri hesab edirəm", - deyə vurğulayıb: "Biz, hətta texniki xarakter daşısa da belə hansısa bir normaya dəyişiklik ediriksə, o normaya yenidən nəzər yetirməliyik. Yəni əgər bu norma ilə bağlı dəyişiklik varsa, daha nələri dəyişmək olar. Məsələn, burada müdafiə olunan şəxs barəsində sosial müdafiə tədbirlərinin tətbiq edilməsindən danışılır. Cinayət işi üzrə istintaqın aparılmasına və ya məhkəmə icraatına kömək edən şəxs öldürülərsə - yəni dövlət onun müdafiəsini təmin edə bilmirsə və o şəxs dövlətin müdafiəsi altında olmasına baxmayaraq öldürülürsə ona birdəfəlik 110 manat məbləğində müavinət ödənilir. Onun arxasınca biz "Terrorçuluğa qarşı mübarizə haqqında qanunda" da dəyişiklik edəcəyik. Orada da qeyd olunur ki, terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs öldürülərsə, ona aylıq əmək haqqının 100 misli miqdarı məbləğində birdəfəlik müavinət ödənilir. Bu gün Azərbaycanda orta aylıq əmək haqqı təqribən 500 manatdır. Belə çıxır ki, terrorçuluğa qarşı mübarizə aparan şəxs öldürülərəsə ona birdəfəlik 50 min manat rüsum ödənilir. Amma tutaq ki, hər hansı bir cinayətin üstünün açılmasına kömək etmiş əsas şahid, yaxud cinayət haqqında məlumat vermiş şəxsə isə cəmi 110 manat verilir. Həmin şəxs cinayətkarlığa qarşı mübarizədə xəsarət alarsa ona 55 manat verilir, terrorçuluğa qarşı mübaizədə isə xəsarət alarsa ona orta aylıq əmək haqqının 90 misli verilir. Bu kifayət qədər ədalətsiz yanaşmadır. Ona görə ki, əslində cinayətkarlığa qarşı mübarizə həm də terrorçuluğa qarşı mübarizə deməkdir. Hər hansı cinayət istintaqını aparan orqan tərəfindən müdafiə olunan şəxs tutaq ki elə terrorçuluq haqqında istintaq orqanına məlumat verib ki, terror hadisəsi hazırlanır, yaxud hansısa terrorçu haqqında məlumat verib. Dövlət onu müdafiəyə götürür, amma sonda həmin şəxs öldürülür. Elə o şəxs də terroçuluğa qarşı mübarizədə ölmüş sayılır. Ona görə də mən, burada sadəcə olaraq məntiq görmürəm və hesab edirəm ki, biz bu məsələyə indi olmasa da yenidən qayıdıb mütləq bu ədalətsiz yanaşmanı aradan qaldırmalıyıq. Eynilə də "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" qanunda da qeyd eləməliyik ki, həmin şəxslər öldürülərsə onlara da orta aylıq əmək haqqının elə 100 misli miqdarında müavinət ödənilir".
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi barədə danışan millət vəkili "yəqin hörmətli həmkarlarım da müşahidə etdilər ki, Əli müəllim bu normanı oxuyanda çətinliklə üzləşdi", - deyə diqqətə çatdırıb: "Ona görə ki, cümlə düzgün qurulmayıb. Burada qeyd olunmalıdır ki, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy salmaqla çirkləndirilməsi. "Səs-küy salmaqla çirkləndiriliməsi" söz birləşməsi kimi düzgün deyil. Yəni burada əyləşənlərin hamısı bunu oxuyanda görürlər. Ona görə də xahiş edirəm ki, düzəliş nəzərə alınsın. Bir də hörmətli Fazil müəllim də qeyd elədi ki, vibrasiya və səs-küy salmaqla çirkləndirmə deyəndə söhbət təkcə küçələrdən getmir. Normada da bu qeyd olunmayıb ki, bu ancaq avtomobillərə aiddir. Şadlıq sarayları da bura aiddir. Amma çox təəssüf ki, bizim müvafiq icra hakimiyyəti orqanları bu normaya şadlıq saraylarında əməl olunmasına nəzarət eləmirlər. Nə baş verir? Çox vaxt insanlar tələb edirlər ki, müvafiq qanun qəbul olunsun. Hamımız toylarda iştirak edirik. Restoran sahibləri ya kondisionerləri tez söndürürlər ki, içəri isti olsun. Səs-küyü də çox edirlər ki, qonaqların hamısı maksiumum 1 saatdan sonra oradan qaçıb getsinlər. Bunlar da sifarişi qəbul ediblər 400 nəfərə, 1 saatdan sonra orada zalın yarısı boşalır. Bahalı yeməkləri də saxlayırlar ən axıra. Məsələn balığın 1 şişi 35 manatdırsa, bunu saxayırlar o vaxta ki, salonda daha az adan qalısın. Nümunə üçün deyirəm: Nəticədə 200 nəfərə balıq kababı verilir, amma toy sahibindən 400 nəfərin pulunu alırlar. Ya da kondisioneri söndürmürlər, camaatın boynu donur və onlar da məcbur olub zaldan tez çıxırlar. Səsi də o qədər uca edirlər ki... Xərçəng xəstəliyi son vaxtlar çoxalır. Mən mütəxəssis deyiləm. Bu baxımdan bilmirəm səsin, vibrasiyanın bu xəstəliin yayılmasında rolu var ya yox. Amma burada qeyd olunur ki, müəyyən olunmuş normalardan artıq olmaz. Düşünürəm ki, bununla bağlı restoranlar da yoxlanılmalıdır. Vaxtilə "Azadlıq" meydanında mitinqlər keçirilirdi. Cəmi 2 səsgücləndirici qoyulurdu və səs Şıxov çimərliyinə qədər gedirdi. Amma bir şadlıq sarayında bəzən 8 səsgücləndirici qoyulur. Əlbəttə orada insan dayana bilməz. İnsanın fiziki imkanları buna cavab vermir. Ona görə də düşünürəm ki, biz bu normanı qəbul ediriksə, müvafiq orqanlardan da tələb edək ki, nəhayət müvafiq orqanlar səsin, vibrasiyanın normasını şadlıq saraylarında da ölçsünlər, yoxlasınlar".