Azərbaycanın Fransadakı səfirliyi jurnalistləri diqqətli olmağa çağırıb Siyasət

Azərbaycanın Fransadakı səfirliyi jurnalistləri diqqətli olmağa çağırıb

"Eduard Qriqoryana konsulluq xidməti göstərilməyib"

"Əminliklə bildiririk ki, 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan hər hansı məsələ ilə bağlı səfirliyimizin Konsulluq şöbəsinə müraciət etməyib və ona tərəfimizdən konsulluq xidməti göstərilməyib".
Bu barədə Azərbaycanın Fransadakı səfirliyindən bildirib.
Səfirlik ölkə KİV-ni bu kimi məsələlərdə diqqətli olmağa və jurnalistikanın əsas prinsiplərinə əməl etməyə çağırıb: "Təəssüflə qeyd edirik ki, ölkəmizdə keçiriləcək prezident seçkiləri öncəsi Avropada, xüsusən də Fransada Azərbaycana qarşı kampaniya daha da geniş vüsət alıb. Sosial şəbəkə profilində heç bir fakta əsaslanmayan fikrin dəqiqləşdirmə aparılmadan tirajlanmasını təsadüf hesab etmirik. Fransada Azərbaycan Respublikasının imicinə zərbə vurmaq məqsədilə həyata keçirilən bu kampaniyada erməni diasporu ilə Fransadan siyasi sığınacaq almış Azərbaycan vətəndaşı statusu daşıyan şəxslər sinxron hərəkət edirlər".
Qeyd edək ki, Fransada yaşayan mühacir blogger Elnur Məcidli sosial şəbəkədə 1988-ci ildə Sumqayıt hadisələrinin təşkilatçısı sayılan Eduard Qriqoryanın hazırda Fransanın Orleans şəhərində ailəsi ilə birlikdə siyasi sığınacaq üçün müraciət etdiyini xəbər verib.
E.Məcidli yazıb ki, Qriqoryan Azərbaycanın Fransadakı səfirliyinə aparılaraq şəxsiyyəti təsdiqlənib, səfirlik tərəfindən ona şəxsiyyətinin təsdiqlənməsi ilə bağlı sənəd verilib.
Xatırladaq ki, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.
Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi olub. İğtişaşların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.
Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan olub.
Bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri Vladimir Kryuçkov da etiraf edib.
Eduard Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən öldürüb, 8 erməni qadını zorlayıb. Lakin erməni təşkilatları E. Qriqoryanı ağır cəzadan qurtara bilib. E. Qriqoryana 12 il iş verilib və o, bir neçə ildən sonra azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxs - azərbaycanlı Əhməd Əhmədov isə Moskvada keçirilmiş məhkəmənin hökmü ilə güllələnməyə məhkum edilib və hökm icra olunub.
2015-ci ilin yanvar ayının 9-da E.Qriqoryanın 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib.
Ermənilər bu gün də Sumqayıt hadisələrindən öz məqsədləri üçün yararlanmağa davam edirlər.



"Türkiyə qoşunlarını Suriyadan geri çəkməlidir"


"Bu yaxınlarda Rusiya, Türkiyə və İran liderlərinin Ankarada keçirilən üçtərəfli görüşü Astana razılaşmasının nəticəsidir. Bu razılaşma həmin üç ölkə arasında koordinasiyanı vacib edir".

Bu sözləri Qoşulmama Hərəkatının aralıq nazirlər konfransında iştirak etmək üçün Bakıda səfərdə olan Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri deyib.
B. Cəfəri bildirib ki, Astana razılaşmasına əsasən Türkiyə Suriyanın İdlib vilayətinə monitorinq və terror birləşmələrinə nəzarət məqsədilə ancaq yüngül silahla təchiz olunmuş polis qüvvələri göndərməli olduğu halda, qoşun göndərib, bu da razılaşmanın şərtlərini pozur: "Ümid edirik ki, Suriya ərazisindən qoşunlarını geri çəkməsi üçün üçtərəfli mexanizm çərçivəsində Türkiyə hökumətinə gərəkli təzyiq göstəriləcək. Türkiyənin Afrin əməliyyatı Suriya ilə bağlı BMTTəhlükəsizlik Şurasının qərarları və Qoşulmama Hərəkatının prinsipləri baxımından hərbi təcavüzdür".