“İsrail İranı hədəf alarkən ancaq özünün təhlükəsizliyini düşünür” Siyasət

“İsrail İranı hədəf alarkən ancaq özünün təhlükəsizliyini düşünür”

"Hamı özünü düşünür, bu həyatda da belədir, siyasətdə. İsrail yenidən İranı müharibə ilə hədələyir. Əsas iddiası da odur ki, əlindəki kəşfiyyat məlumatları İranın nüvə çalışmalarının heç də sülhməqsədli olmadığını, beynəlxalq aləmin gözündən uzaq "işlərlə" məşğul olduğunu göstərir. Bu iddialara Amerika inandı, Avropa qitəsi və digər ölkələr isə o qədər də inanmadı. Çünki İsrailin İranı hədəf aldığını hamı bilir və Tel-Aviv heç zaman Tehrana inanmayıb". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, İsrail İranı hədəf alarkən ancaq özünün təhlükəsizliyini düşünür, İrana zərbə nəticəsində bunun bölgəyə hansı fəlakətlər gətirəcəyini əsla diqqətə almır: "Bu bölgə üçün həm hərbi, həm iqtisadi, həm də humanitar fəlakətə yol açacaq. Gözümüzün qarşısında İraq, Liviya və Suriya nümunəsi var. Müharibənin başlaması ehtimalı Azərbaycanın da maraqlarına əsla cavab vermir. İran Azərbaycanın qonşusu və iqtisadi layihələrdə tərəfdaşıdır. Azərbaycanın İsraillə də bəlli əlaqələri var, neft satıb silah alırıq. Ona görə də tərəfdaşlarımız arasındakı gərginliyin Azərbaycana mümkün təsirləri ola bilər. 2000-ci illərin ortalarını xatırlayın, İran nüvə çalışmalarını davam etdirərkən İsrail və Amerika bu dövləti raket zərbələri ilə hədələyirdi. İrandakı bəzi dairələr də bizi hədələyirdilər ki, bəs "Siz Amerikanın və İsrailin tərəfdaşısınız, ona görə də düşmənlərimiz sizin torpaqlardan istifadə edəcəklər". Nə qədər and-aman etsək də ki, Azərbaycanın hansısa dövlətlə münasibəti üçüncü dövlətə qarşı yönəlməyib, inanmadılar. Vəziyyəti qəlizləşdirən İsrailin bəzi nəşrlərinin İrana mümkün zərbədə Azərbaycanın hava məkanından istifadə etməsini yazmaları idi. Sanki qəsdən Azərbaycan-İran münasibətlərini daha bir az gərginləşdirirdilər. Nəhayət İranla böyük dövlətlər razılığa gəldilər və Tehrandakı mərkəzlər bizdən əl çəkdilər. İndi yenə vəziyyət əvvəlki duruma gələ bilər".

"Azərbaycan regionda ən sabit və demokratik bir ölkədir"

"Avropa Şurası Parlament Assambleyası (AŞPA) bir təşkilat kimi müstəqil və liberal qərarlar vermir ya da vermək istəmir. Ona görə ki, AŞPA və digər bəzi beynəlxalq təşkilatlar sanki öz statusuna uyğun hərəkət etməyərək hansısa bir lobbi təşkilatlarının təsiri dairəsinə düşərək onların sifarişlərini yetirə yetirməklə məşğul olurlar. Bilirsiniz bu cür beynəlxalq əhəmiyyətli və ciddi bir təşkilatların belə lobbi təşkilatları ilə təmasda olması və onların sifarişlərini yetirnə yetirməsi tək Azərbaycan üçün təhlükə yaratmır". Bunu politoloq Ramiz Alıyev deyib. Onun sözlərinə görə, bu bütün Avropa ölkələri və bu ölkələrlə əməkdaşlıq edən ölkələr üçün də xoşagəlməz məqamlar ortaya qoyur: "Əslində mən onu deyə bilərəm ki, ölkəmizə qarşı belə bir kampaniya hər bir azərbaycanlını təəssüfləndirdiyi kimi həm də ölkə vətəndaşlarını düşündürür. Dünyaya demokratiya dərsi keçməyə çalışan bu cür beynəlxalq təşkilatlar niyə hansısa lobbilərin təsir dairəsinə düşərək qərəzli və məkirli oyunların iştirakçısı olurlar. Göründüyü kimi Azərbaycan regionda ən sabit və demokratik bir ölkədir. Seçki olur və əhali bu seçkilərə heç bir maneə olmadan gedərək öz dəstəklədiyi şəxsə səs verir və onu dəstəklədiyini açıq şəkildə bəyan edir. Xalq öz milli liderini seçirsə və onu dəstəkləyirsə heç bir beynəlxalq təşkilatın nə hüququ, nə də haqqı yoxdur ki, xalqın seçiminə səhvdir desin. Biz Azərbaycan xalqı olaraq heç bir təşkilata bu haqqı verməmişik və vermirik də".