“Qanunvericiliyin təkmilləşdirilməsi...” Siyasət

“Qanunvericiliyin təkmilləşdirilməsi...”

Adil Qeybulla: "Qeydiyyatdan keçməmiş dərmanların ölkədə bazara ayaq açmasının qarşısını almağa hesablanıb"

Azərbaycanda dərman vasitələrinin dövlət qeydiyyatı ilə bağlı dəyişiklik edilir. Bu barədə məsələ "Dərman vasitələri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanuna təklif edilən dəyişikliyə əsasən, dövlət qeydiyyatı məqsədilə dərman vasitələrinin və həmin dərman vasitəsinin istehsalında istifadə edilən dərman maddəsinin (dərman substansiyasının) nümunələrini ölkə ərazisinə qanunvericiliklə müəyyən edilən miqdarda müvafiq icra hakimiyyəti orqanı, istehsal və ya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr, xarici istehsalçının Azərbaycandakı yerli nümayəndəliyi və ya yerli nümayəndəliyi olmadığı halda xarici istehsalçının müvəkkil etdiyi şəxs idxal edə bilər.
Hazırda qanunda belədir ki, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir.
Qanunun 8-ci (Dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti) maddəsinə də dəyişiklik edilir.
Belə ki, maddəyə yeni bənd əlavə edilir. Bəndə əsasən, dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələri, dərman vasitələrinin qeydiyyat vəsiqəsinin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin təhlükəsiz şəkildə istifadəsinin təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq farmakonəzarət üzrə işləri həyata keçirir və bu sahə üçün məsul şəxs təyin edir.
Qanunun 14-1-ci (Bioloji fəallığa malik qida əlavələri) maddəsinə də
yeni-14-1.6 bəndi əlavə edilir.
Bioloji fəallığa malik qida əlavələrinin əmtəə adı və əmtəə nişanı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınan dərman
vasitəsinin əmtəə adı və əmtəə nişanı ilə eyni ola bilməz.
Qanunun 16-cı (Dərman vasitələri haqqında informasiyanın yayımlanması) maddəsinə yeni - 16.5-ci bəndi əlavə olunur.
Bənddə qeyd olunur ki, müalicə-profilaktika müəssisələrinin farmakonəzarət üzrə məsul şəxsləri, dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin əlavə təsirləri və digərə əlaqədar problemləri barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.
Mövzu haqda fikirlərini açıqlayan tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, qanunvericiliyə ediləcək dəyişikliklər dərman bazarında baş alıb gedən xaosun aradan qaldırılmasına yönəlsə, biz hamımız ondan fayda görərik: "Bildiyiniz kimi, bu sahədə problemlər var. Hüquq mühafizə orqanları qeydiyyatdan keçməyən xeyli sayda dərman aşkar ediliblər. Həmçinin həmin dərmanların kimlər tərəfindən yazılması faktları var. Düzdür, qeydiyyata dərman şirkəti məsuliyyət daşıyır. İstənilən halda, qanunvericiliyin təkmilləşdirilməsi qeydiyyatdan keçməmiş dərmanların ölkədə bazara ayaq açmasının qarşısını almağa, qanunda olan boşluqları doldurmağa hesablanıb. Demək ki, hazırkı qanunvericiliklə belə halların qarşısını almaq mümkün olmur. Müəyyən məqamlar bu cür dərmanların Azərbaycan dərman bazarına daxil olmasın şərait yaradır".