“Kitabımda sübut olunub ki... Siyasət

“Kitabımda sübut olunub ki...

Həsən Həsənov: "Azərbaycan müstəqil dövlət kimi "Adorbayqan" adı ilə e.ə 612-ci ildə yarananda ermənilərin izi-tozu belə yox idi"

Mayın 17-də Moskvada M.İ. Rudomino adına Ümumrusiya Xarici ədəbiyyat Kitabxanasında Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun "Makedoniyalı İsgəndər və Atropat" adlı kitabının təqdimat mərasimi keçirilib.
APA-nın Moskva müxbiri Həsən Həsənovla kitabın yaranması, mahiyyəti və Rusiya elmi cameəsinin münasibəti barədə söhbət edib.
Müəllif bildirib ki, kitab təkcə Makedoniyalı İsgəndərin dövrü ilə məhdudlaşmır: "Əsər iki dövrü əhatə edir. İsgəndərə qədərki dövr və İsgəndərin hakimiyyətdə olduğu dövr. Hazırda dünya tarixində belə bir konsepsiya mövcuddur ki, Azərbaycan bir dövlət kimi bizim eradan əvvəl (b.e.ə) 321-ci ildə, Makedoniyalı İsgəndərin imperiyasının süquta uğraması nəticəsində yaranıb. Bu barədə tarixçi Strabon yazıb. Əksər tarixçilərdə bu, şübhə oyatmayıb. Mənim tədqiqatım isə deməyə imkan verir ki, dəqiqləşmə aparaq. Əslində, Strabonun dedikləri düzdür. Lakin burada bir məqam var. Onun qeyd etdiyi kimi e.ə 321-c ildə Azərbaycan adlı ölkə yaranmayıb, məhz bərpa olunub. Bu, Azərbaycan dövlətçiliyinin yaranmasının ikinci mərhələsi olub. Ona görə də mənim kitabımın ilk hissəsi məhz ilk Azərbaycan dövlətinin nə vaxt yaranması haqqındadır. Özlərini tarixçi kimi qələmə verən bir sıra diletantlar Azərbaycan adlı dövlətin tarixdə mövcud olmadığını bildirirlər. Guya bu dövlət 1918-ci ildə yaradılıb. Bu fikirlər məişət səviyyəsində olan fikirlər olduğuna görə əslində heç tənqidə də yaramır".
H. Həsənovun fikrincə, Azərbaycan adı Atropatena dövlətinin adının ərəb dilində olan versiyasıdır: "Kitabımın birinci hissəsində e.ə VII əsrdə yaranan Atropatena dövlətindən bəhs olunur. E.ə IX-VII ərslərdə Azərbaycanın yerləşdiyi regionda, ön Asiyada, Cənubi Qafqaz, İran, Suriyavə Anadolu yarımadasında dəyişikliklər baş vermişdi. Həmin dövrdə bu ərazilərə indiki Krım yarımadasında kimerlər, müasir Qazaxıstanın şimal ərazisində yaşamış skiflər və cənub hissəsində yaşamış saklar axın etməyə başlayıblar. Bu dövrdə yuxarıda qeyd olunan ərazilərdə Assuriya imperiyası hegemonluq edirdi. 673-cü ildə vavilonlar, skiflər və midiyalılar üsyan qaldırırlar. Onlar Assuriyaimperiyasının hegemonluğuna son qoymağa nail ola bilməsələr də, həmin ərazidə iki dövlətin yaranmasına nail ola bilirlər. Assuriyaqaynaqlarında qeyd olunur ki, indiki Azərbaycan ərazisində, Araz çayının şimal hissəsində yeni yaradılan dövlət Aşruz adlanırdı. Müasir Azərbaycan Respublikası ərazisində skiflər tərəfindən yaradılan birinci dövlətin adı Aşruz olub. Digər dövlət isə Midiya idi. E.ə 673-cü ildə bu dövlətlər yaranan zaman tarixdə nə Persiya, nə də Ermənistan adında dövlət olub.
Assuriya dövləti getdikcə zəifləməyə, Midiya və Aşruz dövlətiləri isə güclənməyə başlayır. Midiya təklikdə Assuriyaya hücum edir. Bu zaman Aşruz dövlətinin rəhbəri Midiyanın başçısının ölkədə olmamasından istifadə edərək ölkəni ələ keçirir. Assuriya çarı Midiyaya canişin təyin edir və həmin canişinə Assuriya titulu verilir. Tarixi qaynaqlarda bu titul Arbat və ya Orbay adlanır. Herodotun yazdığına görə, həmin gündən etibarən skiflərin regionda 28 illik hökmranlığı başlayır. 615-ci ildə Vavilon canişini həmin Arbata Assuriya asılılığından çıxmağı təklif edir. Arbat razılaşır. Skif-vavilon ittifaqı 3 il Assuriya ilə müharibə edir. E.ə 612-c ildə bu ittifaq Assuriyaya qalib gəlir, süquta uğradır və Arbat regionda bir nömrəli şəxsə çevrilir. İndi görün nə baş verir? Deməli, Assuriyaimperiyasının parçalanması nəticəsində Atropatena adında dövlətin yaranmasını iki mənbə xəbər verir. Birinci mənbə Suriya xronikasıdır ki, "Karxi de Bet Selox" adlanır. Bu mənbədə yazılır ki, Arbat Azərbaycan adında dövlət yaradıb. İkinci mənbə isə IV əsr Roma tarixçisi Ammian Martsellindir. O isə yazır ki, Atropatena adında dövlət məhz Assuriya imperiyasının süquta uğraması nəticəsində yaranıb. Maraqlısı və heç cür izan olunmayanı odur ki, Sovetlər İttifaqı dövründə Ammian Martsellin tərcümə olunanda onun dedikləri bu sözlər tərcümə olunmayıb. Martsellini Piqulevskaya soyadlı tarixçi tərcümə edib, lakin onun məqaləsi tirajlanmayıb. Elm adamlarına, tarixçilərə bu iki mənbənin - Suriya xronikası "Karxi de Bet Selox" və Ammian Martsellinin dediklərinə istinad etməyə Sovetlər İttifaqı dövründə qadağa qoyulub. Kim bu qadağanı qoyub, bilmərəm. Fakt odur ki, bütün tarixçilər Strabona istinad ediblər. "Karxi de Bet Selox"-da deyilir ki, həmin dövrdə yaranan dövlətin adı məhz Adorbayqan olub. Beləliklə, biz iki mühüm tarixi mənbəyə istinad edərək deyə bilirik ki, Azərbaycan Makedoniyalı İsgəndərin imperiyasından sonra deyil, daha 250 il əvvəl, Assuriyaimperiyasının süquta uğraması nəticəsində yaranıb. Bu iki mənbədən başqa, daha dörd avropalı tədqiqatçı da bu haqda deyir. Ammian Martsellin ölkənin adının necə yaranmasını izah etmir. "Karxi de Bet Selox"-da isə Adorbayqan adının necə yarandığı izah olunur. Deyilir ki, ölkəni Arbatın şərəfinə adlandırıblar. Ad-arbat-ena (yer məkan bildirən), ad-orbay-qan. Linqvistikada buna metateza deyilir. Yunan qaynaqlarında "Atropatena" kimi gedib deyə, əksər tarixçilər belə yazırlar".
H. Həsənov ermənilərin Azərbaycanın heç vaxt müstəqil dövlət kimi mövcud olmadığı barədə dediklərinə diqqət çəkib: "Ermənilər deyir ki, Azərbaycan heç vaxt müstəqil dövlət kimi mövcud olmayıb, Fars imperiyasının tərkibində əyalət olub. Lakin mənim kitabımda sübut olunub ki, Azərbaycan müstəqil dövlət kimi "Adorbayqan" adı ilə e.ə 612-ci ildə yarananda ermənilərin izi-tozu belə yox idi. Azərbaycan adlı dövlətin yaranışından 90 il sonra Ermənistanın adı fars mənbələrində Fars imperiyasının əyaləti kimi keçir. Onların bizi ittiham etdiyi məqam, əslində onların özünə aiddir. Bu kitabda Azərbaycanın Qafqazın ən qədim dövləti olduğu sübut olunub. Azərbaycan adında dövlətin ömrü cəmi 27 il olub. Bu müddətdən sonra isə Midiya imperiyasının, Fars imperiyasının tərkibində olmuşuq.
Deyirlər ki, Azərbaycan coğrafi məkanın adıdır. Bu adda xalq olmayıb. Xatırladım ki, bütün dövlətlərin adı coğrafi anlayış kimi meydana gəlir. Persiya sözü də coğrafi anlayış kimi meydana gəlib. Polibiy e.ə II əsrdə yazır ki, Atropatena dövlətinin xalqı "atropati" adlanırdı. Bizim eranın I əsrində məşhur Plutarx deyirdi ki, Atropatena dövlətinin xalqı atropatenalı adlanır. Strabon da, bizim eranın IV əsrində yaşamış Rufi Fest Avien də Atropatena dövlətinin xalqının atropaten adlandığını deyib. İndi fikir verin, 600 il ərzində Atropatena dövlətinin xalqı azərbaycanlı adlanıb. Bütün bunlar tarixi sənədlərdə, mənbələrdə öz əksini tapıb. Mən, bunların heç birini özümdən demirəm. Bu kitabda bir cümlə belə öz fikrim yoxdu, bütün faktlar tarixi mənbələrə əsaslanır".
H. Həsənov Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun kitabın təqdimatı mərasiminə nümayəndə göndərməməsinə də aydınlıq gətirib: "Səfirlikdən İnstituta zəng olunub, onları kitab təqdimatına dəvət ediblər. Onlar isə bildiriblər ki, Həsən Həsənovun mövqeyi dünya elminə ziddir. Dünya elmi notarial məntəqə deyil ki?! Hər hansı alimin fikri dünya elminin tərkib hissəsidir. Dava əslində Atropatena tarixində deyil. Kitabda sübut olunur ki, Atropatena dövlətini türkdilli skiflər yaradıblar. Dava bunun davasıdır. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ələkbərov soyadlı (Ələkbər Ələkbərov - red.) direktor müavini var. Baxın, o, Atropatenanın türkdilli skiflər tərəfindən yaradıldığını etiraf eləmir. Belə düşünürəm ki, Şərqşünaslıq İnstitutunun əməkdaşları həm də Azərbaycan dövlətinin Ermənistan və Fars dövlətlərindən əvvəl yarandığını etiraf etmək istəmirlər".