“Cumhuriyyətin qurulması türk dünyası üçün önəmli hadisədir” Siyasət

“Cumhuriyyətin qurulması türk dünyası üçün önəmli hadisədir”

"Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) qurulması türk dünyası üçün çox önəmli hadisədir".
Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik quruluşdur: "Bu Cümhuriyyətin yaranması bir çox insanda fikirləri dəyişib, bu həm Şərqdə, həm də Qərbdə belə olub. O zamana qədər Şərqə demokratiyanı, müstəqilliyi layiq görməyənlər demokratiyanın gerçəkləşdiyinin, cümhuriyyətin qurula biləcəyinin şahidi oldular. Eyni şəkildə Şərq dünyası üçün də bir cümhuriyyət fikri ortaya atılmış oldu".
Səfir deyib ki, Azərbaycanla Türkiyə Cümhuriyyətinin quruluşları bir-birinə çox yaxındır: "Aralarında 5 il var, Azərbaycan Xalq Cümhuriyyətindən 5 il sonra Türkiyə Cümhuriyyəti elan edildi. Təəssüf ki, AXC cəmi 23 ay müstəqil dövlət ola bildi və cumhuriyyətin qurucuları mühacirət etmək məcburiyyətində qaldılar, Türkiyəyə gəldilər. Onlar Türkiyə Cümhuriyyətinin qurulmasına dəstək verdilər. Dolayısı ilə AXC-nin qurulmuş olması Türkiyə Cümhuriyyətinin önündəki yolu da açdı. Bu baxımdan biz qalıcı olduq, bu zamana qədər davam edə bildik. 5 il sonra da biz cümhuriyyətin 100 ilini qeyd edəcəyik. Əminliklə deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Şərq dünyası üçün, bütün dünya üçün çox önəmli bir hadisə oldu".
Səfir qeyd edib ki, Türkiyədə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlı arxiv materiallarının Azərbaycana gətirilməsindən əvvəl görülməsi vacib olan iş bunların araşdırılması və ortaya çıxarılmasıdır. Erkan Özoralın sözlərinə görə, tarixçilər bu məsələnin üzərində işləyirlər: "Bunlar Osmanlının arxivləri də ola bilər, Azərbaycandan getmiş arxiv materialları da ola bilər. Bunlar ortaya çıxarılsın, qiymətləri verilsin, nə olduqları dəyərləndirilsin, ondan sonra hara gedəcəksə, getsin. Amma ən vacib məsələ bu materialların bir bütün olaraq dünyaya tanıdılması və göstərilməsindir. Bu əsərlərin üzərində çalışıb tarixi ortaya çıxarmaq və böyük bir kitab halına gətirmək lazımdır. Bütün üçün hamı üzərinə nə düşərsə, etməlidir".