“Radikal cərəyanların düşüncəsi çox primitivdir” Siyasət

“Radikal cərəyanların düşüncəsi çox primitivdir”

Arzu Nağıyev: "Digər ölkələrdən transfer olunan dini cərəyanların arxasında heç də hər zaman xoş niyyət və məramlı qüvvələr dayanmır"
Hacı Şahin Həsənli: "Dini maarifləndirmə sahəsində kompleks tədbirlər görülməlidir"
Bu gün dini məsələlərlə bağlı bir sıra narahatlıq doğuran problemlər var. Dini fanatizm, cəhalət, xarici qüvvələrin idarə etdiyi radikal cərəyanlar Azərbaycanın milli və dövlətçilik maraqlarını təhdid edir. Belə olan təqdirdə Azərbaycan dövləti dini maarifçilik işini necə təşkil etməlidir? Cəhalətin, radikalizmin qarşısının alınması üçün hansı addımdarın atılmasına ehtiyac var?
Tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənli deyir ki, Azərbaycanda möhkəm tolerantlıq ənənələri var. Onun fikrincə, ölkəmizdə məzhəblər və dinlər arasında heç zaman qarşıdurma olmayıb: "Azərbaycan nadir ölkələrdəndir ki, müxtəlif məzhəblərə mənsub olan insanlar həmişə dinc şəraitdə yaşayıblar. Onların arasında hər hansı münaqişə olmayıb və bu, bizim böyük dəyərimizdir. Unikal din-dövlət münasibətləri modeli var. Din həmişə birləşdirici faktor olub. Bu gün təəssüflər olsun ki, bunu pozmağa cəhd göstərən radikal təfəkkürlü insanlar, qruplaşmalar var. Ölkəmizdə bu qruplaşmaların hər hansı ciddi sosial bazası yoxdur. Belə təfəkkürə malik olan insanların sayı olduqca azdır. Sadəcə olaraq onlar öz fəaliyyətlərini genişləndirmək istəyirlər. Bəzi hallarda da insanların din sahəsində olan məlumatlarının azlığından istifadə edib onları yanlış istiqamətlərə yönəldirlər. Bu gün dinin rolu yüksəkdir. Namaz qılıb-qılmamasından, dini ayinləri icra edib-etməməyindən asılı olmayaraq xalqımız dinə hörmətlə yanaşır. Sovet dövründə uzun müddət dini dəyərlərdən uzaq düşmüşük, din sahəsində keyfiyyətli təhsil olmayıb, bunun da nəticəsində bu sahədə boşluq yaranıb. Bu boşluğu kimlərsə kənardan doldurmaq istəyir".
Hacı Şahin Həsənli bildirib ki, dövlətin təhlükəsizlik baxımından bu sahəyə nəzarəti, dini mühitdəki radikal elementlərin qarşısının alınması vacibdir. Onun sözlərinə görə, bəzən müxtəlif dini təriqətlər mühitdən istifadə etməyə çalışırlar: "Radikal cərəyanların düşüncəsi çox primitivdir. Bu da məlumatsız insanları təsirinə ala bilir. Zənnimcə, dini maarifləndirmə sahəsində kompleks tədbirlər görülməlidir. İnsanların maarifləndirmə səviyyəsi yüksəldikcə radikallaşma meylləri zəifləyir. Öz dinimizə sahib çıxmarıqsa, kənardan kimlərsə "din" adı ilə yanlış fikirlər təbliğ etməyə çalışacaqlar. KİV-lərdə dini bilgilər verilməli, dini məzmunlu, mənəvi mövzuları əhatə edən verilişlər olmalıdır. İnsanlarla bilavasitə təmasda olan din xadimləri gənclərin İslam haqqında düzgün təsəvvürlərinin formalaşmasında müstəsna rolları var. Onlar da gərək öz moizə və xütbələrində elmi mövzulara üstünlük versinlər, müsəlmanların məzhəblər arasında qardaşlıq və vəhdət mövzularını daha çox qabartsınlar. Radikallıq əleyhinə olan dini təbliğat güclənməlidir".
Analitik Arzu Nağıyev isə diqqətə çatdırdı ki, dinlə bağlı məsələlər əsasən yas mərasimlərindən və cümə namazlarından başlanır: "Yəni harada ki, əsasən dinlə bağlı söhbətlər və moizələr söylənilir. Bu mərasim və toplantılarda Quranın surə və ayələrindən düzgün misallar gətirmək, hədislərdən səlist danışmaq ən vacib məsələlərdən biridir. Deməli, bunun üçün tək Quranı bilmək yox, həm də nitq qabiliyyətinə, danışıq tərzinə, siyasi savada da yiyələnmək önəmli məsələdir. Bildiyiniz kimi bu yaxınlardan Qafqaz Müsəlmanları Dini İdarəsi və Dini işlər üzrə Dövlət komitəsinin birgə təşəbbüsü ilə din xadimlərinin təkmilləşdirmə kursları təşkil edildi, ilk buraxılışı oldu və bu artıq öz effektini verməkdədir. İkinci bir vacib məsələ hər bir dini icmanın öz internet və ya sosial şəbəkədə səhifəsinin olmasıdır. Şəffaflıq üçün bu sosial şəbəkələrdə din xadimləri haqqında bütün şəxsi məlumatlar, savad aldığı dini məktəb və ali kurslar haqqında məlumatlar, dini icmanın mərasim keçirməsi haqqında qiymətlər, maliyyə xərclərinin də dərc edilməsi vacib məsələlərdən biridir. Çünki, məzhəb ayrı-seçkiliyi də əsasən bəzi din xadimlərinin savadsızlığının təzahüründən doğur. Bundan başqa inkişaf etmiş dövlətlərdə olduğu kimi, tək cümə namzları vaxtı deyil, digər vaxtlarda da dini mövzuda seminarların, əhali ilə İslam Universitetinin məzunları, müəllimləri, tanınmış dinşünasların görüşlərinnin keçirilməsi də mühüm məsələlərdən biridir.
Digər ölkələrdən transfer olunan dini cərəyanların arxasında heç də hər zaman xoş niyyət və məramlı qüvvələr dayanmır. Bu cərəyanların öz siyasi, maddi və mənəvi maraqlarının olması, hər hansı xüsusi xidmət orqanları ilə əlaqələri də istisna deyil. Məhz buna görə də dinlə bağlı təbliğat və təşviqat ilərinə önəm verilməlidir, kütləvi informasiya vasitələrində, əsasən televiziya və sosial şəbəkələrdə izahat işləri daha da genişləndirilməlidir".
İlahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu "dəhşətli haldır ki, 21-ci əsrdə bir insan digər insanın əqidəsini təftiş edir və onunla eyni dini görüşə sahib olmadığı təqdirdə, qətlinə hökm çıxarır",- deyə vurğulayıb: "Beləliklə də, din cəmiyyətdə sülh və əmin-amanlığı, sabitliyi, asayişi təmin etmək əvəzinə, belələrinin əlində zorakılıq, qarşıdurma və təxribatçılıq alətinə çevrilir. Bu isə, bütövlükdə milli təhlükəsizliyimizi təhdid edir".
Bir müddət əvvəl ölkədə dini radikalizmə qarşı aparılan geniş kampaniyanın şahidi olduğuzu vurğulayan Elşən Mustafaoğlu "Ekstremist təmayüllərin qarşısının alınması istiqamətində aparılan bu kampaniya və görülən bu tədbirlər təqdirəlayiq idi",- deyə bildirib: "Amma son vaxtlar sanki bu kampaniya səngiyib. Doğrudur, ara-sıra müxtəlif bəyanatların şahidi oluruq, amma məsələ bəyanat müstəvisindən daha ciddi olduğundan, dini radikalizm və ekstremizmə qarşı mübarizə də ardıcıl və davamlı xarakter daşımalıdır. İraqda baş verən son hadisələr artıq bunu zərurətə çevirir. Gizli deyil ki, ölkəmizi də İraq və Suriyaya çevirmək istəyənlər var. Bu qara niyyətlərin qarşısında bütün cəmiyyətimiz əl-ələ verib birləşməli, dindən sui-istifadə hallarının qarşısını almalı, məkrli planları alt-üst etməlidir. Dövlətimizin varlığı, dinimizin saflığı, və cəmiyyətimizin sabitliyi naminə".
İlahiyyatçı, Fəlsəfə Üzrə Fəlsəfə Doktoru Elmir Quliyev
deyib ki, düzgün dini maarifləndirmə islamın siyasiləşdirilməsi prosesini dayandırmağa və dini radikalların mövqeyini kifayət qədər zəiflətməyə qadirdir: "Lakin müsəlman dünyası Qərbdə bərabərhüquqlu tərəfdaş kimi qəbul edilməyincə, müsəlmanlarla qarşılıqlı münasibətlər "ikili standart" əsasında qurulduqca o, gözlənilən nəticəni verməyəcək. Amerika tədqiqatçısı Karolin Flüyer-Lobanın etiraf etdiyi kimi, Qərbdəki mühafizəkar müşahidəçələrin bir hissəsi ondan narahatdır ki, soyuq müharibəyə son qoyulacağı təqdirdə kommunizm təhlükəsi öz yerini islam təhlükəsinə verə bilər. Demək olar ki, onların bu ehtimalı özünü doğrultdu. Onların fikrincə, baxmayaraq ki, Qərbin sakinləri "islam dirçəlişinin təhlükəsindən", onun gətirəcəyi gerilikdən tam əminliklə danışırlar, onlar hələ indiyə qədər islam və müsəlmanlar haqqında təməli olaraq heç nə bilmirlər.
Buna görə də dini maarifləndirmə müsəlman ölkələrindəki konfliktlərin sosial, iqtisadi və digər səbəblərin aradan qaldırılması proqramının ayrılmaz bir hissəsi olmalıdır. İslamın da elə xristianlıq və buddizmdə olduğu kimi, hətta qloballaşma şəraitində belə öz mövqelərini qoruyub saxlamağa və möhkəmləndirməyə kifayət edən ideolji və sosial bazası var. Bizim fikrimizcə, mənəviyyatla instiktin hökmranlığı arasında qarşıdurma kəskinləşdikcə əxlaqi bir dünyagörüşü sistemi nizamlayıcı və mədəniyyət yaradan amil olan dinə ehtiyac daha güclü hiss olunmağa başlayacaq. Qloballaşma dövründə dinin hansı səviyyədə - mötədil, yaxud radikal olacağı bu problemə yanaşmanın konstruktivlik dərəcəsindən asılıdır".
Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirir ki, radikal islamçılar müxtəlif dövlətlər tərəfindən maliyyələşdirilir: "Ərəb ölkələri, xüsusi ilə də Səudiyyə Ərəbistan sələfiləri, vəhhabiləri maliyyələşdirirlər. Yəni, bütün radikal islamçıların bu gün daha çox ərəb ölkələri, xüsusi ilə Səudiyyə Ərəbistan tərəfindən idarə olunduğu deyilir. Ancaq Suriya məsələsində radikal islamçı adına İran da bəzi işlər gördü. Dünyanın diqqətinə radikal islamçıları gözdən salmaq üçün İran öz maliyyələsi ilə bu cür əməliyyatlar həyata keçirə bildi. Bu gün Suriyanın daxilində sünni dövlətini yaratmaq üçün ərəb ölkələrinin marağı var. Ona görə də radikal islamçılar adına böyük maliyyələrlə müxtəlif ölkələrdən gəncləri cəlb edirlər. Təssüf ki bunların içərisində Azərbaycandan olan gənclər də var. Bu gənclər peşəkar terroçular kimi hazırlanır. Ondan sonra döyüşə buraxılırlar. Lakin müəyyən müddətdən sonra həmin insanlar öz ölkələri üçün potensial təhlükə deməkdir. Çünki, onları idarə edən insanlar istənilən vaxtı həmin ölkələrdə terror hadisələrini törətmək imkanını əldə edəcəklər. Ona görə də nəinki dövlət, bütövlükdə cəmiyyət bu məsələyə həssas yanaşmalıdır. Əks təqdirdə biz belə problemlə qarşılaşa bilərik. Azərbaycanın da bu gün ən böyük silahı məhz stabillikdir. Terror hadisələri Azərbaycanda törədilmir. Stabilliyi qorumaq, belə təhlükəli faktorları zamanında cəmiyyət olaraq neytrallaşdırmaq üçün hamı çalışmalıdır".

Əli