“Son 6 ayda 618 məhkum həbsdən azad edilib” Siyasət

“Son 6 ayda 618 məhkum həbsdən azad edilib”

"Azərbaycan prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamının icrası ilə əlaqədar dekriminallaşdırma və cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib".
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə. Hüseynli bildirib ki, bu məqsədlə qəbul edilmiş qanunla Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib, 15 cinayət dekriminallaşdırılıb, 3 cinayət əməlinə görə məsuliyyət yaradan hədd 5 dəfə artırılıb.
Komitə sədrinin sözlərinə görə, bundan əlavə, 36 cinayətə görə sanksiyada nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının həddi azaldılıb: "52 cinayətə zərərçəkmiş şəxslə barışma, ziyanın ödənilməsi və dövlət büdcəsinə (ziyanın 1 və ya 2 mislində) ödəniş edilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə imkanı müəyyən olunub. Həmin qanunun tətbiqi ilə əlaqədar 2017-ci il dekabrın 1-dən 2018-ci il mayın 30-dək məhkəmələrdə 6000-ə yaxın şəxs barəsində işə baxılıb.
Onlardan 601 şəxs cinayət məsuliyyətindən, 618 məhkum azadlıqdan məhrumetmə cəzasından, 885 məhkum azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalardan azad edilib, 1662 məhkumun azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılıb, 204 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib.
Hazırda həmin qanunun tətbiqi ilə əlaqədar məhkəmələrin icraatında 700-ə yaxın işlərə baxılmaqdadır. Ümumilikdə bu qanunun tətbiqi nəticəsində əlavə olaraq yüzlərlə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad ediləcəyi, yüzlərlə məhkumun isə vəziyyətinin digər formada yüngülləşdiriləcəyi proqnozlaşdırılır.
Bundan başqa, cənab prezidentin yuxarıda qeyd edilən sərəncamında nəzərdə tutulmuş tövsiyələrə uyğun olaraq məhkəmə və ibtidai istintaq orqanları tərəfindən həbs qətimkan tədbirinin seçilməsi hallarının azaldılması üçün tədbirlər görülüb. Nəticədə son bir il ərzində əvvəlki dövrlə müqayisədə həbs edilmiş şəxslərin sayı 24%, həbs müddətinin uzadılması barədə təqdimatların sayı isə 33% azalıb.
Bununla yanaşı, cənab prezident tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə 2018-ci il 24 may tarixində imzalanmış sonuncu sərəncamına əsasən əfv edilmiş 634 məhkumdan 607-si azadlıqdan məhrumetmə cəzasından azad edilib ki, bu da dövlət başçısının humanist prinsiplərinin tərkib hissəsidir".
Ə. Hüseynli qeyd edib ki, cəzaların humanistləşdirilməsi ilə bağlı qanunun tətbiqi amnistiya səviyyəsində olan prosesdir: "Amnistiya ilə bağlı qanunları da qəbul edərkən rəqəmlər təxminən buna oxşar olurdu. Beləliklə, birmənalı şəkildə demək mümkündür ki, cənab prezidentin bir il əvvəlki sərəncamına əsasən, qanunun tətbiqi ilə bağlı vəziyyət təxminən "Amnistiya haqqında" qanunun tətbiqinə bərabərdir. Bununla da, cəzaların humanistləşdirilməsi ilə bağlı qanunun tətbiqini amnistiya səviyyəsində qiymətləndirmək mümkündür".