“Paşinyan hədəf olaraq xalqı göstərir” Siyasət

“Paşinyan hədəf olaraq xalqı göstərir”

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun cinayət məsuliyyətinə cəlb olunmasını KTMT-nin nüfuzuna dəyən "nəhəng zərbə" kimi qiymətləndirir. Rusiya prezidentinin administrasiyasından mətbuata sızdırılan məlumata görə, Moskvanı sabiq prezident Robert Köçaryanın həbsindən daha çox KTMT-nin baş katibinin cinayət məsuliyyətinə cəlb edilərək həbs olunması, daha sonra isə girovla azadlığa buraxılması qıcıqlandırıb və Kreml baş verənlərə sərt reaksiya vermək niyyətindədir. Doğrudur, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan rəhbərliyinin ünvanına yumşaq da olsa müəyyən iradlar səsləndirib. Bəzi ekspertlər Sergey Lavrovun yumşaq xəbərdarlığının onun Ermənistanın hakimiyyətə küçədən gələn baş naziri ilə bağlı daha əvvəlki mövqeyindən qaynaqlandığını bildirirlər. Belə yanaşmalarda qeyd olunur ki, Ermənistanda baş verən hadisələrdən sonra Sergey Lavrov Nikol Paşinyanla işləməyin mümkünlüyü barədə ehtimallarını irəli sürüb və yeni baş nazirlə danışıqların aparılması təşəbbüsü ilə çıxış edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BAXCP sədrinin müavini, siyasi ekspert Elçin Mirzəbəyli bildirib. Onun sözlərinə görə, Paşinyanın son addımları bu təşəbbüslərin özünü doğrultmadığını və Moskvanın Ermənistandakı maraqlarını zərbə altında qoyduğunu sübuta yetirib. Sergey Lavrovun son bəyanatının nisbətən yumşaq notlarla, bir az da incik xarakterli olması onun daha əvvəlki mövqeyi ilə mövcud reallıqdan irəli gələn situasiyaya sərt keçid edə bilməməsi ilə əlaqələndirilir. Buna baxmayaraq, Lavrovun bəyanatından sonra həm Rusiya ekspertləri, həm də bu ölkənin kütləvi informasiya vasitələri kifayət qədər fəallaşıblar.
Ekspert qeyd edib ki, son günlər Nikol Paşinyanın və onu dəstəkləyənlərin ünvanına səslənən ittihamların sayı və sərtlik dərəcəsi kifayət qədər artıb. Xaçaturovun girov qarşılığında azadlığa buraxılması da, çox güman ki, Nikol Paşinyanın vəziyyətinin kritik həddə çatdırmaqdan çəkinməsi ilə bağlıdır. Ermənistanın baş nazirinin həyacanlı şəkildə əhalini avqustun 17-nə təyin edilmiş mitinqə dəvət etməsi və onlardan israrla, az qala yalvararaq dəstək istəməsi də onun Moskvanın açıq xəbərdarlığından narahat olması ilə əlaqəlidir. Ermənistan mətbuatında, xüsusilə də yeni hökumətə yaxın kütləvi informasiya vasitələrində Nikolun mitinqə çağırışını Sergey Lavrovun bəyanatına cavab, hətta Rusiyaya müharibə elan edilməsi kimi təqdim edildiyini deyən Elçin Mirzəbəyli deyib: "Bunun nə dərəcədə real olduğunu söyləmək çətin olsa da, Nikol Paşinyanın Rusiyanın maraqlarına qarşı siyasət yürütdüyü göz önündədir. Rusiyanın bəzi dairələrinin Paşinyanı "kökə" ilə əməkdaşlığa cəlb etmələri, müxtəlif təxribatlarla ümidləndirmələri, tələm-tələsik kreditlə ayırdıqları silah sursat və hərbi texnikanı Ermənistana göndərmələri effektiv nəticə verməyib. Əgər Moskvada rəsmi İrəvanın Rusiyanın təsir dairəsindən çıxmağa çalışdığını anlayıblarsa, o zaman avqustun 17-də Paşinyanın arzuladığı nəticəni görməyəcəyini söyləyə bilərik.
Hələlik isə Kreml Paşinyana ən yaxşı halda nələrin baş verəcəyini xatırladır. Məsələn, "Komersant" qəzetinin Rusiya prezidenti administrasiyasındakı mənbəyə istinadən yaydığı məlumata görə, Ermənistan Rusiyanın ayırdığı kreditin ikinci hissəsini – "İskander – E" raketləri və "SU-30SM" qırıcılarının alınması üçün nəzərdə tutulmuş 100 milyon dolları almaya bilər".
Siyasi ekspert qeyd edib ki, Moskvada Paşinyanın atdığı addımların Rusiyaya qarşı siyasi gediş olmadığını, onun qisasçılıq hisslərindən qaynaqlandığını iddia edənlər də var. Bu qəbildən olan təhlillərdə, Paşinyanın 2008-ci ilin mart ayında baş verən hadisələrdən sonra məhz Robert Köçaryanın göstərişi ilə həbs olunduğunu xatırladırlar. Yuri Xaçaturovun da həmin dövrdə İrəvan qarnizonuna rəhbəri olduğu və Paşinyanın həbsində bilavasitə iştirak etdiyi bildirilir.
Paşinyanın son davranışlarına ən sərt münasibəti isə politoloq Aleksandr Duqinin sərgilədiyini vurğulayan Elçin Mirzəbəyli əlavə edib ki, A.Duqinin qənaətinə görə, Rusiyanın, sadəcə erməni dövlətçiliyinə qarant olmadığını söyləməsi yetərlidir ki, vəziyyət proqnozlaşdırılması mümkün olmayan həddə çatsın. Əgər biz yalnız bir anlıq, bir saniyəlik KTMT və Avrasiya İqtisadi İttifaqı üzrə müttəfiqlərimizin müdafiəsini unutsaq, düşünürəm ki, Dağlıq Qarabağın taleyi üçün də sayılı günlər qalacaq.
Elçin Mirzəbəyli deyib: "Göründüyü kimi, Duqin kifayət qədər sərt və açıq mesajlar verir. Bu mesajların rəsmi Moskvanın açıqlanmayan mövqeyini nə qədər ifadə etdiyini söyləmək çətin olsa da, Rusiyanın siyasi elitasında belə bir yanaşmanın formalaşdığını yəqinliklə söyləmək olar.
Hələliksə diqqət Nikol Paşinyanın Sergey Lavrovun bəyanatından bir neçə saat sonra sosial şəbəkələr vasitəsi ilə Ermənistan vətəndaşlarını mitinqə çağırması faktına və avqustun 17-də keçirilməsi nəzərdə tutulan aksiyanın daşıdığı siyasi yükə yönəlib. Paşinyan Lavrova mitinqdə cavab vermək istəyir. Ermənistan mediası da bu ehtimalı təsdiqləyir. Məqsəd isə Lavrova Ermənistanın siyasi hakimiyyətinin deyil, guya erməni xalqının cavab verdiyini təmin etməkdir. Bu isə Nikolun bir hökumət başçısı kimi siyasi məsuliyyətdən və idarəçilikdən anlayışının olmadığını, ziddiyyətləri və fikir ayrılıqlarını Rusiya-erməni xalqı müstəvisinə çəkmək istədiyini təsdiqləyir. Paşinyan hədəf olaraq onu küçələrdən hakimiyyətə gətirən xalqı göstərir. Bu isə çox güman ki, ilk növbədə onun özünə baha başa gələcək".