“Aprel hadisələrindən sonra Rusiya müəyyən fəallıq göstərirdi” Siyasət

“Aprel hadisələrindən sonra Rusiya müəyyən fəallıq göstərirdi”

Zaur Məmmədov: "Lakin Paşinyanın hakimiyyətə gəlişilə danışıqlara hələlik ara verildi"

"Rusiyanın bölgədə nüfuzu və təsir imkanları bəlli məsələdir. Soçi görüşündə bir çox məsələlərə toxunuldu. Əsas məsələlər iqtisadi, humanitar və hərbi sahə ilə bağlı idi". Bu fikirləri politoloq Zaur Məmmədov "Xalq Cəbhəsin"ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi də iki ölkə başçısı tərəfindən müzakirə olundu: "Biz bilirik ki, aprel hadisələrindən sonra Rusiya müəyyən fəallıq göstərirdi və masa üzərində işğal olunmuş rayonlardan bir neçəsinin qaytarılması məsələsi vardı. Lakin Ermənistanda Paşinyanın hakimiyyətə gəlişindən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlara hələlik ara verilmişdi. Ermənistanda seçkilər may və yaxud iyun ayına qədər təxirə salınıb. Bu onu göstərir ki, yaya qədər, yəni 1 il ərzində danışıqlarda hər hansı nəticə olması az inandırıcıdır. Rusiya Azərbaycan münsaibətləri isə inkişaf edirdi. Ermənistanda baş verən hadisələrdən sonra bu münasibətlər daha da inkişaf etməyə başladı".
Politoloq Nəzakət Məmmədova deyib ki, Azərbaycan və Rusiya prezidentləri arasında baş tutmuş görüş son illərin ən əhəmiyyətli görüşüdür: "Səfərin tarixi, imzalanmış sənədlər və müzakirə edilmiş məsələlər bir sıra baxımdan diqqət cəlb edir". Onun sözlərinə görə, bu görüş ikitərəfli münasibətlər, region və qlobal məsələlər üçün də önəmlidir: "Dünyada və regionda gedən proseslər fonunda bu görüşə diqqət böyük idi. Çünki Rusiyaya görə, regionun 3 dövlətindən ikisi – Ermənistan və Gürcüstan ona xəyanət edib. Artıq Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olması perspektivləri müzakirə edilir. Ermənistandakı vəziyyət də məlumdur. Ermənistanın yeni hakimiyyəti Rusiyanı ölkə ərazilərindən çıxarmağa çalışır. Bununla da, Rusiyanın regiondakı nüfuzu hissediləcək dərəcədə azala bilər. Belə bir vəziyyətdə Rusiyanın əsas dayaq nöqtəsi balanslı siyasət yürüdən, öz milli marasqlarından çıxış edərək bütün güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıq edən və onların maraqlarını da öz maraqları ilə uzlaşdıran Azərbaycanın mövqeyidir.
Başqa sözlə, Ermənistan və Gürcüstan Rusiyadan uzaqlaşır, yaxın günlərdə də Almaniya Kansleri Angela Merkel regiona səfərə gəldi. Beləliklə, bölgədə gedən geosiyasi proseslər fonunda Azərbaycanla əməkdaşlıq etmək və Prezident İlham Əliyevin səfəri Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Regionun gələcəyi və burada ayrı-ayrı siyasi qüvvələrin nə qədər uzalaşacağı Azərbaycanın mövqeyindən asılı olacaq".
Nəzakət Məmmədova səfərin Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinə təsirlərindən də danışıb: "Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan öz ordusunu modernləşdirir və bu məqsədlə də Rusiyadan 5 milyard dollar həcmində silah alıb. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan gözləntilərimiz var. Məlumdur ki, Rusiya münaqişədə açar fiqurdur. Buna görə də, Prezident İlham Əliyevin səfərindən sonra münaqişənin həll prosesində Azərbaycanın xeyrinə olan dəyişikliklərin baş verəcəyi istisna deyil.
Digər yandan, rusiyalı strateqlər Rusiyanın Türkiyə və İranla münasibətlərində Azərbaycanı açar ölkə adlandırırlar. Hazırda Yaxın Şərq və bölgədə gedən proseslər Rusiya, Türkiyə və İranı bir-birinə yaxınlaşdırıb. Ortaq tarixi, mədəni, milli, iqtisadi və siyasi dəyərlər baxımından, Azərbaycan bu ölkələrin münasibətlərində körpü rolunu oynayır.
Eyni zamanda, Azərbaycan Şimal-Cənub Dəhlizində böyük rol oynayır. Putin də qeyd etdi ki, Qərbi Avropa, Yaxın Şərq və Cənubi Asiya bölgələri arasında ticarət dövriyyəsini əhatə edəcək bu xəttin böyük hissəsi Rusiya və Azərbaycandan keçəcək. Demək ki, Azərbaycan bu arealda yerləşən dövlətlərin inteqrasiyasında rol oynayan mühüm bir strateji coğrafiyadır. Nəzərə alsaq ki, İrana qarşı sanksiyalar tətbiq edilir, buna görə də Azərbaycanın bölgədə birləşdirici rol oynaması, beynəlxalq münasibətlər sistemində oynadığı mühüm roldur".
Politoloq Rusiya Xarici işlər naziri Sergey Lavrovun Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlı sədlənirdiyi fikirlərə də diqqət çəkib:
"Lavrov dedi ki, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, ölkəsində baş verən proseslərlə bağlı məlumat verməlidir. Bu o deməkdir ki, Rusiya Paşinyanı hesabat verməyə çağırır. Moskva onu fakt qarşısında qoyacaq.
Yəni, Paşinyan Rusiyaya hesabat verməyə çağırılır, Azərbaycan Prezidenti İlham Əliyev isə müstəqil bir dövlətin başçısı kimi Rusiyaya səfər edir və yüksək səviyyədə qarşılanır. Bu iki səfər hansı ölkənin hansı statusda olduğunu açıq formada göstərdi. İlham Əliyev Soçidə ikitərəfli münasibətlərə dair sənədlərə imza atmışdısa, Nikol Paşinyan ölkəsində baş verənlərin hesabatını, izahını verəcək.
Başqa sözlə, Prezident İlham Əliyevin Rusiya səfəri ikitərəfli münasibətlərin inkişafına və regional münasibətlərdə sabitliyin yaradılmasına xidmət edir".
Politoloq Ramiyə Məmmədova bildirib ki, Prezident İlham Əliyevin Soçiyə səfəri hazırkı dünya siyasəti kontekstində çox mühüm hadisə kimi dəyərləndirilməlidir: "Dövlət başçımız ABŞ-ın və bir sıra digər ölkələrin Rusiya ilə bağlı yürütdüyü siyasət fonunda bu müqavilələri imzalamaqda Azərbaycanın balanslı siyasət kursunun doğruluğunu bir daha göstərdi". O qeyd edib ki, hazırda Gürcustan və Ermənistanda baş verən siyasi sabitsizlik zamanı Moskva Cənubi Qafqazda yalnız Azərbaycanla dərin münasibət qurmağa çalışır və dialoq aparır:
"Biz bunu Xəzəryanı ölkələrin sammitində konvensiyanın imzalanması zamanı da müşahidə etdik. Bu da iki dövlət arasında münasibətlərin nə dərəcədə yüksək səviyyədə olmasından xəbər verir. Prezidentlərin Soçidə keçirdikləri görüş zamanı verdikləri birgə bəyanatı, mühüm istiqamətləri əhatə edən normativ-hüquqi sənədlərin imzalanmasını 2024-cü ilədək iki dövlət arasında ikitərəfli və regional münasibətlərin gələcəyinin əsas prinsipləri kimi qəbul etmək olar.
Əlbəttə, imzalanan sənədlər iqtisadi və siyasi baxımdan mühüm əhəmiyyət kəsb etdiyi kimi geosiyasi proseslərin gələcəyi və yeni dünya nizamının formalaşması baxımından da əhəmiyyətlidir".
Politoloq bildirib ki, imzalanan sənədlər gələcək illər ərzində iki dövlət arasında münasibətlərin xarakterini müəyyən edir: "Qarşıdakı 5 il ərzində münasibətlərin keyfiyyətcə fərqli səviyyəyə çatması da mümkündür. Bu illərdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 5 milyarddan 10 milyard dollara yüksələ bilər".
R.Məmmədova əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli də Rusiya-Azərbaycan münasibətlərində mühüm çəkiyə malikdir:
"Rusiya Prezidenti Vladimir Putin "Biz ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi bu münaqişənin sülh yolu ilə nizamlanmasına mümkün qədər səy göstərəcəyik" bəyanatı verməsi və son zamanlar Ermənistanda nümayiş olunan anti-Rusiya əhval-ruhiyyəsi Azərbaycana xal qazandırır. Biz Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə yardım edəcəyinə ümid edirik.
Bundan əlavə, Rusiya ilə Azərbaycan arasında dinamik inkişaf edən əlaqələr Cənubi Qafqazda sabitliyə kömək edəcək. Bu isə öz növbəsində regionda aktual olan problemlərin həllinə də yardımçı ola bilər".