“Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişafına çox böyük xidmət göstərir” Siyasət

“Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişafına çox böyük xidmət göstərir”

"Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo" Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti baş tutdu. Heç şübhəsiz ki, bu sammit türkdilli ölkələr arasında bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir". Bunu millət vəkili Elman Nəsirov deyib. Onun sözlərinə görə, əsası 2009-cu ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasında qoyulan bu struktur öz keçirdiyi sammitlərini hər dəfə elə məsələlərə həsr edir ki, bu nəticə etibarilə üzv dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi mənafeyinə xidmət göstərir: "Məsələn, 2011-ci ildə Alma-Ata-da keçirilən sammitdə ilk növbədə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri gündəmdə saxlanıldı. Daha sonra Qəbələdə keçirilən tədbirlərdə nəqliyyat sahəsində əməkdaşlıq məsələləri gündəmdə saxlanıldı. Eyni zamanda digər sammitlərdə daha çox informasiya təhlükəsizliyi məsələləri, mədəni əlaqələrin inkişafı məsələləri diqqət mərkəzində saxlanılıb. Bu dəfə keçirilən sammitdə isə əsas məsələ məhz idman siyasəti ilə bağlı idi. İdman sahəsində əməkdaşlığın genişləndirilməsi nəticə etibarilə üzv dövlətlər arasında əlaqələrin daha da inkişafı mənafeyinə xidmət göstərir.
Məsələyə bu konteksdə yanaşdıqda Azərbaycanın bu təşkilat çərçivəsində təşkilatın daha da inkişafı nöqteyi-nəzərindən xidmətləri kifayət qədər böyükdür. Türkiyə Prezidenti də xüsusi vurğuladı ki, Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişafına çox böyük xidmət göstərir, eyni zamanda təşkilatın inkişafına çox böyük töhfələr verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də bu sammit çərçivəsində çıxışı oldu. Dövlət başçısı çıxışında qeyd etdi ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyəti nəticə etibarilə üzv dövlətlər arasında əməkdaşlıq mühitinin genişlənməsinə gətirib çıxarıb. Biz elə etməliyik ki, bu əməkdaşlıq daha da inkişaf etsin. Xüsusilə də bizi narahat edən məsələlərdə biz bir-birimizin yanında olmalıyıq və bir-birimizə dəstək verməliyik. Cənab Prezident bu konteksdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti cəlb etdi. Göstərdi ki, bu münaqişənin nəticəsi olaraq Ermənistan Azərbaycanın tarixi mədəni abidələrini dağıdıb, etnik təmizləmə siyasəti həyata keçirib, əcdadlarımızın qəbirlərini məhv edib, bir milyondan artıq bizim qaçqın və məcburi köçkünümüz var və hələ də 20 faiz torpağımız işğal altında qalmaqdadır. İndiyə qədər də BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı 4 qətnamə icra olunmur. Bu sammitlərin keçirilməsi nəticə etibarilə ona gətirib çıxarır ki, həm iqtisadi, nəqliyyat, mədəni, həm də idman, gənclər siyasəti sahəsində və s. əməkdaşlıq üçün geniş imkanlar yaranıb. Bunun daha da inkişaf etdirilməsi bütün tərəflərin mənafeyinə xidmət göstərir".