Bakıda möhtəşəm hərbi parad keçirilib Siyasət

Bakıda möhtəşəm hərbi parad keçirilib

Sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 100 illiyi münasibətilə hərbi parad və nümunəvi çıxışlar keçirilib.
Azadlıq meydanında bu münasibətlə keçirilən paradda, Azərbaycan Prezidenti İlham Əliyev, Türiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də xarici ölkələrdən yüksək rəsmi qonaqlar, Azərbaycan və Türkiyənin hökumət nümayəndələri iştirak ediblər.
Prezident İlham Əliyevin çıxışında öncə dəvətini qəbul edib Azərbaycana gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana öz dərin təşəkkürünü bildirib: "Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan və Türkiyə vətəndaşlarını ürəkdən təbrik etmək istəyirəm. Azərbaycanın rəmzlərindən biri olan Azadlıq meydanından bütün türk bacı-qardaşlarımıza səmimi salamlarımı, sevgimi, məhəbbətimi çatdırıram..."
Prezident Azərbaycan xalqını tarixi gün münasibətilə – Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə təbrik edib, Türkiyə və Azərbaycan xalqlarına daim inkişaf, tərəqqi arzulayıb: "Bildirmək istəyirəm ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir".
Sonra çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: "Əvvəla, Azərbaycanın müstəqilliyi üçün canlarını fəda edən bütün şəhidlərimizi ehtiramla anırıq, onlara Allahdan rəhmət və ruhlarının şad olmasını diləyirəm. Onlar fədakarlıqları və cəsarətləri ilə özlərindən sonra nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazaraq, Türkiyə və Azərbaycanın əbədi qardaşlığının da rəmzi oldular. Biz dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkəyik. Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir..."
Paradda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları tribuna önündən keçid edib. Daha sonra isə Azərbaycan Silahlı Qüvvələrininin arsenalında olan hərbi texnikaların keçidi olub. Eyni zamanda 1918-ci ilin Qafqaz İslam Ordusu uniformasında süvari və piyadalar şəhərin mərkəzinə doğru yürüş ediblər. Süvari və piyada dəstələri eləcə də, o dövrün toplarından ibarət karvan, şəhərin mərkəzinə doğru irəliləyərək Qız Qalası önündən keçib.
Parad böyük şəhər ictimaiyyəti tərəfindən izlənibdir. Qeyd edək ki, paradda iştirak etmək üçün Türkiyə Silahlı Qüvvələrinin bölmələri də Azərbaycana gəlib. Paradda Azərbaycan Ordusunun son illər arsenalına daxil olan yeni hərbi texnikalar, silah sistemləri, o cümlədən Türkiyədən satın alınmış yeni silahlar, artilleriya vasitələri, hərbi texnikalar da keçib ediblər.
Paradda Azərbaycan Hərbi Dəniz Qüvvələri və Dövlər Sərhəd Xidməti Sahil Mühafizəsinin gəmiləri də dənizdən dəstək veriblər. Azərbaycan hərbi aviasiyasının döyüş helikopterləri Bakı səmasında uçuşlar ediblər.
Beynəlxalq ekspert Tamerlan Vahabov deyib ki, Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın "Bu gün Türkiyə Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır" fikirləri böyük anlam kəsb edir. Onun sözlərinə görə, bu gün Azərbaycan-Türkiyə münasibətləri hər zaman olduğu kimi yüksək səviyyədədir: "Türkiyə Azərbaycanın strateji tərəfdaşdır. Eyni zamanda burada tək proqmatik münasibətlər deyil, həm də mədəni, iqtisadi münasibətlər və s. həmişəki kimi yüksək səviyyədədir. Ona görə də Türkiyə hər zaman beynəlxalq, regional səviyyədə Azərbaycanın yanında olub. Həmçinin mədəni əlaqələrin də burada əhəmiyyəti az deyil. Hər şey göz önündədir. Bütün bu bağlantılar Türkiyə ilə Azərbaycan arasında özünü bir neçə iqtisadiyyat, sahibkarlıq və digər sahələrdə də büruzə verir".
T.Vahabov bildirib ki, Ərdoğanın paradda çıxışı həmçinin dünyaya bir mesajdır: "Türkiyə-Azərbaycan münasibətləri kimi başqa dünyada heç bir ikitərəfli, çoxşaxəli münasibət yoxdur. Bunun analoqu yoxdur. Azərbaycan regionda, bölgədə tək deyil. Çünki onun müttəfiqləri var. Bu müttəfiqlərin əməkdaşlığı nəticəsində ortaya qoyulan layihələr Ermənistanı düşündürməlidir".
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov isə deyib: "Bakının daşnak-bolşevik qaragüruhundan azad edilməsinin 100 illik yubileyi münasibətilə keçirilən parad Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını, əbədiliyini bir daha bütün dünyaya nümayiş etdirdi". O bildirib ki, Paradda Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı 15 sentyabr gününün qardaş ölkələr üçün əzəmətinin, böyük əhəmiyyətinin təsdiqi olmaqla, həmin tarixi qələbəni bizlərə ərmağan etmiş şanlı Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərinə sonsuz minnətdarlığın ifadəsi idi.
C.Xəlilovin sözlərinə görə, 1918-ci ilin 15 sentyabrında ölkəmizin paytaxtını düşmən qüvvələrdən təmizləməklə onun türk-müsəlman əhalisini real məhvolma təhlükəsindən qurtarmış Türkiyə və Azərbaycan hərbçilərinin rəşadəti nəsillərə nümunədir: "Bu gün Azərbaycan Pespublikası Silahlı Qüvvələrində xidmət edən əsgər və zabitlər öz sələflərinin igidlik, mərdlik yolunu inamla davam etdirirlər. Paradda nümayiş etdirilən yüksək hərbi-texniki hazırlıq, həqiqi peşəkarlıq, qardaşlıq duyğularından doğan coşqu onu izləyənlərə 100 il əvvəlki ovqatı təkrar yaşatdı. Öz ordusu ilə haqlı yerə qürur duyan, onun gücünə, qüdrətinə güvənən xalqımız Azərbaycan əsgərinin Ermənistan hərbi hissələrinin işğalı altında olan torpaqlarımızı tezliklə azad edəcəyinə inanır. Azərbaycan Pespublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyevin gündəlik qayğısı və diqqəti ilə güclənən, döyüş qabiliyyəti artan Ordumuzun son iki ildəki uğurları bunun birmənalı təsdiqidir".
Təşkilatın sədr müavini qeyd edib ki, yüksək səviyyədə hazırlanaraq keçirilən Bakının qurtuluşunun 100 illiyinə həsr edilmiş parad həm də Azərbaycan-Türkiyə birliyinin ötən əsrin əvvəllərindəki xilaskarlıq missiyasının 100 il sonra Qarabağda təkrarlana biləcəyi barədə dünyaya, xüsusilə ermənilərə ünvanlanmış mesajı oldu.
Millət vəkili Tahir Rzayev də Bakıda keçirilən möhtəşəm paradla bağlı fikirlərini bölüşüb: "Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100 illiyinin təmtəraqlı şəkildə keçirilməsi olduqca əhəmiyyətlidir". Millət vəkili bildirib ki, 15 sentyabr Azərbaycan tarixində müqəddəs səhifədir: "Bu, həm də Azərbaycan və Türkiyə qardaşlığının əyani sübutudur. Bu tarix bir daha onu sübut edir ki, Azərbaycan-Türkiyə qardaşlığı tarixi köklərə söykənir. İki ölkə arasında qardaşlıq münasibətlərinin tarixi çox qədimdir. Azərbaycan da, Türkiyə də tarixən təqyiqlərə məruz qalıb. Azərbaycan həmişə Türkiyənin, Türkiyə isə Azərbaycanın yanında olub. Bunun nəticəsidir ki, 1918-ci ildə də Bakının köməyinə məhz Türkiyə çatdı".
T.Rzayevin sözlərinə görə, 15 sentyabr tarixi Azərbaycan üçün də, Türkiyə üçün də çox əhəmiyyətli tarixdir:
"Bakıda böyük paradın keçirilməsi Azərbaycan-Türkiyə qardaşlığının əyani sübutudur. Biz bununla həm də bütün dünyaya bəyan edirik ki, bütün tədbirlərdə Azərbaycan Türkiyə ilə birlikdədir. Bütün dünyada Türkiyə və Azərbaycan prezidentləri eyni fikirlə, eyni mövqe ilə çıxış edirlər. Bu iki ölkəni birgə mənafelər birləşdirir. Azərbaycanla Türkiyənin qardaşlığı digər türkdilli dövlətlərə, millətlərə də örnək olmalıdır".
YAP Pirallahı rayon təşkilatı sədri Hikmət Şikarovun fikrincə isə, dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycanı iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə tarixi yaxınlıq və eyni milli dəyərlər birləşdirir. Bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında dinamizm meyilləri müşahidə olunub. Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb. Ölkələrimiz regionda sarsılmaz dostluq və qardaşlıq formatı yaradıblar.
O bildirib ki, bu gün Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak işğalçılarından azad olunmasından 100 il ötür:
"1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəmnində müstəsna əhəmiyyət daşıyan böyük hadisə idi. Çünki Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana gələn əsgərlər heç bir təmənna güdmədən canlarını, qanlarını Azərbaycan xalqının yolunda fəda edərək Azərbaycana dövlət qazanmaq yolunda şans verdilər. Bu tarixi hadisə bu il daha böyük coşqu ilə bütün ölkə ərazisində qeyd olunur və xatırlanır".
Sədr qeyd edir ki, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının zəfər günü kimi qiymətləndirilən 15 sentyabr 1918-ci il tarixindən ötən 100 illik yolun sarsılmazlığı və əbədiliyi isə bu gün keçirilən Hərbi Paradla bütün dünyaya nümayiş etdirildi:
"Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən Hərbi Parad Azərbaycanın hərbi potensialının nə qədər böyük olduğunun bariz göstəricisidir. Bu əlamətdar gün xatırlandıqca Azərbaycan-Türkiyə qardaşlığı da hər zaman yaşayacaqdır. Çünki 15 sentyabr 1918-ci il tarixi qardaşlığın qələbə çaldığı gündür".