“Paşinyan Qarabağ faktorundan istifadə etməyə çalışır” Siyasət

“Paşinyan Qarabağ faktorundan istifadə etməyə çalışır”

Şair Ramaldanov: "Cəmiyyətin fikirlərini sosial problemlərin həlsizliyindən yayındırmaq istəyirlər"


"Düşünürəm ki, bu, çox vaxtında edilən xəbərdarlıqdır. Bundan düşmən gərək nəticə çıxarsın. Əgər nəticə çıxarmasa, Azərbaycan Silahlı Qüvvələri mümkün hər hansı bir təxribatı əvvəlcədən qabaqlayıb onun qarşısını alacaq". Bu sözləri "dqr"in aviasiya təlimlərinə qarşı Müdafiə Nazirliyindən edilən xəbərdarlığa münasibət bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, bu gün Ermənistanda Paşinyanın gündən-günə aşağı düşən nüfuzunu ört-basdır etmək üçün erməni rəhbərliyi yenə də Qarabağ faktorundan istifadə etməyə çalışır:
"Qarabağ kartını əldə tutaraq, daxili auditoriyanın, cəmiyyətin fikirlərini sosial problemlərin həlsizliyindən yayındırmaq istəyirlər. Paşinyan hakimiyyətə gələndə verdiyi vədləri yerinə yetirə bilməməsini Qarabağ məsələsi ilə ört-basdır etmək niyyətindədir. Onun bu addımı Qarabağda olan vəziyyəti gərginləşdirir və o, bu gərginliyə cəmiyyətin diqqətini cəlb etmək, daxili problemlərdən yayınmaq və hakimiyyətinin ömrünü uzatmaq məqsədi daşıyır".
Polkovnik qeyd edib ki, beynəlxalq qurumların Ermənistana etdiyi bütün çağırışlara, müraciətlərə baxmayaraq, Paşinyan danışıqlardan yayınmaq üçün addımlar atır:
"Çünki onlar danışıqlara gedəndə konkret hansısa təkliflərlə çıxış etməlidir. Bundan yayınmaq üçün hazırda Ermənistan tərəfi müəyyən istiqamətlərdə təxribat törətməyə çalışır. Cənab Prezident öz çıxışında bu təxribata diqqət çəkdi və Azərbaycan Silahlı Qüvvələrinin bu yaxınlarda təmas xəttində erməni təxribatının qarısını qəti şəkildə aldığını qeyd etdi".
Polkovnik vurğulayıb ki, Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli təlimləri ilə öz niyyətlərini bir daha sübut edir:
"Xatırlayırsınızsa, onlar bir dəfə də belə uçuşlar etmişdilər. Və nəticədə bizim Silahlı Qüvvələrimiz tərəfindən onların helikopterləri vurulmuşdu. İndi də təbii ki, Müdafiə Nazirliyindən onların yenidən belə təlimlər keçirilməsinə edilən xəbərdarlıq çox yerində bir qərardır. Müdafiə naziri Zakir Həsənov özü də bu məsələdə çox həssasdır, ona görə də hər zaman bu tipli məsələlərə ciddi yanaşır. Təmas xəttində olan bütün bölmələr yüksək döyüş vəziyyətindədirlər və lazım olan əlavə tədbirləri görüblər. Ona görə də MN belə xəbərdalıq edir ki, təmas xəttində, cəbhə bölgəsində bizim bölmələrə yaxın düşmən tərəfindən hər hansı bir təxribat yaranarsa, qarşı tərəf dərhal neytrallaşdırılacaq. Onlar bu addımı atsa, Azərbaycan Silahlı Qüvvələrinin gücünü hiss edəcək, həmin uçan aparatlar vurulacaq, həmin bölmələr də darmadağın ediləcək. Ona görə Azərbaycan tərəfi bu xəbərdarlığı edib".
Polkovnikin sözlərinə görə, ermənilərin təlim keçirmək istədikləri məkan Azərbaycan əraziləridir:
"Hətta Dağlıq Qarabağa aid əgər status müzakirəsi varsa, Dağlıq Qarabağ ətrafındakı 7 rayona heç bir iddia ola bilməz və Azərbaycan bu ərazidə istənilən addımı gerçəkləşdirə bilər. Bu ərazilərdəki düşmən uçuş aparatları da məhv edilə bilər. Ona görə də MN belə sərt çıxışlarla Ermənistana öz xəbərdarlığını edib və əvvəlcədən də ola biləcək təxribatlar nəticəsində itkilər və digər vəziyyətə görə bütün məsuliyyətin işğalçı qüvvələrin üzərinə düşdüyünü bəyan edib".
Qeyd edək ki, Dağlıq Qarabağ separatçıları bu gündən etibarən hərbi aviasiyasının təlim uçuşlarını həyata keçirəcəkləri ilə bağlı məlumat yayıb. Bildirilir ki, təlim uçuşları sentyabrın 28-nə qədər davam edəcək. Bununla əlaqədar Müdafiə Nazirliyi bu gün bəyanat yayıb. MN bəyan edib ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi dərhal neytrallaşdırılacaq və baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.