“Rusiyanın siyasətində müəyyən dəyişikliklər ola bilər” Siyasət

“Rusiyanın siyasətində müəyyən dəyişikliklər ola bilər”

Putinin Azərbaycana səfəri zamanı iqtisadi, ticari əlaqələrlə yanaşı, bölgədə baş verən hadisələr də əsas müzakirə mövzusu olub.
siyasi elmlər doktoru Hatəm Cabbarlı belə deyib.
Onun sözlərinə görə, son zamanlar bölgədə və dünyada hadisələr sürətlə cərəyan edir: "Dünyanın müxtəlif yerlərində yaşanan hadisələr bir şəkildə bölgəmizə və ölkəmizə də təsir edir. Bundan başqa, regionda yaşanan hadisələr əlbəttə Azərbaycanı maraqlandırır və bununla bağlı adekvat siyasət həyata keçirilir. Azərbaycan son 27 ildir bütün qonşu dövlətlərlə münasibətlərini yüksək səviyyədə qurmağa və inkişaf etdirməyə çalışır. Ermənistan bir istisnadır. Cari ilin may ayında Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ probleminin həlli istiqamətində militarist bəyanatlar səsləndirilir. Əlbəttə, bu, iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirir, problemin mümkün həll ehtimallarını zəiflədir".
"Maraqlısı budur ki, Dağlıq Qarabağ probleminin həll olunması üçün vasitəçi rolunda çıxış edən dövlətlər də Paşinyanın militarist bəyanatlarına fikir bildirmir, bölgədə onsuz da kövrək olan təhlükəsizlik mühitini zədələdiyi üçün onu ittiham etmirlər"- deyə, siyasətçi vurğuladı. Əlavə etdi ki, bu da Paşinyanın siyasi cəsarətini (yaxud siyasi məsuliyyətsizliyini) artırır və o daha da irəli gedərək bölgə təhlükəsizliyinin təhdid edilməsində Azərbaycanı ittiham edir.
Hatəm Cabbarlı qeyd edib ki, bölgədə yaşanan hadisələr və Dağlıq Qarabağ problemi konteksində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərə gəlməsi iki ölkə arasındaki münasibətlərdə iqtisadi, siyasi, enerji və təhlükəsizlik məsələləri ilə bərabər, bölgənin problemlərinin müzakirəsi istiqamətində də mühüm hadisədir.
Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində bağlı qapılar arxasında nələrin müzakirə edilyini önümüzdəki aylarda Rusiyanın Ermənistan siyasətində görmə ehtimalımız var. Rusiyanın Dağlıq Qarabağ probleminə münasibətdə izlədiyi siyasəti dəyişdirməsi hələ ki, görünməyib. Amma Paşinyan hökumətinin iqtidarını möhkəmlədərək Rusiyaya qarşı fikirlər səsləndirərsə, müəyyən mənada dəyişikləri müşahidə edə bilərik:
"Rusiya kimi dövlətlər Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində asanlıqla fikrini dəyişməz, amma onların Ermənistana yönəlik siyasətlərini korrektə etmə ehtimalı çoxdur".