Con Boltonun Bakı səfərinə baxışlar... Siyasət

Con Boltonun Bakı səfərinə baxışlar...

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton "Amerikanın səsi" teleradio şirkətinə müsahibəsində deyib ki, Birləşmiş Ştatlar Cənubi Qafqazı özü üçün strateji baxımdan son dərəcə mühüm region hesab edir: "Biz Cənubi Qafqazı Birləşmiş Ştatlar üçün strateji baxımdan son dərəcə mühüm region hesab edirik. Söhbət, xüsusilə, Rusiya və İranla, eyni zamanda, həmsərhəd olan yeganə ölkədən – Azərbaycandan gedir". O, Dağlıq Qarabağ münaqişəsinin həlli, regionun strateji əhəmiyyəti baxımından, xüsusilə vacib olduğunu nəzərə çarpdırıb: "Biz hesab edirik ki, hər iki tərəfi (Azərbaycan və Ermənistanı) razı salacaq nəticənin əldə olunması, regionun strateji əhəmiyyəti baxımından, xüsusilə vacibdir". Con Bolton ABŞ-ın Azərbaycanı regionda özü üçün strateji baxımdan son dərəcə vacib ölkə hesab etdiyini bildirib. Con Bolton deyib ki, Tramp Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan "Azadlığa dəstək" aktına 907-ci düzəlişin fəaliyyətinin dayandırılması üçün sələfləri kimi öz səlahiyyətlərindən istifadə edə bilər: "Bu müddəa Konqres tərəfindən təsdiq edilib. Hakimiyyətin icra qolunun eyni siyasi xəttə riayət etməsi mütləq deyil və bizim konstitusiyaya əsasən, əslində xarici siyasəti müəyyən edən məhz prezidentdir. Bir çox hallarda, müxtəlif prezidentlər satınalma aparmaq üçün bu müddəanın fəaliyyətini dayandırıblar və biz bunun zəruri olub-olmadığını müəyyən etmək üçün daim bu fürsəti nəzərdən keçiririk". Con Bolton müsahibə zamanı ABŞ-ın Azərbaycanı regionda özü üçün strateji baxımdan son dərəcə vacib ölkə hesab etdiyini bildirib.
"Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib ki, Rəsmi Vaşinqton Qarabağ probleminin həlli üçün ABŞ, Rusiya, Azərbaycan və Ermənistanın baxışlarını ümumiləşdirən yeni ideyalarla çıxış etməyə hazırlaşır. A.Quliyev qeyd edib ki, C.Boltonun Bakıda ilkin açıqlamaları onun regionumuza xüsusi və çoxşaxəli tapşırıqlarla gəldiyi barədə ekspertlərin qabaqcadan etdikləri mülahizələrə uyğun oldu: "Con Bolton bir daha təsdiqlədi ki, Birləşmiş Ştatların Qarabağ probleminin həlli üzrə prioritetləri dəyişməyib, ABŞ əvvəlki kimi problemin həlli prinsiplərinə sadiqdir və konfliktin davam etməsini regional və qlobal təsirlər baxımından təhlükəli sayır. Xüsusi diqqətçəkən məqam odur ki, Bolton bu bəyanatı bəzi amerikalı siyasətçilərin Azərbaycanın işğal edilmiş torpaqlarının mütləq qaytarılmalı olduğu barədə bəyanatlarından sonra səsləndirib. Basqa sözlə desək, Bolton Azərbaycan torpaqlarının işğalı faktından yaxşı xəbərdar olan ABŞ-ın ictimai və diplomatik rəyindən çıxış edir. Boltonun münaqişənin həlli prosesinə Azərbaycanın yanaşması ilə tanış olmaq məqsədini açıq deməsi onu göstərir ki, Paşinyanla da görüşdən sonra ABŞ-ın danışıqlar prosesini sürətləndirməklə bağlı yeni ideyaları olacaq. Bu, Azərbaycan üçün çox əhəmiyyətlidir".
Ekspert vurğulayıb ki, terrorizm, insan alveri və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə ABŞ Azərbaycana regionda əvəzsiz partnyor kimi baxdığını C.Boltonun dili ilə bir daha bəyan etdi:
"Eyni mövqeni Bolton Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə də ifadə etdi. ABŞ diplomatı qlobal enerji təhlükəsizliyi sferasında Azərbaycanla strateji tərəfdaşlığın davam etdiriləcəyinə əlavə təminatlar verdi. İqtisadi və təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa strateji önəm verdiyini açıq və təkrarən bəyan edən ABŞ bu mənada Qarabağ münaqişəsinin nə qədər ziyanlı perspektivlər vəd etdiyinin fərqinə varmaya bilməz. Rəsmi Vaşinqton Qarabağ probleminin həlli üçün Birləşmiş Ştatlar, Rusiya, Azərbaycan və Ermənistanın baxışlarını ümumiləşdirən yeni ideyalarla çıxış etməyə hazırlaşır".
Baş redaktor bildirib ki, C.Boltonun Bakıdakı bəyanatları onun İrəvanda daha ünvanlı fikirlər səsləndirəcəyini deməyə əsas verir: "Təhlillərimizin ortaya qoyduğu məntiqi nəticələrdən biri də odur ki, onun Azərbaycan Prezidenti ilə bütün məsələlər ətrafında müzakirələri tam anlayışla keçib. Ermənistanın mövqeyi çox ziddiyyətli olduğu üçün Boltonun Paşinyanla müzakirələrinin Bakıdakı kimi rəvan gedəcəyini söyləmək çətindir".
Deputat Hikmət Babaoğlu bildirib ki, Con Boltonun Azərbaycana səfəri ABŞ-Azərbaycan ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələləri baxımından olduqca əhəmiyyətli idi. Onun sözlərinə görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri istər regional, istərsə də qlobal təhlükəsizlik baxımından mühüm önəm kəsb edir: "Con Bolton və Azərbaycan Prezidenti İlham Əliyev arasında ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri, dünya enerji bazarında Azərbaycanın rolu, terrorizmə, insan alverinə, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, insan haqları, habelə regionda cərəyan edən siyasi və iqtisadi proseslər, region ölkələri ilə münasibətlər və digər məsələlərin müzakirə edilməsi qlobal terrorizmə və narkotizmə qarşı mübarizədə Azərbaycanın ən aparıcı ölkələr sırasında yer aldığını sübut edir. Eyni zamanda, Azərbaycanın hazırda həyata keçirdiyi meqa enerji layihələri ilə regionun və Avropanın qlobal təhlükəsizliyinin təmin edilməsində nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha göstərmiş olur. Heç şübhəsiz ki, bütün bunlar təsadüfi deyil. Çünki Azərbaycan həyata keçirdiyi aktiv diplomatik fəaliyyəti ilə həm regional müstəvidə, həm də Avrasiyada mühüm aktor kimi öz yerini və rolunu çoxdan isbat edib".
Hikmət Babaoğlu hesab edir ki, dünya siyasətini müəyyən edən ölkələrdən biri olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri bir daha bu konteksdə qiymətləndirilməlidi: "Əlbəttə ki, bu məsələlərin hamısı deyil. Əgər regionda hansısa təhlükəsizlikdən söhbət gedirsə, bizim üçün ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həll olunması məsələsi önə çıxır. Azərbaycanın həyata keçirdiyi xarici siyasətin əsas paradiqmasını məhz bu müəyyənləşdirir. Həm dünya siyasətini müəyyənləşdirən ölkələrdən biri, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın bu problemin həllində müstəsna yeri və rolu ola bilər. Con Bolton çıxışında məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldığını və bu problemin həllinin Birləşmiş Ştatlar üçün də mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Con Bolton bundan sonrakı mərhələdə isə Ermənistana səfər edəcəyini və rəsmi Yerevanla bu məsələni müzakirə edəcəyini Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırdı. Düşünürəm ki, bu xüsusi bir məqamdır. Əgər bütün dünya özünün təhlükəzliyini təmin etməlidirsə, beynəlxalq münasibətlərin iştirakçısı olan aktorlar da bir-birilərinin qarşılıqlı təhlükəsizliyini mütləq nəzərə almalıdır. Azərbaycan təhlükəsizliyə töhfə verirsə, deməli onun təhlükəsizliyinə tərəfdaşları və müttəfiqləri də mütləq diqqət yetirməlidir".
Deputatın fikrincə, Con Boltonun səfəri məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli kontekstində Azərbaycan üçün önəmli idi: "Azərbaycan Con Boltonla müzakirələrdə ərazi bütövlüyü məsələsində prinsipiallığını və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı öz mövqeyini bir daha qətiyyətlə ortaya qoydu. Bütövlükdə, hazırkı beynəlxalq münasibətlər sisteminin siyasi konyukturasına nəzər salsaq görərik ki, ən müxtəlif problemlər məhz bu qarşılıqlı müzakirələr və qarşılıqlı maraqların təmin olunması formatında aktuallaşdırılır. Ona görə də bu görüş istər ABŞ-Azərbaycan ikitərəfli münasibətləri, istərdə də regional təhlükəsizlik məsələləri baxımından olduqca mühüm görüş idi".

Politoloq Fikrət Sadıqov diqqətə çatdırıb ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun dövlət başçımızla görüşdən məmnun qalmasının bir neçə səbəbi var: "Birincisi, ölkə başçısı İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real vəziyyəti Con Boltonun diqqətinə çatdırıb. Müfəssəl şəkildə məlumatlandırıb. İkincisi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin işğalçı Ermənistan tərəfindən indiyə kimi yerinə yetirilməməsi Con Boltanla görüşdə vurğulayaraq, münaqişənin həllinin yubandığını bəyan edib. Dövlət başçısı bu görüşdə Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərinin strateji konteksdə bundan sonra da inkişaf edəcəyi ilə bağlı geniş şəkildə fikir söyləyib. Bütün bunlar Con Boltonun Bakı səfərindən razı qalmasına əsas verir".
Politoloqun sözlərinə görə, Boltonla prezident İlham Əliyevin görüşü zamanı Azərbaycanın Amerika ilə münasibətlərdə rəsmi mövqeyi bir daha ortaya qoyulub: "Ölkə başçısı Con Boltonun diqqətinə çatdırdı ki, əgər Amerika bu regionda təhlükəsizliyi təmin etməkdə maraqlıdırsa, bu fikirdədirsə, o zaman Ermənistana təzyiq edilməlidir. Çünki indiyə qədər öz həllini tapmayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi təhlükəsizliyə təminat verə bilməz. Nəinki təminat verə bilməz, üstəlik, bu münaqişə həll edilmədikcə Cənubi Qafqazdakı təhlükəsizliyə təhdid olaraq qalacaq. Ona görə də işğal altındakı torpaqlar azad olunmalıdır. Bu məsələdə Azərbaycan beynəlxalq hüququn ali prinsiplərini üstün tutur. O baxımdan da Amerikanın həm aparıcı super dövlət kimi, həm ATƏT-in Minsk Qrupunun həmsədri, həm də Azərbaycanla ikitərəfli əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinə malik dövlət kimi ABŞ bu məsələdə öz sözünü deməlidir. Bizim Birləşmiş Ştatlardan xahişimiz, istəyimiz budur. Eyni zamanda, bu məsələnin həllində səsləndirdiyi rəsmi maraqlarını nümayiş etdirsin, onu əməldə də təsdiqləsin. Ermənistana təzyiq göstərsin. ABŞ dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Mən əminəm ki, bizim Dağlıq Qarabağla bağlı son dərəcə açıq-aydın olan mövqeyimizi Con Boltonun diqqətinə çatdırıb. Bundan sonra ABŞ-Azərbaycan münasibətlərinin inkişaf edəcəyini, daha yüksək zirvələrə qalxacağını düşünürəm".
Politoloq bildirib ki, bundan sonra da strateji maraqlarımızdan irəli gələn layihələr daha da genişlənəcək: "Enerji layihələrimizə dəstəyini ABŞ həmişə alqışlayıb. Vaşinqton terrozimlə mübarizədə sərgilədiyimiz yekdil mövqeyi bəyənib. Rəsmi Bakı Vaşinqtonla diplomatik və strateji əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək fikrindədir. Bu da Birləşmiş Ştatların və Azərbaycanın maraqlarına cavab verir. Con Bolton bədnam "907-ci düzəliş"lə bağlı fikirlərini də səsləndirdi. Məsələ ondan ibarətdir ki, ABŞ prezidenti həmin "düzəliş"i ləğv edə bilməz. Buna səlahiyyəti çatmır. Çünki həmin sənədi Konqres qəbul edib. Amma ABŞ prezidenti müvəqqəti olaraq o sənədi müəyyən müddətə dondurmaq səlahiyyətinə malikdir. Vaxtilə bu cür addımları keçmiş prezidentlər, Bill Klinton və oğul Buş edib. Düşünürəm ki, hazırkı ABŞ prezidenti də bu addımı atacaq".