“Ermənistanda növbəti marionet hakimiyyət formalaşdı” Siyasət

“Ermənistanda növbəti marionet hakimiyyət formalaşdı”

Ermənistanda dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra bu ölkədə növbəti marionet hakimiyyət formalaşdı.
Bunu politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Ermənistanda parlament seçkilərinin nəticələrini öncədən asanlıqla proqnozlaşdırmaq mümkün idi.
Politoloq qeyd edib ki, Nikol Paşinyan baş nazir postuna keçən gündən bir istiqamətdə fəaliyyət göstərib: "Bu istiqamət nəyin bahasına olursa-olsun, hakimiyyətini təminatlı şəkildə uzatmaqdan ibarət idi. Bəli, Paşinyanın müəyyən elektoratı var idi, lakin nəzərə almaq lazımdır ki, Ermənistanın keçmiş rəhbəri Serj Sarkisyanın yarıtmaz fəaliyyəti nəticəsində ölkədə dərin sosial-iqtisadi böhranla yanaşı, dözülməz siyasi mühit də mövcud idi. Gündən-günə Sarkisyana qarşı kütləvi narazılığın artması açıq-aydın göstərirdi ki, artıq o, hakimiyyətdə qala bilməyəcək. Məhz belə narazılıq fonunda Paşinyanın elektoratının formalaşdırılması mümkün oldu".
E.Mirbəşiroğlu hesab edir ki, bu baxımdan Ermənistan əhalisi əslində N.Paşinyana "hə" deyil, uzun illər hakimiyyəti kriminal mexanizmlərin köməyi ilə əldə saxlayan Qarabağ klanına "yox" dedi.
Onun sözlərinə görə, seçkiyə qədər olan dövrdə N.Paşinyan siyasi opponentlərinin sərbəst fəaliyyət imkanlarının məhdudlaşdırılması üçün bütün vasitələrdən istifadə etdi ki, bu da onun sələfindən fərqlənmədiyini sübut etdi:
"Paşinyan kütləni şantaj etməklə və hədələməklə addımbaaddım siyasi ambisiyalarını həyata keçirə bildi. 9 dekabrda seçkilər günü Ermənistanın müstəqilliyi tarixində seçici fəallığının ən aşağı səviyyədə olması da sübut etdi ki, Ermənistan əhalisi Paşinyana olan inamını sürətlə itirməkdədir. Seçicilərin fəallığının aşağı səviyyədə olmasını həm də Paşinyanın hələ yazda verdiyi vədlərin heç birinə əməl edə bilməməsi şərtləndirir. Düzdür, Paşinyan köhnə hakimiyyətin dayaqlarını sıradan çıxarmağı, demək olar, bacardı. Amma unutmaq lazım deyil, bu, xalqdan da çox Paşinyanın özünə lazım idi. Həm də nəzərə almaq lazımdır ki, Paşinyan əsas dəstəyini Qaqik Tsarukyandan alıb. Tsarukyan Sarkisyanın hakimiyyəti dövründə Ermənistanın ən böyük inhisarçısına çevrilib. Yəni Ermənistan əhalisinin ağır sosial-iqtisadi vəziyyətinə görə onun məsuliyyəti Sarkisyandan heç də az deyil. Belə bir şəxsin, eyni zamanda, Edmon Marukyanın parlamentdə yer alması aydın göstərir ki, Nikol Paşinyan özünə sərf etməyən siyasi qüvvələrin parlamentdə təmsil olunmalarının qarşısını hər vasitə ilə alıb. Nəzərə almaq lazımdır ki, Marukyan Paşinyanla elə eyni siyasi düşərgədəndir. Hesab edirəm ki, Marukyanın sonradan ayrıca siyasi fəallıq göstərməsi manipulyasiyadan başqa bir şey deyil".
E.Mirbəşiroğlu əlavə edib ki, N.Paşinyan bu dəfə kənar maraqlı güclərin polittexnoloji dəstəyi ilə hakimiyyətə gəldi: "Təbii ki, o, həmin kənar güclərin istəklərinə uyğun fəaliyyət göstərmək məcburiyyətində olacaq. Kənar güclərin istəklərinin isə Ermənistan xalqının istəkləri və maraqları ilə üst-üstə düşəcəyi inandırıcı deyil".

"Ermənistanda bu seçkilər də saxtakarlıqla keçirildi"

Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, beynəlxalq müşahidəçilər isə həmişə olduğu kimi, bu saxtakarlığa da göz yumdular, bəh-bəh dedilər.
O qeyd edib ki, ikili standartların quyruğu burda görünür:
"Həmişə Azərbaycanın gözündə tük axtarırlar. Ancaq Ermənistanın gözündəki o yekə tiri görmürlər, kordurlar. Digər tərəfdən Ermənistanda seçkidəki saxtakarlıqla bağlı bir neçə məqama toxunmaq istərdim. Baxın, Ermənistanın özünün statistikasına görə, son 20-25 il ərzində ölkədə miqrasiyanın səviyyəsi ən yüksək həddə olub. İldə 30-40 min erməni ölkədən baş götürüb gedib.
Bu gün Ermənistanda əhalinin real sayı 2 milyona yaxındır. Ancaq Ermənistan Mərkəzi Seçki Komissiyası seçkidən bir gün öncə bəyan etdi ki, qeydə alınmış seçicilərin sayı 2,5 milyondan artıqdır. Yaxşı, burda heç 2 milyon əhali yaşamırsa, necə olur ki, seçicilərin sayı real əhalinin sayından daha çox olur?
20-25 il öncə Ermənistandan köçüb getmiş, ölkədə yaşamayanların hamısının adını seçici siyahısına daxil ediblər. Ona görə də burada saxtakarlığın olması "iki vur iki"dir".
E.Məmmədov daha sonra deyib:
"Mən uzun illərdir seçki prosesi ilə məşğul oluram. Adətən, seçkidə seçici fəallığı günortayadək olur. Ermənistan MSK-sı günortayadək məlumat verdi ki, seçici fəallığı 7 faizdir. Bəs necə oldu ki, günortadan sonra bu rəqəm gəlib hardasa 50 faizə yaxınlaşdı? Yəni, saysız-hesabsız saxtakarlıq var idi".
Milli Məclisin deputatı əlavə edib ki, maraqlı məqam beynəlxalq təşkilatların buna göz yummasıdır:
"Bir il öncə böyük səsçoxluğu ilə qalib gələn Respublika Partiyası bu gün baryeri aşa bilmədi. Bu da saxtakarlıqdan, qeyri-qanuni hərəkətlərdən xəbər verir.
Digər tərəfdən bu gün erməni xalqı bütün siyasi rəhbərlərindən ümidini üzüb. Onların xalq arasında etimadı qalmayıb. Bax seçici fəallığının aşağı səviyyədə olması da buna görə idi. Bu gün erməni xalqını düşündürən bir məsələ var: biz sabah çörək tapıb yeyə biləcəyikmi? Bu sosial problemlərimiz həll olunacaqmı?
İndi Paşinyana səs verən o 5-10 nəfər də ümidsizdir. Onlar da artıq başa düşürlər ki, Paşinyan son 5-6 ayda küçə mitinqlərində söz verdiklərinin heç birini yerinə yetirmək iqtidarında deyil".
E.Məmmədov qeyd edib ki, Paşinyan siyasi hakimiyyətdə qalmaq və uğurlu siyasi lider olmaq istəyirsə, Ermənistanı və erməni xalqını düşdüyü bu çətin vəziyyətdən, iqtisadi və siyasi böhrandan çıxarmaq istəyirsə, qonşularla mehriban əməkdaşlıq, dostluq münasibətlərini təmin etməli, yəni işğalçılıq siyasətindən əl çəkməlidir.

"Nikol İrəvanı qarabağlılardan aldı"

Millət vəkili Elman Nəsirov isə deyib ki, Paşinyan üçün qarşıda ciddi sınaqlar, mürəkkəb proseslər gözlənilir.
O bildirib ki, seçkilərdə ciddi qanun pozuntularının olması ilə də bağlı faktlar mövcuddur:
"Hakimiyyətin əlindəki bütün resursları səfərbər edərək, qalib gəldiyi də bildirilir. Eyni zamanda burada Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan təmsil olunacaq. Gördüyünüz kimi, faktiki olaraq Ermənistanda son 20 ildə ilk dəfədir ki, Qarabağ klanı parlamentdə təmsil olunmur".
Millət vəkili vurğulayıb ki, Ermənistan tarixində yeni eranın başladığını söyləmək olar:
"Köhnə - yəni Sərkisyan-Köçəryan erası artıq tam bitmiş sayılır. Yeni eranın da nə qədər çəkəcəyini söyləmək hələ ki, çətindir. Hər halda çox mürəkkəb proseslər gözlənilir. O səbəbdən ki, indiyə qədər, yəni inqilabdan bu seçkiyə qədərki mərhələni eyforiya dövrü adlandırmaq olardı. Küçənin qəhrəmanına hələ inam var idi. Bu inamın sayəsində o mer və parlament seçkilərini uda bildi. Lakin bundan sonrakı yeni erada Paşinyan ilk növbədə daxili iqtisadi, sosial problemləri həll etməlidir. Həmin problemlərin həlli üçün isə bu gün Ermənistanın faktiki resursları yoxdur. O səbəbdən ki, Ermənistana heç bir ölkə və beynəlxalq təşkilat investisiya qoymaq istəmir. Çünki bunun əhəmiyyəti və faydasının olmayacağını bilirlər. Eyni zamanda ölkənin xarici siyasəti bu gün böhran keçirir".
Millət vəkilinin sözlərinə görə, bu gün Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyanı Rusiyada fevral inqilabı etmiş Kerenski ilə müqayisə edirlər:
"O da hakimiyyətə gəldikdən sonra bütün dostlarını düşmənə çevirdi. Nəticədə o, yalnız 1917-ci ilin oktyabr ayına qədər hakimiyyətdə qala bildi. Kerenski ilə Paşinyanın müqayisəsi yerinə düşür. O da artıq ənənəvi strateji müttəfiq olan Rusiya ilə münasibətləri korlamaq xəttini seçib. Eyni zamanda, Ermənistan özünə əsas dayaq hesab etdiyi KTMT-yə üzv dövlətlərlə, xüsusilə də Qazaxıstan və Belarusla münasibətləri kifayət qədər korlayıb. Belə olan halda həm ölkənin daxili, həm də xarici siyasəti çox ciddi problemlərlə rastlaşıb. Bu halda onun qarşıda dayanan çox ağır vəzifələrin öhdəsindən gələ biləcəyi sual altındadır. Bu sualın bir halda müsbət cavabı var. Əgər Paşinyan Ermənistanın düşdüyü bütün problemlərin kökündə fundamental səbəb kimi məhz işğal faktının dayandığını dərk etsə və bunun aradan qaldırılması üçüm həlledici addımlar atsa, o, daxili, iqtisadi, sosial problemlərin həllinə nail olacaq. Eyni zamanda xarici siyasət kursunda da müəyyən uğurlara nail ola bilər. Amma sələfləri kimi Azərbaycan torpaqlarını işğal altında saxlamaq siyasətini davam etdirsə və səbəblərlə deyil, nəticə ilə mübarizə aparsa, onda əlbəttə ki, onun da bütün siyasəti fiaskoya uğrayacaq. Bu halda başqa bir Paşinyan peyda olub, bu Paşinyanı hakimiyyətdən devirəcək. Yəni bunu hesablamaq, proqnozlaşdırmaq elə də çətin deyil".
Millət vəkili qeyd edib ki, eyni zamanda bu gün parlamentə keçməyən Dağlıq Qarabağ klanının nümayəndələri bu hakimiyyətə qarşı çox ciddi siyasi qüvvə olmaq iddiasındadır:
"Onlar bütün narazı elektrotı öz ətraflarında birləşdirmək istəyəcəklər. Düşünürəm ki, indiki halda biz yeni bir mübarizənin də şahidi olacayıq. Bu mübarizə Ermənistan yeni hakimiyyət ilə Qarabağ klanının arasında gedəcək. Bu mübarizə "kim kimi" prinsipi üzrə getməkdədir. Burada Paşinyan qalib gəlsə, onun hakimiyyətdə dayaqları möhkəmlənəcək. Qarabağ klanının qələbəsi isə Paşinyanın inqilab nəticəsində əldə etdiklərinin üstündən birdəfəlik xətt çəkəcək".
Millət vəkili bildirib ki, yanvar ayından etibarən Paşinyanın qondarma rejimin rəhbəri Bakoo Saakyanla açıq mübarizəsi başlaya bilər:
"Bunu istisna etmirəm. Əgər bu mübarizədə Paşinyan qalib gələrsə, Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni situasiya yarana bilər. Yeni situasiyada artıq Paşinyanın konstruktiv addımlar atması üçün imkanlar yaranmış olar. Bu da nəzərdən qaçmayan proqnozlardan biridir".
Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkinin nəticəsinə görə, Mənim Addımım Bloku, Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları parlamentdə təmsil olunmaq imkanı qazanıb.

Cavid