Mehman Hüseynov tamaşası... Siyasət

Mehman Hüseynov tamaşası...

Azər Həsrət: "Burada ictimai rəyi çaşdırmaq üçün manipulyasiya cəhdi açıq-aydın görünür"

Həbsdə olan bloqqer Mehman Hüseynovun guya aclıq aksiyası keçirməsi və vəziyyətinin kritik olması ilə dezinformasiya üzərindən sosial şəbəkələrdə müzakirələr açmaq təsadüfi deyil və bəlli məqsədə xidmət edir. Ölkədə stabilliyi pozmaq üçün hər bir xırda detaldan belə yararlanmağa cəhd edənlər yalanlar uydurmaqla məşğuldurlar. Amma bu, son dərəcədə primitiv üsuldur və dəvəquşu effekti yaradır.
Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.
Ötən il dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.
Mehman Hüseynov jurnalist deyil, onu mediaya bağlayan yeganə səbəb qardaşı Emin Hüseynovun Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu adlı qurum yaratmasıdır. Qardaşı gizli yolla başqa ölkəyə qaçırıldıqdan sonra, M. Hüseynovun da mühacir kimi xaricə çıxmasını təmin etmək məqsədilə onun guya "bloqer" olması və hakimiyyəti tənqid etdiyinə görə təzyiqlərlə üzləşməsi barədə rəy formalaşdırmağa cəhd göstərildi...
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər. Bu barədə "Xalq Cəbhəsi" nə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə zamanı saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə saxlanılan təqsirləndirilən şəxslər fərdi qaydada qəbul olunmuş, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri araşdırılıb.
MPQ-nin rəhbəri və həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində bu müəssisədə saxlanılan Mehman Hüseynov da konfidensial qaydada qəbul olunub, müraciəti dinlənilib, qida qəbul etməsi və sağlamlıq durumu ilə bağlı vəziyyəti özünün iştirakı ilə müəssisənin həkimi dəvət olunmaqla yerində araşdırılıb. Müşahidə nəticəsində məlum olub ki, M.Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır. Başçəkmə çərçivəsində M.Hüseynovun Ombudsmana ünvanladığı yazılı müraciəti baxılması üçün Baş Prokurorluğa göndərilib.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə bildirib ki, həbsdə olan bloqqer Mehman Hüseynov aclıq aksiyası keçirmir və səhhəti qaydasındadır: "Bu adam çörək də yeyir, su da içir, vəkili ilə də görüşür, ailə üzvləri ilə telefonla da danışır. Onun heç bir problemi yoxdur. Bilirsiniz ki, səhhətində problem olan istənilən şəxslə bağlı dərhal reaksiya verilir, həkim müdaxiləsi olur. Amma onunla bağlı belə bir şeyə ehtiyac olmayıb, çünki aclıq aksiyası keçirmir". Xidmət rəsmisi deyib ki, M.Hüseynov cəmi bir günlük aclıq aksiyası keçirib: "Aclıq aksiyası elan etmişdi, səhəri gün yemək yeməyə başladı. Bununla bağlı akt da tərtib olunub, özü də akta imza atıb".
Siyasi şərhçi Azər Həsrət diqqətə çatdırıb ki, Mehman Hüseynovun "aclıq" tamaşasında bəzi məqamlara aydınlıq gətirmək lazımdır: "Bu gənc məhkəmə hökmüylə cəza çəkir. Cəzasının bitməsinə də az qalıb. Bir neçə gün öncə xəbər yayıldı ki, həbsxanada vəzifəli şəxsə qarşı zorakılığa cəhd edib və barəsində əlavə cinayət təqibi başlanıb. Təbii ki, biz də bu olaydan üzgünük, amma qanun qarşısında deyə biləcəyimiz bir söz yox. Ona görə də təmkinlə gözləyirik ki, nəyin nə olduğu tam aşkarlansın.
Mehmanın bu yeni əməli haqqında xəbərdən az müddət keçmiş mənim diqqətimi çəkən bir xəbər də yayımlandı. Daha doğrusu, Mehmanın könüllü şəkildə Azərbaycandan imtina etmiş qardaşı Emin Hüseynov yaymışdı bu xəbəri. Xəbərdə deyilirdi ki, "Mehman karsa salınıb. Özü bu haqda zəng edərək ailəsinə xəbər verib. Həmçinin bildirib ki, etiraz əlaməti olaraq aclıq aksiyası keçirir". İlk baxışdan qeyri-adi bir şey görünmür burda, deyilmi? Amma burada mənim diqqətimi çəkən o oldu ki, karsa salınmış məhbusa doğrudanmı ailəsinə zəng etməyə icazə verilir? Mən bildiyimə görə dünyanın heç bir ölkəsində belə praktika yoxdur axı. Elə isə, Emin Hüseynov necə iddia edir ki, Mehman evə karsdan zəng edib? Burada ictimai rəyi çaşdırmaq üçün manipulyasiya cəhdi açıq-aydın görünür. Ona görə də şəxsən mən təmkinlə gözləyirdim ki, penitensiar sistem əlavə bilgi versin, duruma aydınlıq gətirsin. Verildi də o bilgi. Bəlli oldu ki, Mehman aclıq filan keçirmir".
Sabiq millət vəkili, jurnalist Etibar Hüseynov Facebook səhifəsində yazıb "doğrudanmı bir dönərə görə zır-zır ağlayıb, anasının dəfnində hır-hır hırıldayan birisinin 12 gün sərasər aclıq etdiyinə inanırsınız", - deyə qeyd edib: "Əgər sizlərdən buna inanan varsa, onda nəyə görə mən, bu güc və iradə sahibinin hansısa leytenanta xəsarət yetirə biləcəyinə inanmamalıyam?".
Millət vəkili Sahib Alıyev isə maraqlı məqama toxunub. O, bildirib ki, "Washington Post"da yenə ölkəmizin hədəfə alındığı növbəti yazı dərc edilib: "Hətta ABŞ Prezidenti Trampın da total saxtakarlıqda suçlandırdığı bu qəzet bildirir ki, bizdə hazırda 10 jurnalist həbsdədir. Sadəcə iki sual vermək istərdim və ilk baxışda elə təsir bağışlamasa da, hər ikisi ritorik olacaq. Birinci sualım budur ki, əgər o 10 nəfər ingilis dilini mükəmməl bilsəydilər, onlardan hər hansı birini "Washington Post" da, yaxud da qərbdəki başqa bir media qurumunda jurnalist kimi çalışmağa qoyardılarmı və fəaliyyətlərini jurnalistika sayardılarmı? İkinci sualımsa budur ki, "Washington Post" nədən öz köşə yazarı, həm də bu qəzetin səhifələrində dərc etdirdiyi yazılarına görə tikə-tikə doğranan Camal Qaşıqçını qoyub, jurnalistikanın "j"sindən belə anlayışı olmayan, Mehman Hüseynov və digərləri üçün göz yaşı axıdır?".