“Başqalarının bədbəxtliyi üzərində səadətlərini qurmaq istəyirlər” Siyasət

“Başqalarının bədbəxtliyi üzərində səadətlərini qurmaq istəyirlər”

Əliməmməd Nuriyev:"Azərbaycanı söz və mətbuat azadlığının pozulmasında ittiham edənlərin əsl üzü budur"

"Azərbaycanda mətbuat və mətbuatın qeydiyyatı ilə bağlı məsələlər Şərqi Avropda, ümumiyyətlə, Avropada olduğundan qat-qat yüksəkdir. Bununla bağlı ölkəmizdə hər hansı problem yaşanmır". Bu fikirləri Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. O bildirib ki, media qurumları aidiyyatı orqanlara məlumat verməklə fəaliyyətə başlaya bilirlər: "Bu gün ölkəmizdə yüzlərlə, minlərlə mətbuat orqanı fəaliyyət göstərir. Bu da Azərbaycanda media və söz azadlığının pozulması ilə bağlı qərəzli mövqe sərgiləyənlərə, ittiham səsləndirənlərə ən tutarlı cavabdır: "Qərbdəki dairələr Azərbaycanda söz və mətbuat azadlığının sıxışdırılması ilə bağlı qərəzli məlumatlar yayırsa, ilk növbədə bizim media təşkilatlarımız buna münasibət bildirməlidir. Bu daha doğrudur. Çünki media azadlığını onlardan daha yaxşı başa düşən yoxdur. Azərbaycanda yetərincə media resursları mövcuddur. Bildiyimiz kimi ölkəmizdə 5 mindən çox media qeydiyyatdan keçib. Buraya həm elektron, həm də çap mediası daxildir. Eyni zamanda, çoxsaylı media birlikləri var. Mətbuat Şurası və bu kimi çoxsaylı media qurumlarımız mövcuddur. Onların həmin ittihamları səsləndirən təşkilatlara, qurumlara münasibət bildirməsi çox vacibdir. Vəziyyətin onların söylədiyi kimi olmadığını, həmin fikirlərin hamısının iftira olduğunu, yalan informasiyalar əsasında bu cür qərəzli bəyanatların təşəkkül tapdığını bildirməlidirlər".
Konstitusiya Araşdırmaları Fondunun rəhbərinin sözlərinə görə, Azərbaycanda dövlət mətbuatın azad olması, mühitin daha da yaxşılaşdırılması üçün yetərincə qanunvericilik tədbirləri həyata keçirilir. Ona görə də ölkəmizdə söz və mətbuat azadlığının təminatı ilə bağlı qara kampaniya aparanların, qərəzli fikir səsləndirənlərin söylədikləri ilə faktiki vəziyyət arasında xeyli məsafə var.
Əlimməmməd Nuriyev bildirir ki, Azərbaycanda sarı mətbuat da mövcuddur. Çox rəngli mətbuat da var ki, onlar birbaşa insan hüquq və azadlıqlarının özünə qarşı çıxırlar: "İnsanların şəxsi həyatına müdaxilə edirlər. Yalan informasiya yayırlar. Sadəcə olaraq mətbuat azadlığında nəzərdə tutulmuş qaydada mülahizə və fikirlər söyləmirlər. Eyni zamanda, onlar mətbuatdan sui-istifadə edirlər. Qızışdırıcı və yalan məlumatlar yayırlar. Hətta bəzi şəxslərin ayrı-ayrı cinayət ittihamına qədər söylənilə biləcək məlumatları yayırlar. Bəzi kimlərisə bəzi insanları məhv etməkdə ittiham edirlər. Hətta ona qədər gedib çıxırlar. Qərbdə belə şey yoxdur. Məhkəməsiz falan... Hətta linç edirlər. Həmin mətbuat orqanlarının bir çoxu Avropadan yayımlanır. Özü də azərbaycanlılardır. Onlar insanın şərəf və ləyaqətinə hörmət etmirlər. İnsanlar, onların ailələri haqqında olduqca genişmiqyaslı yalanlar tirajlayırlar. Yalanların miqyası o qədər böyükdür ki, heç nə ilə izah və müqayisə edilə bilməz. Buna heç bir ifadə azadlığı ilə haqq qazandırmaq mümkün deyil. Özü də bütün bunlar bizə qarşı ittihamlar səsləndirən, qərəz nümayiş etdirən Qərb dairələrinin qulaqlarının dibində baş verir. Yaxşı olardı ki, həmin dairələr məhz bunlara diqqət yetirsinlər. Azərbaycanı hansısa məsələdə ittiham etməkdən öncə buna qarşı etiraz etsinlər".
Əliməmməd Nuriyevin fikrincə, mətbuatın da həddi var: "Əlbəttə, söz və ifadə azadlığı demokratik cəmiyyət üçün çox zəruridir. Bu insan hüquq və azadlıqların pozulması ilə baş verirsə, bu hər yerdə qadağandır. Siz bilirsiniz ki, Avropanın hər yerində məhkəmə presedentləri var. Həmin ifadə azadlığının da müəyyən hədləri mövcuddur. Bu həm də mütləq hüquq deyil. Bunu da nəzərə almaq lazımdır. Eyni zamanda, digərlərinin şərəf və ləyaqətini ləkələyən məlumatlar – ayrı-ayrı şəxsləri əsassız olaraq başqa-başqa cinayətlərdə ittiham etmək, məhkəmə funksiyasını yerinə yetirmək ifadə azadlığının şərti deyil".
Ekspert hesab edir ki, vətəndaş cəmiyyəti qurumları da insan hüquq və azadlıqlarının pozulması ittihamlarına qarşı öz bəyanatları, münasibətləri, məktubları ilə bu məsələyə münasibətlərini bildirməlidirlər: "Etiraz etməlidirlər. Bunun üçün onların həm hüquqları çatır, həm də imkanları var. Biz hər zaman Azərbaycana qarşı yönəlmiş böhtan kampaniyalarına öz reaksiyalarımızı vermişik. Ayrı-ayrı beynəlxalq qurumlara, təşkilatlara, parlament üzvlərinə öz məktublarımızla, bəyanatlarımızla öz münasibətimizi ifadə edib göndərmişik".
Ekspert əlavə edib ki, bir çoxlarının yalanları üzə çıxandan sonra onlar daha da quduzlaşıblar: "Biz Mehman Hüseynovla görüşdük. Onunla görüşəndə aclıq aksiyası keçirmirdi. Dekabrın 30-a qədər aclıq aksiyası keçirdiyini söyləyirdi. Aclıq aksiyasını dayandırması ilə bağlı onun müvafiq ərizəsi də var. Eyni zamanda, akt da tərtib olunmuşdu. Yemək də, qida da qəbul edirdi. Valideyni və vəkili ilə də görüşüb. Özü də bildirdi ki, ona qarşı hər hansı işgəncə faktı olmayıb. Alçaldıcı rəftar edilməyib. Bunu özü qeyd elədi. Biz bunu – onun dediklərini söyləyirik. Həqiqəti meydana çıxarır, təqdim edirik. Amma bir çoxları özlərinin qrant bazarının daha genişlənməsi üçün daha da həyasızlaşırlar. Niyə yalan deməliyik? Olanı çatdırırıq. Biz bu insana köpmək etmək istəyirik. Bu Mehmanın həyatı ilə bağlı məsələdir, bəziləri isə onu qurban verməklə, öz məqsədlərinə nail olmaq istəyirlər. Turan TV deyilən bir televiziya var. Bu gün baxdım, onlar Mehman Hüseynovun başına bir iş gəlməsini istəyirlər. Ondan bir şey düzəltsinlər. Bununla da hərəkata başlasınlar. Hətta Mehmanın həyatını qurban verməsi, qrant almaları ilə bağlı ağlasığmaz planları var".
Ekspert xüsusi vurğulayır ki, hətta xüsusi olaraq vurğulayırlar ki, yeni bir hərəkata başlayacaqlar. Azərbaycandan kənardakı bu adamların ölkəmizi düşünməklə bağlı bir qram hissləri yoxdur: "Buradakı insanları, cəmiyyətimizi, bu dövlətin taleyini bir qram da düşünmürlər. Bir qram da bununla bağlı məsuliyyət daşımaq istəmirlər. Nəyin bahasına olursa, olsun bu ölkəni dağıtmaq barəsində düşünürlər. Onlar ancaq "ifadə azadlığı"ndan istifadə edib küfr yaymaqla məşğuldurlar. Mehmanın özü də bunu qəbul etmir. Onun üçün ən vacib məsələ azadlığa çıxmaqdır. O, ikinci cinayət işinin başlaması ilə bağlı narahatdır. Mehman bizimlə müzakirələr apardı. Həmin müzakirələrlə bağlı tam təfsilatlı danışmaq mümkün olmazdı. Çünki bir sıra məsələlər konseptual xarakter daşıyır. Bunları açıqlamaq yanlış olar. Hüququq müdafiəçisi kimi bizim əsas işimiz onun taleyi ilə bağlı olan məsələdir. Ona kömək etməkdir. Mehman Hüseynovdan istifadə edənlər isə onun adından pul qazanmağa çalışanlardır. Hətta çalışırlar ki, Mehman Hüseynovun başına bir iş gəlsin. Daha da böyük "nəticələrə" – qrantlara ail olmaq istəyirlər. Başqalarının bədbəxtliyi üzərində səadətlərini qurmaq istəyirlər. Azərbaycanı söz və mətbuat azadlığının pozulmasında ittiham edənlərin əsl üzü budur. Əslində, bir çoxları Mehmanın bədbəxtliyini istəyir, nəinki azad olunmasını".