“Həmsədrlər tənzimlənməyə münasibətlərini dəyişdirməlidirlər” Siyasət

“Həmsədrlər tənzimlənməyə münasibətlərini dəyişdirməlidirlər”

Mübariz Əhmədoğlu: "Yaxud vasitəçilik Avropa İttifaqına verilməlidir"

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona fevral ayındakı son səfəri formatına görə əvvəlkilərindən fərqlənir" Bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, həmsədrlərin regiona səfəri qəfləti idi: "Vasitəçilər Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü gözləyirdilər. Ermənistan tərəfinin birbaşa və ya dolayısı bəhanə ilə Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutmadı və həmsədrlər başılovlu regiona səfər etdilər. Digər tərəfdən, Nikol Paşinyan da Almaniyada kansler Angela Merkellə birgə mətbuat konfransında ATƏT-in Minsk Qrupu həmsədrləri adından yöndəmsiz bəyanat vermişdi. Guya ATƏT-in Minsk Qrupu həmsədrləri dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsində 3 tərəf var və Dağlıq Qarabağ erməniləri də münaqişənin tərəfidir. Həmsədrlər onların adından yalan danışan Paşinyanı təkzib etmədilər və ya Paşinyanın bu yalanının təkzibini rəsmi Yerevandan tələb etmədilər".
Politoloq əlavə edib ki, xarici işlər naziri Zöhrab Mnatsakanyan axşamdan Yerevanda olan həmsədrləri səhər vaxtı qəbul etdiyi halda Paşinyan həmsədrləri yalnız axşam qəbul etdi: "İş gününün sonunda həmsədrlərə özünün hazırladığı məlumatı çatdırdı. Həmsədrlərə müzakirə üçün "vaxt saxlamadı", Mnatsakanyanla yenidən görüşməyi tövsiyə etdi. Paşinyan texniki bəhanə ilə görüşdən yayına bildi. Bunu Azərbaycanda görürdülər. Prezident İlham Əliyev xarici işlər nazirinin iştirakı ilə həmsədrləri qəbul etdi və Azərbaycanın mövqeyini çatdırdı. Həmsədrlərin Dağlıq Qarabağa səfər etməməsi və Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşməməsi də diqqəti çəkir. Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşməməsinin əsas səbəbini həmsədrlərin yaranmış vəziyyətdən aldığı şokun təsiri ilə əlaqələndirmək olar. Bu şok həmsədrlərə son görüşləri barədə bəyanat yaymağa da maneçilik etdi. Həmsədrlərin son bir ildəki bəyanatlarından da görünür ki, Dağlıq Qarabağ münaqişəsinin ideya quruluşunda ciddi dəyişiklik var. Dəyişilməyən həmsədrlərin davranış manerasıdır. Həmsədrlər tənzimlənməyə münasibətlərini, davranış maneralarını dəyişdirməli və yaxud vasitəçiliyi Avropa İttifaqına verməlidirlər".