Hər iki xalq azadlığa və dövlət quruculuğuna gedən yolu birlikdə keçiblər Siyasət

Hər iki xalq azadlığa və dövlət quruculuğuna gedən yolu birlikdə keçiblər

"Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri iki dost və qonşu ölkələr arasında münasibətlərin bundan sonra da dinamik şəkildə inkişaf edəcəyini göstərdi. Əslində iki ölkə arasında olan münasibətlər strateji xarakter daşıyır və hər iki xalqın milli maraqlarına söykənir. Biz elə bir mürəkkəb regionda və elə bir coğrafi konfiqurasiyada yerləşirik ki, münasibətləri daima yaxşı saxlamağa sadəcə məhkumuq. Ona görə də Gürcüstanda keçirilən seçkilərdən sonra Gürcütan-Azərbaycan münasibətlərində nəyinsə məqbul olmayan istiqamətdə dəyişə biləcəyini ehtimal edənlər öz proqnozlarında yanıldılar". Bunu "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, Salome Zurabişvili kifayət qədər təcrübəli siyasətçidir: "O, Avropa siyasi mətbəxindən xəbərdardır. Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışdığı illərdə regional siyasətlə də dərindən tanış olmaq imkanları qazanıb. Ancaq bu da bir həqiqətdir ki, ona öz siyasi sələflərindən heç də yaxşı miras qalmayıb. Gürcüstanın ərazi bütövlüyü pozulub, regionun ən böyük dövləti ilə münasibətlər olduqca gərgindir və ölkə daxilində hələ də separatçılıq əhval- ruhiyyəsində olan ermənilər var. İqtisadi resurslar da olduqca məhduddur və heç də o qədər perspektivli sayıla bilməz. Ona görə də bu şərtlərin mövcud olduğu reallıqda Azərbaycanla strateji tərəfdaşlığın davam etdirilməsi mühüm prioritetdir və əslində xanım Prezidenti Azərbaycana gətirən səbəbləri də burada axtarmaq lazımdır. Salome Zurabişvili də diqqəti məhz bu məsələlərə çəkərək, hər iki xalqın XX sonunda yaşamağa məcbur edildiyi və hər iki ölkənin ərazi bütövlüyünün pozulması ilə nəticələnən müharibəni xalqlarımızın ortaq faciəsi kimi xatırlatdı. Ancaq hazırki mərhələdə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə bağlı yaxşı perspektivlər yarada bildiyini də etiraf edərək bildirdi ki, "düşünürəm ki, bu gün sizin perspektivləriniz bizimkindən daha yaxşıdır. Çünki sizin irəliləyiş əldə edə bilməyiniz üçün bəzi əlamətlər var".
Göründüyü kimi, Azərbaycanın ərazi bütövlüyü istiqamətində əldə edə biləcəyi hər hansı bir nailiyyət Gürcüstan üçün də yaxşı president yarada biləcək. Elə bu kontekstdə də digər iqtisadi və kommunikasiya layihələri məsələsində də Azərbaycanın uğurları daima Gürcüstana strateji faydalar gətirib və əlbətdə bunu gözardı etmək mümkün deyil. Salome Zurabişvili də məhz Azərbaycanın müəllifi olduğu bütün layihələri sadalayaraq onları həm də Gürcüstanın uğurları kimi təqdim etdi. Hazırda enerji və nəqliyyat layihələri, Azərbaycanın yaratdığı perspektivli investisiya mühiti və ölkəmizin Gürcüstanda həm də birbaşa investor kimi çıxış etməsi bu münasibətləri daha da inkişaf etdirməyi zəruri edir və bundan sonra da iki ölkə arasında bütün sahələrdə strateji tərəfdaşlıq əlaqələri davam edəcək".
Politoloq Nəzakət Məmmədova isə bildirib ki, Gürcüstan və Azərbaycanın eyni coğrafiyada yerləşməsi, bu iki ölkənin tarixi talelərini bir çox zamanlarda oxşar edib. Gürcüstan prezidenti Salome Zurabişvili ölkəmizə səfəri zamanı öz nitqində qeyd etdi ki, gürcülər və azərbaycanlılar azadlığa və dövlət quruculuğuna gedən yolu birlikdə keçiblər. Prezident İlham Əliyev öz nitqində Azərbaycan və Gürcüstanın bu gün bir çox sahələrdə, xüsusilə qlobal əhəmiyyətə malik meqa layihələrdə iştirakı ilə bağlı məsələlərə əhatəli şəkildə toxundu.
O bildirib ki, lakin ölkələrimiz arasında strateji tərəfdaşlığa xələl gətirə biləcək bəzi məqamlar da yer alır ki, bu narahatlıq xüsusən Zurabişvilinin dövlət başçısı seçilməsindən sonra xeyli dərəcədə müzakirə mövzusuna çevrilib: "Məlum olduğu kimi iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinə kölgə salan Cavaxetiyada erməni caniyə büst qoyulması, Tsxinvalidən Ermənistan və Rusiyanı birləşdirən dəhlizin çəkilməsinin gündəmə gəlməsi, Abxaziya dəmir yolunun bərpasına dair fikirlərin ortaya atılması Azərbaycanda narahatlıq yaratmaya bilməzdi. Gördüyümüz kimi bütün bu hadisələrdə "erməni izi" aşkar görünür və Gürcüstanın Ermənistan və Rusiya arasındakı istər quru yol, istərsə də dəmiryolu kommunikasiya əlaqələrində birləşdirici ölkə rolunda çıxış etməsinə çalışılır".
Politoloq söyləyib ki, Çin və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars kimi nəqliyyat layihəsində iştirak edən və buna Azərbaycanın təşəbbüsü ilə qoşulan Gürcüstanın bu layihədən əldə etdiyi siyasi, iqtisadi, maliyyə dividendi Tsxinvali dəhlizi, yaxud Abxaziya dəmiryolundan daha çoxdur: "Üstəlik, bu, Gürcüstan hakimiyyətinin separatçı Cənubi Osetiya və Abxaziya məsələsinə yeni mövqeyini ortaya qoymuş olardı ki, bunun gürcü cəmiyyətinin özündə belə narazılıqla qarşılanacağı şübhəsizdir. Digər tərəfdən, bu məsələlər ortaya çıxan kimi Gürcüstanda ABŞ-a yaxın olan vətəndaş cəmiyyətləri etirazlarını bildirdilər, çünki Ermənistan-Gürcüstan-Rusiya əməkdaşlığı formatı Rusiyanın Ermənistan və Gürcüstan üzərində təsirini artırmağa, Amerikanın mövqelərini sarsıtmağa yönəlib".