Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri arasında görüş olub Siyasət

Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri arasında görüş olub

Milli Məclisin (MM) sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə Mustafa Şentopu təbrik edib.
Azərbaycan-Türkiyə əlaqələrinin yüksək strateji əməkdaşlıq səviyyəsində olduğunu deyən parlament sədri bildirib ki, münasibətlərin bu cür inkişaf etməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük rolu var.
Oqtay Əsədov Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm hüquqi bazasının yaradıldığını bildirərək deyib ki, ötən dövr ərzində ölkələr arasında 230-a yaxın sənəd imzalanıb, 30 sənəd isə hazırlanma mərhələsindədir.
Parlamentin sədri qeyd edib ki, 2017-ci ildə Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi iki milyard altı yüz milyon dollar idisə, 2018-ci ildə bu göstərici üç milyard beş yüz milyon dollar olub: "Əsas hədəfimiz ticarət dövriyyəsinin həcmini on milyard dollara çatdırmaqdır. Digər sevindirici hal isə Azərbaycanın Türkiyədə əsas sərmayəçilərdən biri olmasıdır. Ölkələrimiz birgə regional layihələr həyata keçirirlər. Bu layihələr gələcəkdə Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır".
Parlamentlər arasında əlaqələrin davamlı olaraq genişləndiyini bildirən O.Əsədov qeyd edib ki, nümayəndə heyətləri beynəlxalq təşkilatlarda da daim bir-birlərini dəstəkləyirlər.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu vəzifəyə seçilməsindən sonra ilk səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirib. Azərbaycanın Türkiyə üçün ən etibarlı strateji tərəfdaş olduğunu qeyd edən Mustafa Şentop deyib ki, dünyada qardaş ölkələrimiz qədər bir-birinə yaxın olan dövlətlər yoxdur.
Mustafa Şentop parlamentlərin dostluq qruplarının qarşılıqlı səfərlərinin ölkələr arasındakı əlaqələrin inkişafı baxımından önəmini vurğulayıb.