Azərbaycanın yanında olmalıyıq Siyasət

Azərbaycanın yanında olmalıyıq

Riçard Morninqstar: "ABŞ Azərbaycanda hər hansı bir şəkildə qeyri- sabitlik və ya iğtişaş yaratmaq istəmir"

Birləşmiş Ştatlar Azərbaycanda hər hansı bir şəkildə qeyri- sabitlik və ya iğtişaş yaratmaq istəmir.
Bu barədə ABŞ -ın ölkəmizdəki səfiri Riçard Morninqstar bu vəzifədə olaraq son nitqində bildirib. Morninqstarın qənaətinə görə, gələcəkdə ikitərəfli əlaqələrin önəminin daha yaxşı anlaşılması və dəyərləndirilməsi artacaq. Biz əlaqələrimizi dərinləşdirməyin yollarını araşdırmaqda davam edəcəyik".
ABŞ səfiri bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq üçün yeni cəhdlərə ehtiyac var: "Sülh regiondakı insanlara əhəmiyyətli faydalar gətirəcək və Azərbaycanın gələcək rifahını təmin edəcək".
Riçard Morninstarın sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işini davam etdirəcək.
Səfir həmçinin qeyd edib ki, Azərbaycan və ABŞ bəzi məsələlərə fərqli yanaşır: "Lakin hər bir tərəfdaşla olduğu kimi davamlı dialoq mühümdür. Bizim fikir ayrılıqlarımız ola bilər, lakin biz dialoqu davam etdirməliyik". Riçard Morninqstar qeyd edib ki, Azərbaycan mürəkkəb məkanda yerləşir: "Azərbaycan öz suverenlik və müstəqilliyini qoruyub saxlamağa çalışdığı bir vaxtda biz onun yanında olmalıyıq. Biz bilirik ki, hökumətin ən ümdə məsələsi sabitliyi qorumaqdır. Azərbaycanda sabitliyi qoruyub saxlamağa biz də kömək etmək istəyirik".
Morninqstar qeyd edib ki, təmas xəttində baş verən xoşagəlməz hallar və faciəvi itkilər çox ağrılıdır: "Bilirəm ki, təmas xəttindəki hadisələr həmsədrləri çox narahat edir və bu bir daha bu dəhşətli münaqişənin tez bir zamanda nizamlanmasının əhəmiyyətini vurğulayır".
ABŞ-ın Azərbaycana yeni səfirinin Azərbaycana nə zaman gələcəyi ilə bağlı suala cavabında Riçard Morninqstar yeni səfirin namizədliyinin tez bir zamanda təsdiqlənəcəyinə ümidvar olduğunu bildirib: "Bildiyiniz kimi Konqresimiz bütün namizədlərin təsdiqini tədricən həyata keçirir. Bunun cənab Robert Cekuta və ya Azərbaycan ilə heç bir bağlılığı yoxdur".
Səfir qeyd edib ki, yeni səfirə ötən illər ərzində həyata keçirilən prinsiplərə sadiq qalmasını, ölkələrimiz arasındakı əlaqələrin əhəmiyyətinə diqqət yetirməyi və ölkələrimiz arasındakı əlaqələrin müxtəlif cəhətlərinə əhəmiyyət verməyi tövsiyə edib: "Əminəm ki, o öz işini çox yaxşı yerinə yetirəcək".
Riçard Morninqstar Cənub Qaz Dəhlizinin gerçəkləşdirilməsinə təkan verməkdən çox məmnun olduğunu da vurğulayıb.
Səfir həm də qeyd edib ki, Azərbaycan öz suverenliyini və müstəqilliyini bir çox cəhətdən nümayiş edib: "Təzyiqlərə baxmayaraq, Azərbaycan Bakı - Tbilisi - Ceyhan kəmərinin çəkilməsinə sadiq qaldı. Bu kəmər Azərbaycanın iqtisadi inkişafının təməl daşı olub. Birləşmiş Ştatlar kəməri dəstəklədilər, çünki o, Azərbaycan və qonşu Gürcüstana öz suverenlik və müstəqilliklərini qoruyub saxlamağa kömək etdi".
Onun sözlərinə görə, Azərbaycanın Gürcüstan, Türkiyə və Avropaya qaz nəql edəcək Cənub Qaz Dəhlizinə sadiqlik nümayiş etdirməsi eyni dərəcədə cəsarətli addım idi: "Ümidvaram ki, ikitərəfli iqtisadi əməkdaşlığımız yalnız enerji sahəsində deyil, digər sahələrdə də inkişaf edəcək. Ümid edirəm ki, iki tərəfli ticarət və sərmayələr daha da artacaq".
Səfir bildirib ki, o, hər zaman Azərbaycanın dostu olub və bu hər zaman belə olacaq.
O qeyd edib ki, o Azərbaycana 1995-ci ildən səfər edib və bir çox azərbaycanlıları özünə dost hesab edir: "Səfir olmaq mənim üçün şərəf və məmnuniyyət idi və mən getdiyimə görə kədərlənirəm".
Birləşmiş Ştatların Azərbaycanın suverenliyi və müstəqilliyini dəstəkləyəcəyini bildirən səfir vurğulayıb ki, o Azərbaycana ilk dəfə təqribən 20 il əvvəl səfər edəndə bura fərqli bir yer idi: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərbi əməliyyatlar dayandırmaq üçün atəşkəs imzalanmışdı. İqtisadiyyat böhran vəziyyətində idi. Lakin, Azərbaycan o vaxtdan bəri böyük iqtisadi inkişafa nail olub və ölkənin əksər hissəsi əhəmiyyətli dərəcədə müsbət dəyişilib. İndi Bakı iyirmi il bundan öncəki şəhərdən xeyli fərqlənir. Azərbaycan xalqı çox böyük çətinliklərin ohdəsindən gəlib və siz bununla fəxr etməlisiniz".