Qarabağ ermənilərindən sensasion müraciət: Vətənimiz Azərbaycan! Siyasət

Qarabağ ermənilərindən sensasion müraciət: Vətənimiz Azərbaycan!

Bir qrup Qarabağ ermənisi mətbuata rəsmi müraciət ünvanlayıb.
Aralarında Artur Ağacanov, Valeri Eriçyan, Georgi Arakelyan, Leva Yaxşıbəyov və Karina Eriçyanın da olduğu aktivistlərdən ibarət qrup sovet dönəmində erməni emissarların mütəmadi olaraq Qarabağa gəldiklərini və tarixi məbədlər, məzarlar və abidələrdəki köhnə yazıları silərək erməni dilində yeniləri ilə əvəz etdiklərini xatırladıqlarını açıqlayıblar. Erməni emissarlar həmçinin Qarabağın yerli əhalisi arasında ideoloji iş aparıb və onların “qədim” erməni-hay xalqının və tarixinin bir parçası olduğunu söyləyiblər.
“Şamaxı, Şəki, Qəbələ, Oğuz, Gəncə, Dağlıq Qarabağda və Azərbaycanın digər regionlarında sovet dönəmində erməni emissarlar tarixi faktların bu cür saxtalaşdırması və məhv edilməsi ilə məşğul olublar. Xüsusilə qeyd etmək istəyirik ki, erməni tərəfi hələ də Ermənistan və işğal altındakı Qarabağ ərazisində bu cür saxtalaşdırmalarla məşğul olur”, - Qarabağ ermənilərinin müraciətində deyilib.
Sözügedən müraciət “Qafqaz tarixi mərkəzi”nin ermənilərin tarixi saxtalaşdırması hallarının ifşası üçün apardığı araşdırmalar çərçivəsində hazırlanan “Bolqar qadın tərəfindən yazılmış erməni tarixi” adlı filmə dəstək xarakteri daşıyıb.
“Bizim ortaq vətənimiz – Azərbaycandır və biz Azərbaycan xalqının ayrılmaz tərkib hissəsiyik. Biz şübhə etmirik ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq və biz öz doğma diyarlarımıza qayıdacağıq”, - Qarabağ ermənilərinin müraciəti məhz bu fikirlərlə tamamlanıb.