12:24
756
BAEA (Beynəlxalq Atom Enerjisi Agentliyi) mütəxəssisləri bu yaxınlarda İranın "Buşehr" AES-də yoxlama aparıblar ki, bu da Tehranın agentliklə əməkdaşlığının davam etdiyini göstərir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi brifinq zamanı bəyan edib.
"İranın Vyanadakı nümayəndəliyinin agentliklə peşəkar təmasları saxlanılır və "Buşehr" AES-dəki son yoxlama da qaydalara əsaslanan bu əməkdaşlığın davam etdiyini göstərir", - deyə o bildirib.
Bəqayinin sözlərinə görə, İran Nüvə Silahlarının Yayılmaması Haqqında Müqaviləyə (NPT) və Təminatlar Haqqında Sazişə sadiq qalır və nüvə öhdəliklərini dayandırmayıb, lakin ABŞ və İsrailin nüvə obyektlərinə endirdiyi zərbələr təminatların adi qaydada yerinə yetirilməsini çətinləşdirib. O qeyd edib ki, mövcud fövqəladə şəraitdə əməkdaşlıq əvvəlki kimi aparıla bilməz və buna görə məsuliyyəti hücum edən tərəflər daşıyır. Bəqayi həmçinin bəyan edib ki, Müdirələr Şurası və şəxsən BAEA-nın baş direktoru İran obyektlərinə hücumlarla bağlı fəaliyyətsizlik mövqeyi tutaraq öz öhdəliklərini yerinə yetirməyiblər.
Məryəm Quliyeva