İqtidar və müxalifətdən islahatlara birgə dəstək Siyasət

İqtidar və müxalifətdən islahatlara birgə dəstək

Azərbaycanın siyasi partiyaları ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır

Bakıda "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda "dəyirmi masa" keçirilib.
"Dəyirmi masa"da Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media təmsilçiləri və siyasi ekspertlər iştirak ediblər.
Tədbirdə Yeni Azərbaycan Partiyasını Baş nazirin müavini, partiya sədrinin müavini - İcra katibi Əli Əhmədov təmsil edib.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, dəyirmi masa iştirakçılarına AVP tərəfindən hazırlanan sənəd tədim edilib: “Biz istərdik ki, yekunda hamımızın iradəsini ifadə edən sənəd qəbul edilsin. İki ilə yaxındır ki, Azərbaycana qarşı xarici təhdidlər artıb. Azərbaycanın nüfuzu qalxdıqca anti-Azərbaycan qüvvələri fəallaşıb. 2016-cı ilin aprelində Azərbaycan ordusu fəallıй nümayiş etdirib, az sonra Naxçıvanda irəliləyiş əldə edilib. Bundan sonra erməni lobbisi Azərbaycana qarşı fəaliyyətini gücləndirib. Bu gün hər kəsə bəllidir ki, diplomatik sahədə Ermənistan Azərbaycana uduzub. Ermənilər düşünürlər ki, necə etmək lazımdır, Azərbaycan zəifləsin? Azərbaycanı daxildən sarsıtmaq. Bunun üçün onlar başqa bir formadan istifadə edirlər və buna nail olurlar. Azərbaycandan Qərbə gedən, orada məskunlaşan iradəsi zəiflərin bir çoxunu ələ alaraq Azərbaycana qarşı istifadə edirlər, azərbaycanlıların əli ilə ölkəni daxildən sarsıtmaq istəyirlər. Bu şəxslər dövlət adamları, deputatlar, prezident, onun ailəsinə qarşı təhqirlər yağdırır, dövlətin üzərinə ləkə ataraq onu zəiflətməyə çalışırlar. Hətta ayrı-ayrı dövlət başçılarına müraciət edirlər, xalqı inqilaba çağırır, ölkə müxalifətini aşağılayaraq, özlərini müxalifət elan edirlər. Beləcə ermənilərin maraqlarına xidmət edirlər. Ona görə də siyasi partiya, vətəndaş cəmiyyəti, media kapitanlaarı olaraq, bizim üzərimizə böyük məsuliyyət düşür. Biz xalqın, dövlətin yanında olmalıyıq. Bu niyətlə sizi tədbirə dəvət etmişik. Ümidvaram ki, siz bu məsələ ilə bağlı fikirlərinizi səsləndirəcəksiniz”.

“Siyasi partiyaların birgə fəaliyyəti ideyası dəstəklənməlidir”

YAP sədrinin müavini Əli Əhmədov bildirib ki, siyasi proselsərdə xarici təsirlərin qarşısını almaq üçün siyasi partiyaların birgə fəaliyyət aparması ideyası dəstəklənməlidir: “Mən, burada bir məsəl çəkmək istərdim. 1993-cü ilin fevralında Heydər Əliyev YAP fəalları ilə görüşərkən bəzi gənclər Elçibəy haqqında xoşagəlməz fikirlər səsləndirdi. Heydər Əliyev sözü kəsərək elan etdi ki, Elçibəy prezident olub, o, iqtidarın siyasəti tənqid edilə bilər, amma şəxsiyyətin alçaldılmasına yol vermək olmaz. Mən bu sözləri ona görə deyərəm ki, bütün siyasi partiyalar bu nümunədən istifadə etməlidir. Qeyd edim ki, ölkə prezidenti, deputatlar bu ölkənin vətəndaşı olmalıdır. Siyasi partiyalar ölkə daxilində qurula bilər. Bu ona görədir ki, ölkənin maraqlarına xarici təsirlər olmasın. Bütün dunyada bu normalar mövcuddur və buna uyğun siyasi fəaliyyət göstərilir. Son dövlər Avropada mühacir adı ilə sığınacaq alan şəxslər siyasi proseslərdə aktivlik göstərirlər.
İkincisi, xaricdən sığınacaq alan və dövlətin hesabına dolanan şəxslərin geniş siyasi fəaliyyət göstərmək imkanı yoxdur. Belə şəxslər istəməsələr belə, xarici maraqlı qüvvələrin təsiri altına düşməyə məhkumdurlar, eləcə də xarici xüsusi xidmətlərə açıqdırlar. Odur ki, belə insanların Azərbaycan siyasətinə təsir etmək cəhdi xarici qüvvələrin ölkəmizə təsir etməyi qədər təhlükəlidir. Digər ehtimallar da bizim bu fikrə gəlməyimizi qaçılmaz edir. You Tube kanalında ən azı 10 min izləyəci hesabına maliyyə dəstəyi əldə edilməsi haqda fikirlər əsassızdır. Bunu istənilən mütəxəssislə söhbətləşib aydınlaşdıra bilərsiniz. 2003-cü ildə Milli Demokratiya İisititutunun nümayəndəliyi layihə həyata keçirməyə başlamışdı. Partiyaların gənc nümayəndələri üçün təlimlər keçdilər. Birinci YAP-dan başladılar. Bizim gənclərə təklif etdim ki, sabah müxalifətin təlimində də iştirak edin. Amma bizim gəncləri ora buraxmadılar. Sonra təşkilatçılar bizim yanımıza gəlib dedilər ki, niyə bizə imkan vermirsiniz, müxalifətin təlimlərini keçirək. Mən də dedim ki, bizim gənclər sizin verdiyiniz bilgiləri daha dərindən öyrənmək məqsəddilə ora gəliblər. Yəni belə bəlli oldu ki, müüxalifət üçün demokratiyaya dair seminar bir, iqtidar partiyası üçün başqa cür keçirilir.
Hesab edirəm ki, biz xaricdə başladılan kaampaniyaya "yox" deməyi bacarmalıyıq. Onlar kimi hədəfə alırlar? Əsas hədəf ölkə prezidentidir. Niyə? Çünki prezidentin apardığı siyasət nəticəsində Azərbaycan dövləti inkişaf edib, güclənib. Bu siyasət dövlət və milli maraqlara xidmət edir. Bu mənada dövlətə təsir etmək üçün prezidenti nüfuzdan salmaq və bunu azərbaycanlıların əli ilə etmək istəyirlər.
Son zamanlaar bu qruplar Ermənistanı təbliğ edirlər. Ermənistanın demokratik düşüncəli lideri olduğu görüntüsü yaradılır. Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi əsas tezis odur ki, demokratik düşüncəli ermənilər demokratik düşüncədə olmayan azərbaycanlılarla bir yerdə yaşaya bilməz. Və ya ordumuzun döyüş qabiliyyətinin üzərinə kölgə salmaq istiqamətində təbliğat aparırlar. Bu da Azərbaycanın milli maraqlarına qarşı aparılan işdir. Və ya seçkilərdə iştirak etməməyə dair səsləndirilən fikirlər. Bütün bunlarla əlaqədar bizim hər birimizin, sağlam düşüncəli partiyaların, ictimai hərəkatların sağlam mövqedə durması lazımdır. Vahid milli mövqenin ortaya qoyulması, siyaasi proseslərdə xarici təsirlərə qarşı iradə mühüm əhəmiyyət kəsb edir. İnanıram ki, bu tədbirdə bütün siyasi və ictimai qurumlar vahid mövqe ortaya qoyacaqlar”.

“Vahid mövqe ifadə edək”

Xalq Partiyasının sədri Pənah Hüseyn deyib ki, ATƏT-in Minsk Qrupu Qarabağda keçirilən seçkilərlə bağlı qərar qəbul edilib: "Mən təklif edirəm ki, müzakirəyə keçməzdən əvvəl bu seçkilərlə bağlı vahid mövqe ifadə edək. Sonra müzakirələrimizi davam etdirək".
VİP sədri Əli Əliyev təklif edib ki, redaksiya heyəti yaradılsın və təkliflər nəzərə alınsın.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “mən siyasi mübarizədə söyüşdən istifadə edilməsinə qarşıyam və bunu qətiyyətlə pisləyirəm”, - deyə vurğulayıb. ADP sədri əlavə edib ki, bu kimi halları dövlətçiliyin əleyhinə addım hesab edir. O, söyləyib ki, Azərbaycana Avropadan da, Rusiyadan da təhlükə var: “Bəli, Avropada hamı mələk deyil. Biz hamımız Azərbaycan dövlətinin və xalqının maraqlarılna xidmət etməliyik”.
Sərdar Cəlaloğlu eyni zamanda bir sıra tənqidi fikirlər səsləndirib. O, beynəlxlq təşkilatların Azərbaycanda baş tutan seçkilərə müdaxiləsini normal qiymətləndirib və buna tərəfdar olduğunu önə çəkib.
YAP icra katibinin sədri Əli Əhmədov ADP sədrinin bəzi tənqidlərinə cavab olaraq bildirib ki, hər hansı beynəlxalq qurumun müstəqil bir dövlətin daxili işlərinə müdaxiləsi yolverilməzdir: “Onlar seçkiləri yalnız müşahidə edə bilər”.
Əli Əhmədov əlavə edib ki, ABŞ-da seçki prosesinə xarici müdaxilə 2 ildir müzakirə olunur: “ABŞ niyə deyir ki, seçkilərə Rusiya müdaxiləsi var? Rusiya da analoji fikirlər söyləyir. Eləcə Fransada da belə fkirlər var. İndiki müasir dövrdə belə hallar mümkündür. Biz bunu müzakirə edirik və fikirlərimizi deyirik.
Əgər biz hər şeylə bağlı müzakirə aparsaq nəticə əldə edə bilmərik. 1990-cı ilin Azərbaycanı ilə indiki Azərbaycanı müqayisə etmək doğru deyil. Baxın görün indiki Azərbaycan nə qədərr inkişaf edib...”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, 10-15 il əvvəl belə tədbirlər çox olurdu: “ATƏT tədbirlər keçirirdi, siyasi partiyalar arasında məsləhətləşmələr keçirilirdi. Xarici qrantlar qadağan olundu, əvəzində heç nə yaranmadı. MDİ və digər qurumlar bağlandı. Nəzərə almaq lazımddır ki, yerlərdə insanlarla görüşən QHT-lərdir”.
Hüquq müdafiəçisi tədbirə xarici səfirliklərin, beynəlxalq qurumların dəvət edilməməsindən narazılıq edib: “Gəlib görsünlər ki, iqtidar-müxalifət birgə müzakirə aparır. Biz xaricdə Azərbaycana qarşı danışanlardan bəhs edirik. Qrantlar dayandıqdan sonra onlar xaricə qaçıb Azərbaycanı söyməklə qrant əldə edirlər. Biz pis-yaxşı rayonlara gedirik. Dünən 100 nəfər bizə müraciət edib. “Diqlas” ticarət mərkəzi yanıb, prezident də ora maliyyə ayırıb ki, ziyan çəkənlərə ödənsin. İkincisi, Hacı Qalib adlı şəxslə bağlı 28 nəfər bizə müraciət edib ki, torpağımızı əlimizdən alır. Bu kimi məsuliyyətsiz məmurların fəaliyyəti son nəticədə dövlətə qarşıddır”.

“Burdakılar xaricdəkilərlə işbirliyini açıq formada ortaya qoymaqdan qorxurlar”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev əvvəla qeyd edim ki, mövzunun adının müəyyənləşdirilməsində və layihənin hazırlanmasında bizim partiya iştirak edib”, - deyə diqqətə çatdırıb: “Hesab edirəm ki, hazırda Azərbaycan üçün ən aktual məsələlərdən biri budur. Ona görə bu mövzu seçilib. Amma, əlbəttə Azərbaycanda problemlər var və nöqsanların hər biri müzakirə olunmalıdır. O cümlədən islahatların dərinləşdirilməsi istiqamətində konktret addımlar atılmalıdır. İlk öncə hörmətli Əli Əhmədova minnətdarlığımı bildirirəm. Ölkənin siyasi həyatında iştirak edən bütün mütərəqqi qüvvələr iki gün öncə verdiyiniz müsahibəni böyük rəğbətlə qarşılayıblar. Bu, hesab edirəm ki, həm də əməkdaşlıq üçün yeni imkanlar açıb. Hökumət bu məsələdə öz mövqeyini nümayiş etdirə bilib.
Bundan başqa burada iki məsələ xüsusilə diqqətimi çəkib. Birincisi, əslində, hökumətin müəyyən müxalif qüvvələrə qarşı radikal olması ilə bağlı məsələdir. Hesab edirəm ki, hökumət radikal ola bilər, mən radikal sözünü işlətmək istəmirəm. Amma hesab edirəm ki, xaricdən idarə olunan, bəzən də “fit müxalifəti” adlandırdığım bu şəxslərə qarşı bütün cəmiyyət dözümsüz olmalıdır. Soruşa bilərsiniz ki, əlinizdə fakt varmı? Bəli var”.
BAXCP sədri bildirib ki, prezident seçkilərində Rüstəm İbrahimbəyov Azərbaycana gəldi, iki il öncə ziyalıların dəyirmi masasını yaratdı, hamı bilirdi ki, hansı məqsədlə göndərilib, məqsədi nədən ibarətir:
“Hamı toplaşdı onun başına və Putinə bir şanlı məktub da yazdılar. Məktubda onun böyük demokrat olduğunu da vurğuladılar və dəstək istədilər. Ancaq sonda nə baş verdi? Bir adam Rüstəm İbrahimbəyovdan soruşmamışdı ki, sənin Azərbaycan Respublikası vətəndaşlığın var, ya yox? Rüstəm İbrahimbəyov bu yaxınlarda açıqlamasında bildirib ki, Rusiya vətəndaşlığından məhrum edilmədiyi üçün çox şad olub. Biz bunları görə görə gəlmişik”.
Qüsdrət Həsənquliyev başqa bir məsələni də xatırlatmaq istədiyini qeyd edib: “Sərdar Cəlaloğlu deyir ki, bu bəyanatın son məğzi seçkilərlə bağlıdır. Qətiyyən bu belə deyil. Seçkiləri beynəlxalq təşkilatlar müşahidə etməlidir. Seçki qanunvericiliyinin təkmilləşdirilməsində statuslarına uyğun iştirak etməlidirlər. Söhbət, bilirisiniz nədən gedir? Yenə bir misal çəkim və hörmətli Sərdar bəyə xatırladım. Söbət ondan gedir ki, bu yaxınlarda Əli Kərimlinin ABŞ-dakı ən fəal təbliğatçısı, vaxtilə AXCP-də beynəlxalq əlaqələr şöbəsinin müdiri olmuş Qorxmaz Əsgərov “Ayının əmisioğlu” adlı bir məqalə ilə çıxış edib:
“Məqalədə qeyd edir ki, biz prezident seçkilərində AXCP olaraq ona görə Etibar Məmmədovu müdafiə etdik ki, bunu bizə Milli Demokratiya İnstitutu tövsiyə etdi. Əgər bir siyasi partiyaya hansısa xarici qüvvə hansısa namizədi dəstəkləmək göstərişi verirsə, bu, birbaşa olaraq ölkənin daxili siyasətinə müdaxilədir. Biz bunlara qarşıyıq ki, hər hansı xarici qüvvə bunu edə bilməsin.
Qayıdaq radikallıq məsələsinə. Əli Əliyevin çıxışlarına qulaq asdım. Kifayət qədər sərt, radikal çıxışlar edir. Elə Pənah Hüseynov da, başqaları da. Sərdar Cəlaloğlu, elə sizin özünüzə qarşı da kifayət qədər sərt çıxışlar olur. Bəs niyə sizə qarşı o radikallıq yoxdur? Mənim məlumatıma görə, daxildən sizi hansısa qüvvələr yönəldir, bu normaldır, ancaq xaricdən sizi də yönləndirsələr, tək hökumət yox, başda mən olmaqla, bütün cəmiyyət sizə qarşı sərt mövqe sərgiləməli və dözümsüz olmalıdır.
Qaldı ki BMT-dən gətirdiyiniz misala, heç bir beynəlxalq sənəddə, o cümlədən sizin qeyd etdiyiniz BMT Nizamnaməsində üsyana çağırış yoxdur. Burada hökumətin qanunsuz, Konstitusiyaya zidd davranışlarına etiraz hüququndan söhbət gedir. Üsyan formasında onu ifadə etmək məsələyə sırf ekstremist yanaşmasıdır və cəmiyyətə neqativ mesajların ötürülməsidir. Pənah Hüseynov dedi ki, guya xaricdəki radikal davranış yeni bir müxalifət çıxardı ortaya. Burdakılar xaricdəkilərlə işbirliyini açıq formada ortaya qoymaqdan qorxurlar. Amma onlar işbirliyi edirlər. Məsələn, Sevinc Osmanqızı ən sərt, pis söyüşləri söyənlərdən birini çıxarmışdı efirə və onu az qala milli qəhrəman kimi cəmiyyətə təqdim edirdi. Bəs bu işbirliyi deyil, nədir? Bu, onların fəaliyyətinin təqdir edilməsi deyil, nədir? Ona görə də mən hesab edirəm ki, bu işbirliyinin açıq şəkildə elan edilməməsi o demək deyil ki, onlar birlikdə deyillər. Ona görə də, cəmiyyətin, dövlətin, bütün siyasi partiyaların, QHT-lərin də borcu odur ki, bu tipli məsələlərə görə biz etiraz bildirək. Yoxsa, bu gün Azərbaycanda demokratiya, qanunun aliliyi ilə bağlı hansısa problemlər varsa, ona haqq qazandırmalıyıq ki, daxildə imkan yoxdur, hakimiyyətə gəlmək üçün xaricdən dəstək istə? Hesab edirəm ki, bu yolverilməzdir. Aktuallığına görə, bir mövzu seçilib və biz hamımız da bilirik ki, islahatların nəticəsi olaraq kimlərsə öz vəzifələrini itirə bilərlər. Onlar da hansısa formada işbirliyindədir. Sizin dediyiniz kimi, müəyyən mənada informasiyalar ötürürlər, maliyyələşdirirlər. Amma bizim də borcumuz odur ki, islahatlar məsələsində ölkə prezidentinə lazımi dəstək verək. Bütün cəmiyyət lazımi dəstək versin ki, bu islahatlar dərinləşsin. Biz sivil yolla, yuxarıdan islahatlar yolu ilə Azərbaycanı inkişafın yeni mərhələsinə keçirək”.
Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa “hesab edirəm ki, hər bir tədbirin nəticəsi qəbul edilən sənəddir. Bu mənada hər kəsin sənədi müzakirə etməyə dəvət edirəm”, - deyə vurğulayıb. O, əlavə edib ki, bəyanat layihəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair abzasla bağlı fikir ayrılığı ola bilməz: "Hesab edirəm ki, bu məsələdə iqtidar və müxalifətin fərqli mövqeyi yoxdur". Bəyanatın seçkilərlə bağlı hissəsinə gəldikdə, hesab edirəm ki, bura müəyyən əlavələr edilməlidir. F.Mustafa qeyd edib ki, iqtidar-müxalifət arasında dialoq sistemli şəkildə həyata keçirilməlidir. Fikrimcə, YAP rəhbərliyi bu təşəbbüsü dəstəkləməli və vaxtaşırı problemlər müzakirə olunmalıdır.
Politoloq Eldar Namazov “mənim tədbirə qatılmağım bu formatda keçirilən tədbirə dəstək məqsədi daşıyır”, - deyə diqqətə çatdırıb Onun sözlərinə görə, siyasi partiyalar, iqtidarla müxalifət birgə müzakirələr aparılmalıdır: “Amma bu, davamlı olmasa, xalqımız üçün xeyirli olmayacaq. Hər kəs deyəcək ki, toplaşıb dağılışdılar. Bu yaxınlarda Gürcüstan telekanallarından birində jurnalist Rusiya prezidentini təhqir etdi. İki gün əvvəl Gürcüstan prezidenti mətbuat xidmətinin üzvünü qovub, çünki o, Putini söyən jurnalistə dəstək verib. Eləcə də Braziliya prezidenti sosial şəbəkələrdə Makronun xanımına sataşdı. Biz internet əsrində yaşayırıq. Nəzərə almaq lazımdır ki, insanlar məhkəmədə haqq-ədaləti tapmırlar, ona görə də axşam dərhal sosial şəbəkələrdə ortaya çıxırlar. Eləcə də məmurlardan narazı olanlar var. Hesab edirəm ki, bu məqamlar nəzərə alınmalıdır”.

“Azərbaycana hər zaman xarici hücumlar olub”

“Teleqraf Holdinq”in rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı bildirib ki, bu müzakirənin keçirilməsi vaxtında verilmiş bir qərardır. O bildirib ki, Azərbaycana hər zaman xarici hücumlar olub: “Məncə, müzakirələrdən sonra ümumi qəbul edilən istiqamətlər üzrə birgə hərəkət planımızın da müəyyənləşməsi çox yaxşı olardı. Hər şeydən öncə ondan başlamaq istəyirəm ki, Azərbaycandakı siyasi proseslərə xarici müdaxilə cəhdləri hər zaman olub: bunu zaman-zaman xarici xüsusi xidmət orqanlarının müəyyən fəaliyyətində və yaxud antiazərbaycan mövqeyi sərgilədiyini hətta gizlətməyən beynəlxalq donor təşkilatların elan etdiyi qrant layihələrin istiqamətində də sezmək mümkün idi. Sadəcə, hakimiyyətin apardığı təbliğat, eyni zamanda, xüsusi xidmət orqanlarının sayıqlığı xarici müdaxilələri bu vaxta qədər neytrallaşdırıb.
Ancaq son aylarda biz bu müdaxilənin tam fərqli formasını müşahidə edirik ki, bu məqamı da YAP İcra katibi, Baş nazirin müavini Əli Əhmədov aktuallaşdırdı və olduqca mühüm məqama toxundu. Əli müəllim bildirdi ki, ölkə xaricində anti-Azərbaycan kampaniyası aparanların səhifələrinə ayda ortalama 10 min dollarlıq reklam yatırılır.
Əlbəttə, “mühacir” statusu ilə xaricə gedənlərin bu qədər böyük məbləği yalnız aylıq reklama xərcləmələri artıq bu prosesin arxasında xüsusi qüvvələrin olduğunu söyləməyə əsas verir”.
Aynur Camalqızının sözlərinə görə, xaricdəki anti-Azərbaycan qüvvələrin körüklədiyi bəlli blogerlər, yutuberlər ölkəmizə qarşı hücumları artırıblar: “Biz müşahidə edirik ki, dünyada müharibələrin çeşidli formaları yaranır və bu formalardan ən təhlükəlilərdən biri kibermüharibələr və informasiya savaşlarıdır. Azərbaycan Ordusu həm hərbi təchizat, həm də kadr potensialına görə Qafqazın ən güclü ordusu olduğu kimi, biz müharibələrin digər formalarında da güclü əsgərlər – kadrlar yetişdirməli, yeni informasiya texnologiyalarını tətbiq etməli və bu sahəyə diqqəti maksimum artırmalıyıq.
Yeni media sürətlə vizuallaşır və bu vizuallıqda Yutub məxsusi bir status qazanır. Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanın yeni mediası vizuallaşmada düşmən təbliğatından və yaxud düşmənin körüklədiyi ayrı-ayrı şəxslərin texniki imkanlarından geri qalır.
Adını hamımızın bildiyi, açıqlanmasına ehtiyac olmayan və “bəlli şəxslər” olaraq ümumiləşdirdiyimiz yutuberlərin maliyyə qaynaqlarının kimliyini bir kənara qoyuram, fakt ondan ibarətdir ki, bunlar, Əli müəllimin qeyd etdiyi kimi, hər ay yalnız bir səhifəsinin reklamına 10 min dollar ayırmağı bacarır, studiya qurur, vaxtaşırı texniki bazalarını yeniləyirlər. Onlar virtual məkanda Azərbaycan həqiqətlərini işğal edirlər və işğal etdikləri virtual məkanlarda, obrazlı desək, siyasi terror həyata keçirməyə başlayıblar”.
Əməkdar jurnalist qeyd edib ki, ilk növbədə Azərbaycan həqiqətlərinin işğalına cəhdin qarşısını almaq lazımdır: “Azərbaycanın sabitliyində, iqtisadi qüdrətinin artmasında maraqlı olan iş adamları da bunda maraqlı olmalıdır. Təəssüf ki, bizim reklam bazarımız tam formalaşmadığı üçün ayrı-ayrı informasiya qurumlarının bu istiqamətdə atdığı addımlar maddi-texniki baza çatışmazlığından arzuladığımız effekti vermir. Hesab edirəm ki, KİV DF-nin yeni mediaya diqqəti artırmasının zamanı çoxdan çatıb və KİV DF bizim maddi-texniki bazamızın təkmilləşməsində ciddi rol oynaya bilər. Xatırladıram ki, ölkəmizə ənənəvi yollarla müdaxiləyə imkan tapmayanların virtual müdaxilələrinə qarşı informasiya siyasətimizi qura biləcək kifayət qədər kadr potensialına sahibik”.
REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib ki, xaricdə Azərbaycana qarşı aparılan kampaniyanı terror elan edib. O əlavə edib ki, mühacirlərdən danışmaq niyyəti yoxdur: “Söhbət sosial mühacirlərdən gedir. Mühacirlərin götürəcəyi nümunə Rəsulzadədir. Amma onlar öndər olaraq akademik Cəlal Əliyevi seçirlər. Fikrimcə, dövlət müstəqilliyi ilə vətəndaş mütəqilliyi arasında seçim var. Mən dövlət müstəqilliyini seçirəm. Dövlət müstəqqilliyi olmasa vətəndaş müstəqilliyi də olmaz. Mən jurnalistləri, nüfuzlu insanları ortaya fərdi mövqe qoymağa çağırıram. Azərbaycan müstəqilliyinə xarici təsirlərə hər bir kəs cavab verməli, dövlətin yanında olmalıdır”.

Qəbul edilən bəyanatda nə deyilir?

Sonda hakim Yeni Azərbaycan Partiyası və digər siyasi partiyaların, media, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən "dəyirmi masa"da bəyanat qəbul edilib. Bəyanatda deyilir: "Biz, “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda təşkil edilmiş “dəyirmi masa”nın iştirakçıları olan siyasi partiyaların, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlərin bu gün beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi məqsədilə:
- Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəyimizi bəyan edir,
- siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu qurculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edir,
- ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır,
- vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq, siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırır,
- respublikamızdakı siyasi proseslərə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk".

Əli