Moskva Xəzəri hərbiləşdirir Siyasət

Moskva Xəzəri hərbiləşdirir

NATO sammti ərəfəsində Rusiya dənizdə hərbi təlimlərə sstart verdi

Cavid

Rusiya yenidən Xəzərdə "əzələ nümayiş" etdirir. Rəsmi Moskva Həştərxan bölgəsində hərbi təlimlərə başlayıb. Aşuluk, Kapustin Yar poliqonları və Xəzər dənizində keçirilən təlimlərə zenit, hava hücumundan müdafiə kompleksləri və Rusiya Xəzər Donanmasına məxsus döyüş gəmiləri qatılıb.
Rusiya Müdafiə Nazirliyinin Cənubi Hərbi Dairəsinin mətbuat bürosu bəyan edib ki, manevr zamanı ani baş verən təyyarə və raket hücumlarına cavab vermək üçün sınaqlar keçiriləcək. Təlimlər zamanı yeni S-400 və "Triumf" raketlərindən istifadə ediləcəyi bildirilib. Həmçinin Rusiyanın yeni "Pançir-C1", "Buk-M1", "Tor-M1" və "Tunqusk" raketlərinin də istifadə olunacağı qeyd olunub.
Cənub Hərbi Dairəsinin komandan müavini general Aleksandr Romançukun rəhbərliyi altında keçirilən təlimlər həftənin sonuna kimi davam edəcək.
Onu da bildirək ki, Rusiya Hərbi-Dəniz donanması günü ilə əlaqədar Xəzərdəki hərbi gəmilərinin sayını artırmaq niyyətindədir. Rəsmi Moskva gəmilərin bu ilin sonuna kimi Xəzərdəki donanmaya veriləcəyini açıqlayıb. 2016-cı ilə qədər isə Rusiya Hərbi-Dəniz donanması 3 ədəd "Buyan" sinfindən olan raket gəmiləri ilə təchiz olunacaq.
Bundan başqa Rusiya Hərbi-Hava Qüvvələri Şimali Qafqazda yerləşən aviabazalarına 40 yeni qırıcı təyyarə, 60-a yaxın uçuş aparatı göndərib.
Rusiyanın Xəzər dənizində yerləşən hərbi dəniz donaması da yeni gəmilər və müasir silahlarla təhciz olunur. Donanmaya 20 yeni hərbi gəmi və 2 sualtı qayıq əlavə olunub. Rusiya mətbuatı xəbər verir, ruslar bu addımı ilə NATO-nun bu ölkə ərazisinə yaxınlaşmaqda olan sərhədlərini gücləndirmək niyyəti güdür.
"Uqliç" kiçik raket gəmisi də Xəzərə gətirilib. "Uqliç" raket gəmisi bir növ "gözəgörünməzdir", yəni radarlara yaxalanmır və müasir artilleriya, raket, diversiya əleyhinə, zenit və radiotexniki sistemlərlə təchiz olunub.
Gəminin silah arsenalının sırasına uzaq məsafədə hədəfi dəqiq vuran "Kalibr-NK" raketləri də daxildir. Gəminin su tutumu 949 tondur, uzunluğu 75 metr, eni 11 metr, sürəti saatda 25 dəniz milidir.
Hərbi mütəxəssislərin fikrincə, Rusiyanın Xəzərdə cəmləşdirdiyi raket gəmiləri taktiki yox, strateji silahlar sisteminə malikdirlər.
Məlumat üçün bildirək ki, ötən ilin avqustundan aparılan sınaqlar zamanı gəmilərdən çoxhədəfli "Kalibr NK" raketlərinin dörd buraxılışı həyata keçirilib. Cənub dairəsindən bildirildiyinə görə, bu ilin sonuna qədər Xəzər donanması daha iki hərbi gəmi ilə təchiz olunacaq. 2020-ci ilə qədər isə daha üç iri hərbi gəmi donanmanın tərkibinə veriləcək.
Bundan əvvəl Rusiya Xəzər donanmasına güclü silah sistemləri ilə təchiz olunmuş "Dağıstan" raket gəmisini daxil etmişdi. Rusiya hərbi-dəniz donanmasının Xəzərdə əvvəlcədən elan olunmayan hərbi manevrlərə başlaması region ölkələri üçün xoşagəlməz hadisə kimi dəyərləndirilir. Qeyd edək ki, Rusiya Ukrayna ilə bağlı gərginliyin yaranmasından sonra bu cür qəfil hərbi manevrləri artırıb.
O da maraqlıdır ki, Rusiyanın Xəzərdə yenidən hərbi təlimlərə başlaması NATO-nun Uels sammiti ilə üst-üstə düşür. Deməli, rəsmi Moskva Ukrayna məsələsində hərbi təlimlər keçirməklə NATO-ya mesaj verir.
Rusiyanın Xəzər dənizindəki donanmasını yeni hərbi gəmi ilə gücləndirməsi və hərbi təlimləri davam etdirməsi bir sıra suallar da yaradıb. Bir müddət öncə də Rusiya belə bir addım atmışdı. Daha dəqiq, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Xəzərin hüquqi status ilə bağlı Moskvada apardıqları müzakirələrdən dərhal sonra Rusiya Xəzərdə hərbi gücünü nümayiş etdirməyə başladı.
Ekspertlər hesab edirlər ki, Rusiyanın belə addımları Xəzər hövzəsində iri enerji layihələrində iştirak edən Qərbə qarşı yönəlib. Xatırladaq ki, 2013-cü ilin mayında Avropa Birliyinin sammiti "Transxəzər" qaz kəmərini 2014-2020-ci illər üçün prioritet infrastruktur enerji layihələri sırasına daxil edib. Lakin Rusiya layihənin reallaşmasına əngəl törədir. 2012-ci ilin əvvəlində Rusiya - Avropa İttifaqı sammitində Putin deyib ki, Moskva konsensus olmadan Xəzər üzrə qəbul olunmuş qərarları legitim saymayacaq. Moskva qaz kəmərinin Xəzərin ekoloji tarazlığına zərər vuracağını iddia edir və bildirir ki, Xəzəryanı ölkələrin ümumi razılığı olmadan bu məsələ həllini tapa bilməz.
Rusiya qazından asılılığını azaltmaq istəyən Avropanın isə Ukrayna hadisələrindən sonra buna daha çox ehtiyacı yaranıb və əlavə mənbələrin axtarışları gücləndirilib. Məhz belə bir şəraitdə "Transxəzər" qaz kəmərinin tikilməsini istəməyən Rusiya Xəzərdə güc nümayiş etdirir.
Bir sözlə, Xəzərdə sular isinir. Kreml Avropanın prioritet hesab etdiyi "Transxəzər" qaz kəməri layihəsinin çəkilişinə istənilən yolla maneə olacağını göstərməyə çalışır.
Bu gün regionun enerji ehtiyatları uğrunda mübarizə faktiki olaraq yeni mərhələyə qədəm qoyub. Bu, Azərbaycanın Trans-Adriatik enerji layihəsinə üstünlük verməsindən sonra başlayıb.
Ekspertlər hesab edirlər ki, artıq Xəzər hövzəsində geosiyasi dinamika dəyişməkdədir. Mərkəzi Asiya da daxil olmaqla, böyük bir məkanda enerji daşıyıcılarının Qərbə nəqli üçün geniş imkanlar yaradan həmin layihəyə bəzi dövlətlər qısqanclıqla yanaşırlar.
Politoloq Elşən Həsənovun firkincə Rusiya həmişə belə avantürist siyasətə əl atır: "Xəzərin hüquqi statusunun həll olunması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan intensiv danışıqlar ərəfəsi və yaxud da bölgədə hər hansı bir nəhəng iqtisadi layihənini reallaşdırılması zamanı və yaxud da Qərbin bölgəyə diqqətinin artdığı bir vaxtda Rusiya istər quruda, istərsə də dənizdə hərbi təlimlərə start verir. Bununla da dünyaya öz gücünü nümayiş etdirir ki, "mən də varam". Xəzəri bütünlüklə inhisarına almaq istəyən rəsmi Moskva Qərbin burada maraqlarına qarşı çıxır. Açığı, çox zaman istəyinə də nail ola bilir. Ukrayna hadisələri başlayandan sonra Rusiya bir neçə dəfə quruda, bir neçə dəfə isə Xəzərdə hərbi təlimlər keçirdi. Hətta Qara dənizdə də gücünü sınadı. Rusiyanın belə bir addımı NATO-ya mesajdır. NATO hərbi gəmilərini Qara dənizə yaxınlaşdırır, bu isə Moskvanı qıcıqlandırıb. Ona görə də Rusiya müasir hərbi gəmilərini sınaqdan keçirməklə Qərbə meydan oxuyur".