“Qərəzli və qeyri-obyektivdir” Siyasət

“Qərəzli və qeyri-obyektivdir”

Bahar Muradova: "Avropa Parlamentinin bir qrup üzvü hüquqi məsələləri siyasiləşdirərək Azərbaycana təzyiq göstərməyə çalışır"

"Avropa Parlamentində Azərbaycanla bağlı heç bir fakta söykənməyən, ölkə reallıqlarını əks etdirməyən məsələlərin müzakirəyə çıxarılması dərin təəssüf hissi yaradır".
Bu sözləri Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, Avropa Parlamentinin bir qrup üzvü hüquqi məsələləri siyasiləşdirərək ayrı-ayrı ölkələrə, o cümlədən Azərbaycana təzyiq göstərməyə çalışır: "Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə və layihələrə ev sahibliyi etdiyi, strateji əhəmiyyətli mühüm layihələri gerçəkləşdirdiyi ərəfələrdə zaman-zaman ölkəmizə qarşı bu cür qərəzli kampaniyaların şahidi olmuşuq. Bu, özlüyündə təqdir olunmur, çünki Azərbaycan hazırda regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə əhəmiyyətli töhfələr verən siyasət həyata keçirir, beynəlxalq miqyasda etibarlı tərəfdaş və demokratik ölkə kimi tanınır. Qətnamə layihəsinin formatına, orada əks olunan məsələlərə, ifadə olunan nəticəyə və digər məqamlara nəzər saldıqda görünür ki, bu layihə anti-Azərbaycan dairələrin sifarişi əsasında hazırlanıb. Ona görə də Azərbaycandakı vəziyyəti əks etdirməyən bu layihə tamamilə qərəzli və qeyri-obyektivdir".