“Pandemiya ilə mübarizə üçün strateji plan hazırlanmalıdır” Siyasət

“Pandemiya ilə mübarizə üçün strateji plan hazırlanmalıdır”

“Bu böhran möhkəm əsaslı kollektiv addımlar atmağı tələb edir. Bu addımlar həm regional, həm də qlobal səviyyədə atılmalıdır. Bəşəriyyət bu böhrana qarşı birgə dayanmalı, mübarizə aparmalıdır".
Bunu bu gün Əfqanıstan Prezidenti Əşrəf Qani Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa (COVID-19) qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” (United against COVID-19) mövzusunda Zirvə görüşündə bildirib.
Əşrəf Qani deyib ki, hazırda müxtəlif ölkələrdə bu virusa qarşı peyvəndin tapılması ilə bağlı araşdırmalar aparılır: "Mən ön cəbhədə olan bütün tibbi işçilərinə, araşdırma aparan tədqiqatçılara təşəkkür edirəm”.
O, Əfqanıstan hökumətinin həm yerli, həm regional, həm də beynəlxalq səviyyədə üzərinə düşən bütün vəzifələri yerinə yetirdiyini qeyd edib.
Əfqanıstan prezidenti Qoşulmama Hərəkatının çoxtərəfli əməkdaşlığı təbliğ etdiyini deyib.
Əşrəf Qani ölkəsində COVID-19-la mübarizə çərçivəsində müvafiq addımların atıldığını, həssas təbəqələrin müəyyənləşdirilməsi və onlara dəstəyin verilməsi istiqamətində işlər görüldüyünü söyləyib: “Bu pandemiya və onun təsirləri bütün bəşəriyyətə qarşıdır, ona görə də onunla mübarizə üçün strateji plan hazırlanmalıdır".
Əfqanıstan Prezidenti deyib ki, hazırkı şəraitdə proqnoz vermək çətindir, hökumət əsas diqqəti pandemiya ilə mübarizəyə ayırıb.
Onun sözlərinə görə, hökumət vəziyyəti nəzərə alaraq dəfələrlə "Taliban" hərəkatını atəşkəsə çağırıb. "Biz onları siyasi dialoqa çağırmışıq".
Prezident Qani deyib ki, bu böhran 21-ci əsrdə bəşəriyyətin üzləşdiyi ən böyük çətinliklərdən biridir.
"Əfqanıstan illərlə konfliktlərdən əziyyət çəkib, biz bu mübarizədə regional və qlobal əməkdaşlıqda maraqlıyıq. Mən cənab Prezidentə təşəkkür edirəm ki, bizi bir araya gətirdi. Biz təcrübələrimizi bölüşməli, əməkdaşlığımızı genişləndirməliyik", - deyə Əfqanıstan Prezidenti vurğulayıb.