“Bütün dünyada iqtisadi münasibətlər dəyişiləcək” Siyasət

“Bütün dünyada iqtisadi münasibətlər dəyişiləcək”

İlqar Vəlizadə: “Çünki, karantin tədbirləri uzunmüddətli xarakter daşıyır”

"Pandemiyadan daha tez çıxan ölkələr, söhbət iri oyunçulardan gedir, onlar daha çox üstünlük qazanacaqlar. Hələ ki, dövlətlər bunu etməyə çalışırlar, xüsusilə də Çin". Bunu politoloq İlqar Vəlizadə post-pandemiya dövründə hansı ölkələrin daha çox üstünlük qazanacağından danışarkən deyib.
Onun sözlərinə görə, bütün dünyada iqtisadi münasibətlər dəyişiləcək, çünki, karantin tədbirləri uzunmüddətli xarakter daşıyır və baxmayaraq ki, ölkələr karantin rejiminin yumşaldılmasına doğru gedirlər, lakin onlar tamamilə karantin rejimindən çıxmaq niyyətində deyillər: "Bəzi ölkələrin rəsmilərinin fikirlərinə əsasən, pandemiya ilə mübarizə tədbirləri çox güman ki, bir il və ya bir il yarım davam edəcək. Virusa qarşı vaksin tapılmadığı müddətdə bu karantin tədbirləri mövcud olaraq qalacaq. Eyni zamanda, infeksiyanın ikinci dalğasının olması da gözlənilir. Bu haqda müxtəlif versiyalar önə sürülür. Onlardan birinə görə, bunun ilin sonlarından olmasından xəbər verir. Bəziləri karantin yumşaltmalarına getməklə bunun ola biləcəyini irəli sürür. Bütün hallarda nə qədər ki, bu təhlükə sovuşmayıb, bütün dünya karantin tədbirlərini həyata keçirməyə davam edəcək. İlk növbədə sərhədlər qapalı saxlanılacaq, işlər distant şəkildə idarə olunacaq və sərhədlər bağlı olduğu müddətdə ticarət mübadiləsi də azalacaq. Hazırda, ölkələr daha çox öz resurslarından istifadə edirlər, kimin resurs bazası zəngindirsə, onlar daha çox üstünlük əldə etmiş olurlar. Kimin resurs bazası zəifdirsə, onların vəziyyəti təbii ki, elə də ürəkaçan deyil. Bu ölkələrə yardımlar lazımdır. Artıq bir çox ölkələr Beynəlxalq Valyuta Fonduna üz tutaraq kredit və maliyyə yardım istəyirlər. Bu yardımların ümumi həcmi trilyon dollarlarla ölçülür. Həmin təsisatın isə hər kəsə kömək etməyə imkanları yoxdur".
Ekspertin fikrincə, mövcud dövr sonrasında rəqabət çoxalacaq və bu xüsusilə də aparıcı dövlətlərin timsalında özünü biruzə verəcək: " Çinin iqtisadiyyatı pandemiyanın təsirlərindən tədricən xilas olur. Lakin Avropa ölkələri və ABŞ-ın iqtisadiyyatı ciddi karantin qaydaları ilə məhdudlaşdırılmışdır. Bu Çinə müəyyən üstünlüklər verir. Bu faktın özü də Çin-ABŞ və Çin-Avropa iqtisadi münasibətlərini gərginləşdirə bilər. Çin iqtisadiyyatına görə, dünyada ikinci yerdə durur. Həm də post-pandemiya dövründə Çin çox güman ki, çalışacaq birinci yerə qalxsın. ABŞ isə buna imkan verməməyə çalışacaq. Bu isə münasibətlərin gərginləşməsinə, dünya ticarət sistemində, beynəlxalq iqtisadi sistemində növbəti aylardan gərginliyin yaşanmasına gətirib çıxara bilər".