Koronavirus, korrupsiya və rüşvətxorluq: Oxşar bəlalar qarşı paralel müharibə Siyasət

Koronavirus, korrupsiya və rüşvətxorluq: Oxşar bəlalar qarşı paralel müharibə

Azərbaycan dövləti öz vətəndaşını layiqincə qoruyur. Pandemiya ilə mübarizədə qazanılan uğurlar göz önündədir. Ölkəmiz bütün çətinliklərin öhdəsindən təkbaşına gəlir, bu bacarığı ilə dünyaya örnək göstərir. Prezident İlham Əliyev prosesi daim ciddi nəzarətdə saxlayır, virusla effektli mübarizə üçün lazım olan bütün addımlar atılır. Dövlət başçısı fasiləsiz və gərgin işləyir. Ən xırda məqam da diqqətdən kənarda qalmır. Atılan bütün addımlar forma və mahiyyətcə qabaqlayıcı xarakter daşıyır. Bir neçə gün əvvəl tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəsisəsinin açılışı bu baxımdan ölkəmiz üçün çox vacib idi. Məlumdur ki, pandemiya dövründə dünyada bu tip tibbi ləvazimatlara tələbat kəskin artıb. Hətta ən inkişaf etmiş ölkələrdə böyük qıtlıq var. Azərbaycan da əvvəlki aylarda bu vasitələri xaricdən, özü də bəzi hallarda böyük çətinliklərlə alırdı. Odur ki, Prezident İlham Əliyev yerli istehsalın yaradılmasını qarşıya məqsəd qoydu və buna nail oldu.
Xüsusi vurğulamaq lazımdır ki, bu müəssisələrin fəaliyyətə başlaması ölkəmizin növbəti böyük uğurudur. Belə müasir istehsal imkanlarının tez bir zamanda, həm də heç bir xarici kömək olmadan, yalnız daxili imkanlar hesabına yaradılması Azərbaycan dövlətinin qüdrətini, iqtisadi imkanlarını göstərir. Əlbəttə ki, burada özəl sektorun da böyük rolu var. Prezident İlham Əliyevin uzun illərdir sahibkarlara, özəl sektora göstərdiyi dəstək belə çətin vəziyyətlərdə özünü doğruldur. İndi ölkəmiz nəinki özünü bu vasitələrlə tam təmin edəcək, hətta ixrac imkanları da qazanacaq. Göründüyü kimi, Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafını, ixrac imkanlarının şaxələndiriliməsini yenə xüsusi diqqətdə saxlayır.
Pandemiyadan ziyan çəkmiş vətəndaşların rifahı üçün elan edilən sosial paket isə, müstəqillik tariximizin ən nəhəng dəstək tədbiridir. Dövlət maddi imkanlarını vətəndaşlardan əsirgəmir. Bu məqsədlə büdcədən əhəmiyyətli vəsait ayrılır.
Azərbaycan pandemiya dövründə bir dövlət kimi bütün imkanlarını, gücünü və qüdrətini ortaya qoyur. Prezident İlham Əliyev sübut edir ki, Azərbaycan vətəndaşının həyatı, sağlamlığı hər şeydən üstündür. Çətin günlərdə öz vətəndaşının yanında olmaq, onun həyatını qorumaq, hətta kəskin maliyyə itkilərini gözə alaraq insanların maddi rifahını düşünmək kimi humanist mahiyyət Azərbaycanı dünyada fərqləndirən amillərdəndir.
Bu gün ən vacib şərt pandemiya ilə mübarizədə qazanılan uğurları qoruyub saxlamaqdır. Çünki dünyada virusun növbəti yayılma dalğaları müşahidə olunur. Bu təhlükə Azərbaycan üçün də aktualdır. Dövlət indiyə kimi nə lazımdırsa edib. İndi vətəndaşların üzərinə daha böyük məsuliyyət düşür. İnsanların məsuliyyətli olması, özlərini və yaxınlarını qoruması bütün cəmiyyəti baş verə biləcək təhlükələrdən sığortalayır.
Milli iqtisadiyyata gəldikdə isə xarici şokların Azərbaycana mənfi təsirlərinə baxmayaraq ilin əvvəlindən indiyə kimi iqtisadi sahədə az da olsa irəliləyiş var. Ən əsası odur ki, iqtisadiyyatımızda hələlik geriləmə yoxdur. Azərbaycan hökuməti mənfi təsirləri azaltmaq və böhrandan qorunmaq üçün əzmlə çalışır.
Və nəhayət, kadr islahatları və antikorrupsiya siyasəti haqqında. Prezident İlham Əliyev pandemiya ilə mübarizə tədbirləri ilə yanaşı, dövlət idarəçiliyi sistemində islahatları da ön planda saxlayır. Gənc və bacarıqlı, milli-mənəvi dəyərlərə sadiq kadrlara etimad göstərilir. Prezident İlham Əliyev təyin etdiyi yeni məmurlar qarşısında konkret vəzifələr qoyur, ciddi tapşırıq və tövsiyələr verir. Dövlət başçısı bütün məmur korpusuna yol göstərir, vicdanla işləməyin, xalqa şərəflə xidmət etməyin qaydalarını bənd-bənd sadalayır. Azərbaycanda yeni və müasir idarəçilik sisteminin yaradılması prosesi uğurla davam edir. Məsuliyyətsiz, rüşvətxor, korrupsioner məmurlara qanunun ən sərt üzü göstərilir, amansız cəza mexanizmi tətbiq edilir. Azərbaycan, belə desək, dünyanı sarsıdan iki böyük bəla ilə paralel müharibə aparır. Koronavirusla yanaşı, korrupsiya və rüşvətxorluğa qarşı da eyni qətiyyət nümayiş etdirilir. Hər iki cəbhədə effektiv nəticələr ortadadır.
Bütün bunların nəticəsidir ki, Azərbaycan ictimaiyyəti İlham Əliyevin siyasətini, atdığı qətiyyətli addımları həmişəki kimi, yenə birmənalı olaraq dəstəkləyir. Vətəndaşların mütləq əksəriyyəti ölkədə korrupsiya və rüşvətxorluq hallarına qarşı aparılan kütləvi mübarizəni alqışlayır. Bu, əvəzsiz qiymətdir! Çünki, bu qiyməti Xalq verir!
Sahil Kərimli,
Trend İnfromasiya Agentliyinin baş redaktor müavini