BAXCP rəhbərliyi yerli təşkilatlarda görüşlərə başladı Siyasət

BAXCP rəhbərliyi yerli təşkilatlarda görüşlərə başladı

Bünyamin Qəmbərli: "Bizim elə rayon təşkilatlarımız var, onlar ayrı-ayrılıqda bir çox partiyalardan güclüdürlər"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilatı məsələlər üzrə katibi Bünyamin Qəmbərlinin partiyanın mətbuat xidmətinə verdiyi müsahibəsini oxucularımıza təqdim edirik.

- Bələdiyyə seçkilərinə çox az vaxt qalır. BAXCP İdarə Heyətində seçkilər öncəsi yerli təşkilat rəhbərləri və partiya fəalları ilə görüş keçirmək qərarı verilib. Hansı rayon təşkilatlarından başlamısınız?

- Bəli, məlum qərardan sonra BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin tapşırığına uyğun olaraq təşkilat katibliyində qrafik hazırlandı. Bu qrafikə əsasən görüşlərimizə Azərbaycanın tarixində çox önəmli yer tutan Gəncəbasar bölgəsindən başladıq. Bunu xüsusi olaraq vurğulayım ki, qərarda partiyanın yerli təşkilatlarının fəalları ilə deyil, rəhbərliyilə görüşlər nəzərdə tutulub və biz də əsasən yerli təşkilatların rəhbərliyilə görüşü planlaşdırmışdıq. Görüşlərə partiyanın təşkilat katibi olaraq mənimlə yanaşı BAXCP-nin ictimai-siyasi əlaqələr üzrə katibi Niyaməddin Orduxanlı, BAXCP MNTK sədrinin müavini Rasim Almuradov və BAXCP təşkilat şöbəsinin müdiri Xudeş Əsgərov da getmişdi. İlk görüşümüz sentyabrın 27-də saat 12-də əvvəlcə BAXCP Goranboy rayon təşkilatının fəalları ilə sonra isə, rəhbərliyi ilə oldu. Goranboy rayonunda üç saata yaxın çəkən görüşlərimiz çox yüksək səviyyədə keçdi. Goranboydan sonra elə həmin gün axşamçağı Samux rayonunda olduq. Samux rayonunun mərkəzindəki Heydər Əliyev adına parkda təxminən bir saat yarım Samux rayon sakinləri və partiya fəalları ilə söhbətdən sonra BAXCP Samux rayon təşkilatının rəhbərliyi ilə görüşdük. Burda da yüksək səviyyədə keçən görüş bir saat davam etdi. Sentyabrın 28-də isə səhər saatlarında Gəncə şəhərində görüşlərə başladıq. Bir saata yaxın Gəncə sakinləriylə və partiya fəallarıyla söhbətimiz oldu. Sonradan BAXCP Gəncə şəhər təşkilatının rəhbərliyi ilə görüşdük. Çox yüksək səviyyədə və maraqlı keçən görüşdən sonra da yenə bir qrup şəhər sakini ilə onları maraqlandıran məsələlərlə bağlı geniş söhbətimiz oldu.
- Həmin rayon təşkilatlarında vəziyyət necədir və hansı təəsüratlarla ayrıldınız?
- Mən BAXCP-nin sonuncu qurultayında çıxış edərkən demişdim ki, bizim elə rayon təşkilatlarımız var, onlar ayrı-ayrılıqda bir çox partiyalardan güclüdürlər. İndi siz aradan keçən on beş ay ərzindəki fəaliyyətimizi də gəlin bunun üstünə və özünüz təsəvvür edin ki, vəziyyət necə olar. Hələ partiyamızın Bakıdakı mərkəzi qərargahından başqa respublikanın heç bir şəhər və rayonunda qərərgahı və ya istifadə edəcəyi hər hansı bir tikili yoxdu. İndi siz baxın ki, bizim yerli təşkilatlarımızın işləmək üçün qərargahı olsaydı vəziyyət necə olardı? Sizi inandırıram ki, BAXCP-nin bu üç yerli təşkilatı, YAP istisna olmaqla, digər partiyaların burdakı təşkilatlarından çox güclüdür. Əgər hakim Yeni Azərbaycan Partiyası və onun bu bölgədə hakimiyyət strukturlarına rəhbərlik edən üzvləri qısqanclıq etməsə və YAP-ın yerli təşkilatlarına yaradılan şəraitin onda biri qədər bizim partiyanın yerli təşkilatlarına şərait yaradılsa, əmin olun ki, onlarla da ciddi rəqabət apara biləcək gücdəyik.
- Keçirdiyiniz görüşlərdə nələr müzakirə olundu və bələdiyyə seçkilərinə hazırlıq necədir?
- Əsas məqsədimiz yerli təşkilatların daha da gücləndirilməsi məqsədi ilə bütün imkanların dəyərləndirilməsi, müəyyən tapşırıq və tövsiyyələrin verilməsi ilə yanaşı, bələdiyyə seçkilərinə hazırlığın gedişilə yerindəcə tanışlıq idi. Buna baxmayaraq həm əhali, həm fəallar, həm də yerli təşkilatların rəhbərləri ilə görüşlərdə demək olar ki, gündəmdə olan bütün məsələlərə toxunuldu. Amma əsas olaraq bütün görüşlərdə bir neçə məsələ önə çıxdı. Bu məsələlərdən birincisi BAXCP-nın Əbülfəz Elçibəy ideyalarının, xüsusi ilə Bütöv Azərbaycan ideyasının daşıyıcısı olması və Bütöv Azərbaycanı əsas hədəflərdən biri olaraq bəlirləməsindən, Azərbaycan dövlətinin bölünməz bütövlüyünə, müstəqilliyinə və Əbülfəz Elçibəyə qarşı olanlara birmənalı münasibətindən dolayı Elçibəy irsinin varisliyinə daha çox haqqı olması idisə, ikincisi BAXCP sədri Qüdrət Həsənquliyevin milli birlik, dövlətçilik və demokratiya müstəvisində maraq və prinsiplərini əsas götürərək müxtəlif cinayətlərdə ittiham olunan və ya həbs cəzası alan hansı partiyanın üzvü olmasına baxmayaraq, və fərq qoymayaraq bütün siyasətçilərin, jurnalist və QHT nümayəndələrinin əfv olunması və sərbəst qalmaları üçün dəfələrlə hakimiyyətə müraciət etməsi, üçüncü isə, BAXCP-nin Azərbaycanın daxilində və xaricində olmasından asılı olmayaraq bütün qüvvələrə və təşkilatlara, hakimiyyətdə və ya müxalifətdə olmasına baxmayaraq bütün tərəflərə dövlətçilik marağı ilə yanaşması idi. Onu da deyim ki, bizim bu fikirlərimiz istər təşkilatımızın fəalları, istərsə də əhali tərəfindən müsbət qarşılanırdı və təqdir olunurdu.
Bələdiyyə seçkilərinə hazırlığa gəlincə isə, onu deyə bilərəm ki, çox ciddi hazırlıq işləri gedir. Demək olar ki, həm bu üç yerli təşkilatımızda, həm də digər rayon və şəhər təşkilatlarımızda namizədlərin müəyyənləşməsi prosesi yekunlaşmaq üzrədi. Əgər qeydə alınma sıxıntısı yaşamasaq deyə bilərəm ki, YAP-dan sonra ən çox namizəd verən və bələdiyyə üzvü qazanan partiya BAXCP olacaq.