Xəzərdə təhlükə: Rusiyamı, İŞİD-mi? Siyasət

Xəzərdə təhlükə: Rusiyamı, İŞİD-mi?

Kremlin politoloqları indi də sahilyanı ölkələri terror təhlükəsilə şantaj etmək istəyirlər

Cavid

Son vaxtlar İŞİD terror qruplaşmasının Xəzər üçün də böyük təhlükəyə çevriləcəyi ilə bağlı iddialar səsləndirilib. Rusiyalı politoloq Qriqori Trofimçuk bildirib ki, Xəzəryanı beş ölkənin hər birinin vətəndaşına təhlükə var.
O, bu ölkələrin artıq belə təhlükəni dərk etmək vaxtının çatdığını bildirib: "Burada hər bir ölkə Ukrayna hadisələrinin fonunda daxildən partlaya bilər. Bu zaman isə Xəzərdəki vəziyyət tam dəyişəcək. Ona görə də Ukraynaya qədər müzakirə olunanları yaddan çıxarmaq lazımdır. Xəzəryanı ölkələr artıq tamam başqa dünyada yaşayırlar. Yaxın Şərqdə yaradılmış terror təşkilatları olan İŞİD və ya "Xorasan" tezliklə Mərkəzi Asiya və Xəzərdə olacaq. Onlar məhz bunun üçün yaradılıblar".
Rusiya Diplomatları Assosiasiyasının sədr müavini, Rusiya Federasiya Şurasının sədr müavininin müşaviri Andrey Baklanov isə "Nezavisimaya qazeta"da dərc olunmuş məqaləsində İŞİD-in hədəfləri sırasında Azərbaycanın olduğunu da yazıb. Müəllif yazır ki, islamçıların can atdığı xilafət artıq yaranıb və bu hadisə radikal dinçilərə görə, "əsl vaxtında" baş verib.
Ekspert yazır ki, hazırda xilafətin rəhbərliyinə daxil olan yaraqlılar 2011-ci ildən etibarən xarici sponsorlarından, o cümlədən Qərbdən əhəmiyyətli yardım alırdılar. Daha sonra 2013-cü ildə suriyalı və iraqlı radikallar birləşdilər. İndi onlar İraq və Suriya ərazilərinin əhəmiyyətli hissəsində xilafət elan ediblər.
Rusiyalı diplomat yazır ki, hazırda İŞİD qüvvələri faktiki olaraq nizami ordu təşkil edir, onların sıralarında 30-50 min arası döyüşçü var. İŞİD öz sıralarına keçmiş hərbçiləri və yüksək vəzifəli xüsusi xidmət əməkdaşlarını cəlb edib.
Baklanov yazır ki, İŞİD ələ keçirdiyi ərazilərdə neft yataqlarını istismar edir və hər gün milyonlarla dollar qazanır. Qruplaşma neftçiləri, mühəndisləri və fəhlələri yaxşı maaşla işə cəlb edib. İŞİD Suriya və İraqda hər gün 80 min barel neft hasil edir. Bu neftin "qara bazar"da satış qiyməti 1 barel üçün 40 dollar təşkil edir. Əsirlərin pula dəyişdirilməsindən və digər mənbələrdən əldə edilən qazancı da hesablamaqla İŞİD-in illik gəliri 1 milyard dollardan yuxarıdır. İndiyə qədər heç bir terror qruplaşmasının bu qədər pulu olmayıb.
Andrey Baklanov yazır ki, İŞİD ərəb ölkələrində hakimiyyəti ələ almağa can atır. Onların planlarına görə, İraq və Suriyada möhkəmləndikdən sonra "xilafəti" Səudiyyə Ərəbistanına doğru genişləndirəcəklər. Daha sonra onlar Küveyt və onun nefti ilə məşğul olacaqlar. A.Baklanovun sözlərinə görə, İŞİD-in daha sonrakı hədəfi Türkiyə və Azərbaycandır.
"İŞİD-in Xəzərə göz dikməsi" kimi iddiaların dövriyyəyə buraxılması hansı məqsədlərə xidmət edir? Bu şantajın arxasında Rusiyanın dənizdə hərbi gücünü artırmaq kimi niyyətləri dayanmır ki?
Sirr deyil ki, Rusiya Xəzərə tam sahiblik iddiasından əl çəkmir. Bu ölkə dənizin milli sektorlara bölünməsinin və regiondankənar dövlətlərin hərbi qüvvələrinin Xəzərə buraxılmasının əleyhinədir. Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Xəzəryanı beş dövlət (Rusiya, İran, Qazaxıstan, Azərbaycan, Türkmənistan) Xəzərə regiondankənar dövlətlərin hərbi qüvvələrinin buraxılmaması barədə razılığa gəliblər.
Xəzəryanı ölkələr hələ ki, Transxəzər kəmərlərinin tikinti məsələsi üzrə razılığa gələ bilməyiblər. İTAR-TASS-ın məlumatına görə, daha öncə keçirilmiş sammitdə keçmiş Rusiya prezidenti Dmitri Medvedev bu məsələnin ölkəsi üçün çox aktual olduğunu vurğulamışdı və Rusiyadan xəbərsiz çəkilən istənilən kəməri hətta hərbi müdaxilə yolu ilə dayandıra biləcəklərini söyləmişdi. Moskvanın sammit öncəsi məsələni yenidən gündəmə gətirməsi Xəzəryanı ölkələrə bu məsələ ilə bağlı mövqelərini xatırlatmaq məqsədi daşıyır. Rusiya bu addımı atmaqla Türkmənistan qazını Transxəzər qaz kəməri ilə Avropaya daşımaq istəyən Qərbin niyyətlərinin üzərindən xətt çəkir.
Ekspertlər bu addımı müəyyən mənada Qərbə qarşı addım kimi qiymətləndirir.
Ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Rusiya istəyir ki, Xəzər milli sektorlara bölünməsin: "Çox məsələlər olub, onun haqda müsbət fikirlər səsləndirilib, sonradan onlar sənəd şəklində təsdiqini tapmayıb. Xəzərlə bağlı Rusiyanın mövqeyi hələ də bir qədər qarışıq qalır. Xəzərlə bağlı kifayət qədər məsələlər var ki, Azərbaycanın mənafeyinə toxunur. Biz istəyirik ki, bu məsələlər də tezliklə həllini tapsın. Azərbaycanın Xəzərlə bağlı digər dövlərlə müqayisədə daha çox hüquqi və mənəvi haqqı var. Azərbaycan prinsip etibarıyla onun marağındadır ki, Xəzərlə bağlı məsələlər tezliklə həll olunsun. Rusiyanın isə son vaxtlar Xəzərlə bağlı atdığı addımlar, ora buraxdığı ən böyük hərbi gəmilər onu deməyə əsas verir ki, Kremlin hədsiz iddiaları var. Rusiya-Ukrayna hadisələrinin fonunda sonradan müəyyən ciddi fəsadlar ortaya çıxara bilər".
Dünyada Silah Ticarəti Analizi Mərkəzinin nümayəndəsi isə bildirib ki, fərqli hərbi-siyasi maraqlar Xəzər regionunda ciddi konflikt potensialı yaradır. Mərkəz nümayəndəsi Xəzər dənizinin statusunun müəyyən olunmaması və mübahisəli neft yataqlarının bu konfliktin ciddiləşməsinə səbəb olacağını bildirib: "Hazırda daha çətin münasibət Azərbaycanla İran arasındadır. Tərəflər Xəzərin mərkəzində yerləşən "Alov", "Şərq" və "Araz" yataqları ilə bağlı heç bir razılığa gələ bilmirlər. Yaxın gələcəkdə bölgədə neft və qaz yataqlarının müdafiəsi ölkələri hərbi dəniz qüvvələrini gücləndirməsinə səbəb olacaq və Xəzərdə əsasən raketdaşıyan gəmiləri, eləcə də sualtı gəmiləri görmək mümkün olacaq".
Ekspert Hail Cəlilin fikrincə, Xəzərin bölünməməsində əsas maneələrdən birinin Rusiya olması və Kremlin Xəzəri hərbiləşdirməsi faktdır: "Rusiya Xəzərdəki hərbi donanmasını gücləndirmək istiqamətində ildən-ilə müxtəlif tədbirələrə əl atır. Bunun özü Xəzərdə təhlükələrdən xəbər verir. İndi İŞİD-in adının bura əlavə edilməsi başadüşüləndir. İŞİD sadəcə bəhanədir. Mənim fikrimcə rus politoloqlarının belə bir iddia ilə çıxış etməsi Kremlin Xəzərdə hərbiləşməsinin gücləndirəcək. Rusiya bununla da İŞİD-in Xəzərə girişinin qarşısını alacaq planını həyata keçirəcək. Bilirsiniz, Xəzərin enerji resursları Rusiyanı dənizdə hərbi qarşıdurma yaratmağa sövq edir. Ona görə də rəsmi Moskva Xəzərdə öz hərbi donanmasını durmadan artırır. bu isə onun təhlükəli planlarından xəbər verir. Rusiya dənizdə güclü donanma yaradır. Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Vladimir Vısotski bildirib ki, yaxın 10 ildə Xəzər donanmasına 16 yeni hərbi gəmi veriləcək. Həmçinin Xəzər donanmasının tabeçiliyində hərbi hava qüvvələri də olacaq. Rusiyanın Xəzər donanmasının sərəncamına İran sahillərini vurmaq imkanında olan raketlər də verilib. Bu da o deməkdir ki, Putin Xəzər üçün İŞİD-dən də təhlükəlidir".
Yeri gəlmişkən, Putinin İŞİD terror qruplaşmasından daha təhlükəli olduğunu məşhur şahmatçı, rusiyalı müxalifətçi Harri Qasparov da açıqlayıb. O, bildirib ki, Rusiya prezidenti Vladimir Putin dünyanın ən təhlükəli adamıdır və ABŞ üçün İŞİD-dən də böyük təhlükə törədir. Kasparov ABŞ prezidenti Barak Obamanı Putinin Ukraynaya təcavüzünə və Krımı birləşdirməsinə çox gec reaksiya verməkdə ittiham edib.
O, laqeyd Avropa siyasətçilərinin Putinə qarşı münasibətini İkinci Dünya Müharibəsi ərəfəsindəki arxayınçılıqla eyniləşdirib.
Kasparov Vaşinqton və onun qərbli müttəfiqlərinin Suriya müxalifətini silahlandırıb, Ukraynaya hərbi yardımdan imtina etmələrini ikiüzlülük adlandırıb.
Onun sözlərinə görə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların nəticə verməsi üçün Putin və onun ətrafına qarşı da analoji addım atılmalıdır.