Misir portalı Ermənistanın təcavüzkar siyasətindən yazıb Siyasət

Misir portalı Ermənistanın təcavüzkar siyasətindən yazıb

Misirin “Rayetmisr” xəbər portalı jurnalist Məhəmməd Rəfat Fəraqın Ermənistanın hərbi təcavüzündən bəhs edən məqaləsini yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistanın Cənubi Qafqaz regionunda sülhə və sabitliyə təhdid olduğu, işğalçı siyasətini davam etdirdiyi tutarlı faktlarla əsaslandırılıb. Müəllif Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan rəhbərliyinin bolşeviklərə xas formada silahlı birləşmələr yaratmaq, bu birləşmələrdən öz çirkin məqsədləri üçün, o cümlədən ölkədaxili məsələlərdə istifadə etmək istədiyi, eyni zamanda, Ermənistanın müxtəlif ölkələrdən olan muzdluları ön xətdə yerləşdirdiyi, onlar öləndə isə bu faktları gizlətdiyi barədə fikirlərinə yer verib.

Məqalədə vurğulanıb ki, Azərbaycan rəsmisi Tovuz hadisələrinin Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca törətdiyi hərbi avantüra olduğunu və Azərbaycan silahlı qüvvələrinin rəşadətli cavabları çərçivəsində onların o xətti şəxsi heyətlə komplektləşdirə bilmədiyini, ona görə də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən şəxsi heyəti, həmçinin Yaxın Şərq ölkələrindən olan muzdlu insanları ön xətdə yerləşdirməyə çalışdığını vurğulayıb. Prezidentin köməkçisi onu da qeyd edib ki, Ermənistan Suriyada münaqişədə iştirak edir, həmin ölkədə şəxsi heyəti var. Bundan başqa, Ermənistan Suriyadan silahların alınması ilə bağlı “qara ticarət”lə məşğuldur.