“Qondarma rejimin məhkəməsi ola bilməz” Siyasət

“Qondarma rejimin məhkəməsi ola bilməz”

Əli Hüseynli: "Beynəlxalq ictimaiyyət Kəlbəcərdə girov götürülən vətəndaşlarımızla bağlı ədalətsiz mövqe nümayiş etdirir"

"Kəlbəcərdə girov götürülən vətəndaşlarımızın məhkəməsinə vəkil göndərmək təklifinə vitse-spiker Bahar Muradovanın münasibəti ilə razıyam və onun fikrini dəstəkləyirəm. Yəni tanınmayan bir respublikaya getmək barədə təklifi absurd hesab edirəm. Amma eyni zamanda biz digər resurslarla, yəni, beynəlxalq təşkilatların imkanından istifadə edib, onlara təsir etməliyik ki, vətəndaşlarımızın hüquqları müdafiə olunsun".
Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr Əli Hüseynli deyib.
Onun sözlərinə görə, girov düşən soydaşlarımızın hüquqlarının beynəlxalq ictimaiyyət vasitəsilə qabardılmasında iki mühüm məsələ öz həllini tapır: "Bir məsələni beynəlxalq ictimaiyyət üçün qabardırıq ki, necə ola bilər ki, beynəlxalq təşkilatlar, insan hüquqlarını müdafiə təşkilatları Azərbaycanda erməni xüsusi xidmət orqanlarının əməkdaşlarının müdafiəsi ilə məşğul olurlar, ancaq azərbaycanlıların öz torpağımız olan Kəlbəcərdə girov qalmasına heç bir reaksiya vermirlər? İki azərbaycanlı öz ərazilərində qanunsuz tutulub. Onlar Azərbaycan ərazisində həbs olunublar, ancaq beynəlxalq ictimaiyyət hələ də susur. ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatların diqqəti bu məsələyə yönəldilməlidir. Biz buna nail olmalıyıq. İkinci məsələ isə ondan ibarətdir ki, bəlkə onların vasitəsilə hansısa vəkil orda vətəndaşlarımızın hüquqlarını qoruya bilər".
Ə.Hüseynli qeyd edib ki, "Dağlıq Qarabağ Respublikası" tanınmamış rejimdir, bu rejimin məhkəməsi ola bilməz: "Necə ola bilər ki, Azərbaycanın millət vəkili orada keçirilən məhkəmə prosesində iştirak etsin? Axı məhkəmə qərarı dövlətin adından verilir. Belə çıxır ki, səslənən ideya absurd və populist ideyadır. Burda bizi ən çox narahat edən məsələ odur ki, beynəlxalq ictimaiyyət bunu görmür, narahat olmur. Bu, çox ədalətsiz bir yanaşmadır. İnsanlar qanunsuz həbs olunublar, onlara məhkəmə qurulub, ancaq beynəlxalq ictimaiyyət tərəfindən heç bir reaksiya verilmir".