Ermənistandan növbəti hoqqabazlıq... Siyasət

Ermənistandan növbəti hoqqabazlıq...

Sahib Alıyev: "Ermənistan bununla Azərbaycanla müharibəyə başlamaq üçün yolu tam açır"

Fərəc Quliyev: "Dağlıq Qarabağ müharibəsinin birinci hissəsi başa çatıb, amma müharibə hələ bitməyib"

Ermənistan parlamenti hər il olduğu kimi Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsini müzakirə edib. Müxalifətçi "İrs" Partiyasının parlamentə təqdim etdiyi "Dağlıq Qarabağın və Ermənistanın təhlükəsizliyinin hərbi-siyasi əsasları haqqında" qanun layihəsinin müzakirəsi zamanı "İrs" Partiyasının liderlərindən olan Zarui Postancyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınmasının vacibliyini vurğulayaraq artıq bunun vaxtının çatdığını deyib. Lakin parlament müxalifətin bu təşəbbüsünü dəstəkləməyib və sənəd səsverməyə çıxarılmayıb.
Ermənistan Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan deyib ki, ermənistanın separatçı Dağlıq Qarabağ rejimini tanıması vaxtından əvvəl atılmış addım olardı. Onun sözlərinə görə, belə addım Ermənistanın danışıqlardan birtərəfli çıxması anlamına gələcək ki, bu da danışıqların pozulması faktoru olacaq: "Bu, Ermənistanın təcrid olunmasına gətirib çıxaracaq və hərbi fəaliyyətin bərpa olunması təhlükəsini artıracaq".
Daha bir maraqlı məqam isə Ermənistan Silahlı Qüvvələri və separatçı hərbi birləşmələrin Qarabağdakı təlimlərinin davam etdirilməsi ilə bağlıdır. Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyan operativ-taktiki təlimlərin komanda məntəqəsinə baş çəkib. Təlimləri izləyən işğalçı rejimin rəhbəri tapşırıqlar verib, bəzi hərbi birləşmələrin dislokasiya yerlərində yoxlama keçirib.
Bako Saakyan deyib ki, "Birlik-2014" tipli birgə təlimlər bölgənin təhlükəsizliyi və hərbi qüvvələrin hazırlığı üçün vacibdir.
Noyabrın 6-da başlayan təlimlərə 17 mindən artıq hərbi qulluqçu, 550 artilleriya qurğusu, 250 zirehli hərbi maşın, 150 hava hücumundan müdafiə sistemi, tank əleyhinə 330 texnika, 100-ü xüsusi təyinatlı olmaqla 1300 avtomobil cəlb edilib.
Ermənistan Silahlı Qüvvələri və separatçı hərbi birləşmələr 20 ildən çoxdur Azərbaycanın bütün cənub-qərbini (Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayılı tam, Ağdərə, Xocavənd, Füzuli və Ağdamı qismən) işğal altında saxlayır.
Ekspertlər nə düşünürlər, hərbi təlimlər, daha sonra isə Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasının Ermənistan paramentində müzakirəyə çıxarılması təsadüfidirmi?
Millət vəkili Sahib Alıyev bildirib ki, Ermənistan Parlamentində Dağlıq Qarabağdakı uydurma qurumun müstəqilliyinin tanınması məsələsinin qaldırılması birinci dəfə deyil. O deyib ki, Ermənistanda Levon Ter-Petrosyan və Robert Köçəryanın dövründə daşnaklar, Serj Sarkisyanın hakimiyyətə gəlməsindən sonra isə İrs Partiyası bir neçə dəfə bu təşəbbüsü irəli sürüb: ""İrs" bu addımın atılmasının Ermənistanı fəlakətlə üzləşdirəcəyini bildiyi halda, eyni təşəbbüslə çıxış edir. Rəsmi İrəvan bilir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ikili standartlardan çıxış edənlərin də "münaqişə ancaq danışıqlar yolu ilə həll olunmalıdır" deməyə arqumentləri qalmır.
Millət vəkilinin fikrincə, Ermənistan qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması ilə Azərbaycanla müharibəyə başlamaq üçün yolu tam açır: ""İrs"dəkilər də bunu yaxşı anlayırlar, lakin populistlik edirlər. Ermənistan ancaq forpostu olduğu dövlət tərəfindən əmr gəldikdən sonra qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıya bilər. Belə olan halda isə müharibə qaçılmaz olacaq. İrəvan yaxşı bilir ki, Kremlə Qarabağ probleminin ermənilərin xeyrinə həll olunması yox, həll olunmamış qalması sərf edir. İrs Partiyası isə Dağlıq Qarabağın yox, əvvəlcə forpost Ermənistanın müstəqilliyi məsələsini qaldırmalıdır."
Siyasi təhlilçi Elçin Abdullayev isə düşünür ki, Ermənistan Parlamentinin qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyacağı inandırıcı görünmür: "Çünki Ermənistanın heç vaxt müstəqil qərar qəbul etmək cəsarəti olmayıb. Əgər onun belə bir cəsarəti olsa idi, bu illər ərzində "DQR"in müstəqilliyini tanıyardı. Ermənistanın siyasi rəhbərliyi bu gün Rusiyanın əlində, sadəcə, bir maşadır". Hazırda Rusiyanın Qərbin hərtərəfli sanksiyalarına məruz qaldığını deyən politoloqun fikrincə, belə vəziyyətdə özü üçün müdafiə cəbhəsi yaratmağa çalışan Kremlin rəsmi Bakı ilə münasibətlərini zədələyəcək addım atacağı mümkün görünmür: "Çünki Rusiya hazırkı situasiyada inkişaf etmiş Azərbaycandan çox şey güdür. Bunlar içərisində ölkəmizi Avrasiya İttifaqında görmək prioritetdir. Rəsmi Bakı isə bu qurumda təmsil olunması üçün şərtini irəli sürüb ki, bu şərt də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanımasından ibarətdir. Ona görə də indiki vəziyyətdə Kremlin İrəvan hökumətinə "DQR"i müstəqil olaraq tanımaq sifarişini verməsi inandırıcı deyil."
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDH) sədri, millət vəkili Fərəc Quliyev deyib ki, Dağlıq Qarabağ müharibəsinin birinci hissəsi başa çatıb, amma müharibə hələ bitməyib: "O da Ermənistana Rusiyanın açıq dəstəyi sayəsində ərazilərimizin işğalı ilə nəticələnib". Millət vəkili dünyaya məlum olan bir sıra faktları yenidən xatırladıb: "Bütün dünyaya məlumdur ki, Xocalı Soyqırımında 366-cı alay birbaşa iştirak edib. Bu gün Kollektiv Təhlükəsizlik Şurasında Ermənistan və Rusiya əməkdaşlıq edir. Bu da onu göstərir ki, Ermənistan Rusiyanın təsiri altında siyasət yürüdür. Azərbaycan bir neçə dəfə torpaqlarını hərbi yolla azad etməsi haqqında fikirlər ortaya qoyanda Rusiyadan olan məmurlar əgər müharibə olsa, Ermənistan tərəfini dəstəkləyəcəklərini bildiriblər. Ermənistan elə bir qolaltı dövlətdir ki, hətta onların müstəqillik günündə keçirilən paradda belə rus ordusu, rus bayrağı ilə meydandan keçirdilər. Bu gün Ermənistan tərəfi ilə qondarma rejimin birgə hərbi təlimlər keçirməsində məqsəd görüntü xatirinədir. Guya göstərirlər ki, müharibə aktiv fazaya keçsə, onların hazırlıqları yüksək səviyyədədir. Amma Ermənistanın Müdafiə Nazirliyi etiraf etdi ki, Azərbaycanın silahlı qüvvələri kifayət qədər modern silahlanmış və döyüşə hazır vəziyyətdədir. Ona görə də status kvonu qoruyub saxlamaqla danışıqlar prosesini ləngitməyə çalışırlar".
Fərəc Quliyev Ermənistan tərəfinin sülh istəmədiyini vurğulayıb: "Onlar sülh istəmirlər, çünki bunun onların xeyrinə nəticələnməyəcəyini yaxşı bilirlər. Bütün dünya ictimaiyyəti Azərbaycanın haqlı olduğunu bilir. Azərbaycan tərəfinin mövqeyi, iradəsi ortadır. Bu məsələ yalnız ölkəmizin suverenliyi, ərazi bütövlüyü çərçivəsində sona çata bilər. Ermənilər birmənalı şəkildə Azərbaycan torpaqlarını azad etməlidirlər. Bu baxımdan da onların keçirmək istədikləri və yaxud da keçirdikləri hərbi təlimlər daha çox qorxudan irəli gələn, daxili auditoriyalarını və ictimai rəyi aldatmaqdan başqa bir şey deyil".
Ekspertlər isə təcavüzkar tərəfin prezidentlərin Paris görüşündən dərhal sonra belə təlimlər keçirməsini heç də xoş məram göstəricisi saymırlar. Məsələn, Moskva Dövlət Universitetinin informasiya-analitik mərkəzinin direktor müavini Andrey Petrov iki hadisənin üst-üstə düşməsinə əlamətdar sayaraq deyib: "Təlimlər həmçinin prezident Serj Sərkisyanın Moskvaya səfəri ilə təxminən eyni günlərə təsadüf edib. Yəni bir yandan, Ermənistan ordusu Azərbaycanın işğal altındakı ərazilərində nümayişkaranə şəkildə təxribatçı addım atır, digər yandan da onun prezidenti Kremlə baş çəkir - özü də bütün bunlar Azərbaycan və Ermənistan prezidentlərini Paris görüşündən 10 gün sonra baş verir. Maraqlıdır ki, həm münaqişə tərəfləri, həm də vasitəçilər Paris danışıqlarının pozitiv xarakterli olduğunu qeyd ediblər. O zaman bu təlimlər nə deməkdir? Fikrimcə, biz Qarabağ məsələsi ətrafında bazarlığın başlanmasının şahidi olmaqdayıq".
Ekspertin fikrincə, dinc nizamlanmaya dair şərtlər necə olur-olsun, onlar özündə labüd şəkildə Azərbaycan rayonlarının boşaldılmasını və köçkünlərin öz doğma yurd yerlərinə qayıtmasını nəzərdə tutulmalıdır: "Hər iki məsələ Ermənistanın hazırkı rəhbərliyinə, o sırada Serj Sərkisyana sərfəli deyil. Odur ki, ona münaqişə zonasında hansısa qətiyyətli hərəkətlər eləmək lazımdır. Ancaq elə hərəkət də yox ki, Ermənistan rəhbərliyi növbəti bir gərginliyin başladılmasında ittiham olunsun. Hərbi təlimlər isə bundan ötrü ən ideal variantdır: yəni Ermənistan Qarabağda öz qüvvələrini cəmləyir, Azərbaycanı isə bəyanat verməyə və mümkündür ki, konkret hərəkətlərə təhrik edir və bu zaman formal olaraq, sülh nizamlanmasına sadiq qaldığını göstərir...".
Almaniya Bundestaqının internet saytında isə "Dağlıq Qarabağ uğrunda iğtişaşlar" sərlövhəli məlumat dərc olunub.Məlumatda bu ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsində atəşkəsin pozulması hallarının intensivləşdiyi qeyd olunur.
Bildirilir ki, Bundestaqın "Solçular" fraksiyasının bununla bağlı AFR hökumətinə ünvanlandığı sorğuya Xarici İşlər Nazirliyi cavab verib."Solçular" Fraksiyasının 18/2728 nömrəli kiçik sorğusuna Federal hökumətin 18/2816 nömrəli cavabında deyilir: "Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir, amma erməni silahlı qüvvələrinin nəzarətindədir".

Əli