Radikal düşərgədə növbəti “dondurma əməliyyatı” Siyasət

Radikal düşərgədə növbəti “dondurma əməliyyatı”

Hikmət Hacızadə Müsavat Partiyasındakı fəaliyyətini dondurdu

Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası noyabrın 12-də Kamil Xəlilbəylini Müsavatdan xaric edib. Onun Müsavatın ideoloji-siyasi xəttinə zidd fəaliyyət göstərdiyinə görə cəzalandırıldığı bəyan olunub. Kamil Xəlilbəyli deyib ki, onu Müsavat Partiyasından sifarişlə xaric ediblər: "Müsavat Məclisinin üzvü Könül Turan Türk sosial şəbəkələrdəki şəxsi yazışmalarımızdan narazı qalaraq məndən MNTK-ya şikayət edib. MNTK bu şikayətə əsaslanaraq məni partiyanın ideoloji-siyasi xəttinə zidd olan fəaliyyətdə günahlandırıb". Kamil Xəlilbəyli əlavə edib ki, mətbuat konfransı keçirib audio yazılar səsləndirəcək. Arif Hacılının tərəfdarları mənə təzyiq eləmişdilər. Bildirirdilər ki, Arif Hacılının tərəfinə keçsən, səni əfv edəcəyik. Lakin mən razı olmadım. Qubad İbadoğlunun tərəfdarı olduğum üçün məni Müsavat Partiyasından xaric elədilər. Mən partiyadan çıxarılan sonuncu şəxs olmayacam".
Müsavat Partiyasının sentyabrın 27-də keçirilən qurultayında yeni başqan seçilib. Arif Hacılı 228 səslə başqan seçkisində qalib gəlib, Qubad İbadoğlu 200, Tural Abbaslı 19 səs toplayıb. 27 sentyabr qurultayında Mərkəzi Nəzarət Təftiş Komissiyasına və Məclisə də bəzi üzvlər seçilib. Bir qrup müsavatçı seçkilərə haram qatıldığını iddia edir, nəticələri tanımır.
Onu da qeyd edək ki, Müsavat Partiyasının Məclis üzvü Hikmət Hacızadə təşkilatda fəaliyyətini dondurduğunu bəyan edib. Bu barədə Hikmət Hacızadə partiya başqanı Arif Hacılıya ünvanladığı bəyanatda qeyd edib. O bildirib ki, bu gün Müsavat Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) başqanlığa sabiq namizəd Qubad İbadoğlunun tərəfdarı Kamil Xəlilbəylini "partiyanin siyasi-ideoloji xəttinə xəyanət" ittihamı ilə təşkilat sıralarından azad etməsi barədə xəbər alıb. Hikmət Hacızadə qeyd edib ki, araşdırma zamanı Kamil Xəlilbəylinin Arif Hacılının tərəfdarı olan xanımlardan biri ilə şəxsi yazışması olduğunu, həmin yazışmada onların bir-birlərini qarşılıqlı təhqir etdiklərini öyrənib: "MNTK bunu siyasi-ideoloji xəyanət kimi qələmə verib. Mən bu düşünülməmiş qərara qəti etirazımı bildirirəm. Dünya praktikasinda ilk dəfə şəxsi yazışmadakı sözlərə görə cəza Müsavat Partiyasında tədbiq olundu. Ar olsun!!!". Hikmət Hacızadə Kamil Xəlilbəyli ilə bağlı qərarın "böyük planın bir hissəsi" olduğunu da qeyd edib: "Yəni narazıların 10-15-i partiyadan çıxaraq, onda başqaları sakitləşəcək". Ar osun, belə planı düşünənlərə. Mən belə plana qəti etiraz edirəm. Məhəbbət Murad və Kamil Xəlilbəylidən sonra üçüncü belə "narazı" özümü hesab edirəm və qərarınıza etiraz edirəm". O, partiya rəhbərliyini təşkilatdan xaric edilənlərin işınə yenidən baxmağa, əks təqdirdə onu da partiyadan xaric etməyə çağırıb: "Bu məsələ qanun və insan haqları çərçivəsində həll olunmayana qədər, partiyada fəaliyyətimi dondururam. Partiya rəhbərliyindən insan hüquqlarının təmin olunmasını tələb edirəm".
Müsavat Hikmət Hacızadənin partiyadakı fəaliyyətini dondurması haqda çıxışına cavab verib. Partiyanın başqan müavini Gülağa Aslanlı bildirib ki, Hikmət Hacızadə tələskənliyə yol verib: "Müsavat Partiyasında kiminsə partiyadan xaric olunması haqqında hər hansı bir məsələ müzakirə olunmur. Kimsə cəzalanırsa, bu, Nizamnamənin tələbinə uyğun və şikayətlərə əsasən olur. Həmin şikayətləri qəbul etməyən, qərarla razılaşmayanlar isə bu barədə Divana müraciət edə bilərlər. Hələ ilkin prosedurlar başa çatmayıb. Ona görə də hesab edirəm ki, Hikmət Hacızadə tələskənliyə yol verib".
Qeyd edək ki, Müsavat daxilindəki narazılıqlar bununla bitmir. Müsavat Partiyasında başqanlıq seçkisindən 2 aya yaxın müddət keçsə də, təşkilatda üzvlər arasında ittihamlar səngimir. Başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun tərəfdarları qurultayda ədalətsizliyin olduğunu bəyan edir və partiya daxilində fraksiya yaradılmasının qaçılmaz olduğunu söyləyirlər. Yeni başqan Arif Hacılı və komandası isə fraksiyanı nizamnamə pozuntusu olduğunu qeyd edir.
Başqan müavini Gülağa Aslanlı qarşı tərəfə müraciət edərək qayda pozuntusu barədə faktları təqdim etməyi təklif edib. O, faktı təqdim edən şəxsin iştirakı ilə narazı qaldığı məsələnin müzakirə edə biləcəklərini qeyd edib.
Müsavat başqanının sabiq müşaviri, başqanlıq yarışında namizədliyini Qubad İbadoğlunun xeyrinə götürmüş Səxavət Əlisoy özünün "Facebook" səhifəsində Gülağa Aslanlıya iki fakt təqdim edib və bunlara cavab istəyib: "Hörmətli, Gülağa bəy, statuslarınızı, rəylərinizi izləyirəm. Fakt tələb edirsiniz, bu da sizə 2 fakt, lütfən, cavab verin: "1. Qurultaydan sonra Səbail rayonunda sədr seçkisi keçirdiniz. Şura üzvlərinin əksəriyyəti seçkidən xəbərsiz olduğunu açıqladıqdan sonra Hacılı seçkinin nəticələrinə xitam verdiyini açıqladı. Bu saxtakarlığı edənlər cəzalandımı? 2. Ağcabədi və Mingəçevir rayonlarında təşkilat adından yaydığınız bəyanatların mürəkkəbi qurumamış təkzib xəbəri gəldi. Bu saxta bəyanatları yazanlar və tirajlayanlar kimlərdir, nə məqsədlə bunu edirlər?".
Gülağa Aslanlı Səxavət Əlisoya cavab verib. Başqan müavininin sözlərinə görə, Səxavət Əlisoyun dediyi məsələlər qurultaydan sonra baş verənlər hadisələrdir: "Səbail rayonunda sədr seçkisi məsələsi çox operativ həll olundu. Bir ailədən iki nəfərin Məclis üzvü olduğu məlum olanda ailənin bir üzvünə məlumat verildi ki, bunu həyat yoldaşına da çatdır. Həyat yoldaşı isə ona hansısa məlumatın çatdırılmadığını bildirdi. Həmin gün nəticələr ləğv olunub. Nəticələr Məclisə çıxarılmadığı üçün məsələ ilə bağlı hansısa söz deyilməyib. Aşığın sözü qurtaranda dalay-dalay deməyə başlayır. Bunlar qurultaydan sonra olan hadisələrdir".
Müsavatın Ağcabədi və Mingəçevir rayon təşkilatları adından yayılan bəyanatlara gəlincə, Gülağa Aslanlı deyib ki, Ağcabədidə olan zona müşavirəsində rayon təşkilatının sədri bəyanatın razılaşdırıldığını bildirib: "Digər rayon təşkilatının sədr müavini isə deyir ki, razılaşmamışıq. Ona görə də bu məsələlərin guya böyük nizamnamə pozuntusu olduğunu iddia etmək özü də nizamnaməni bilməməyin nəticəsidir".
Müsavat başqanının müavini Səxavət Soltanlı etirazçı qrupun rəhbəri Qubad İbadoğlunun müsahibəsində siyasi təşkilatın rəhbərliyini müsavatçılıq ideologiyasına xəyanətdə ittiham etməsinə, repressiyaya məruz qalma iddialarına münasibətini açıqlayarkən "əminliklə deyirəm, Qubad İbadoğlu və bir neçə tərəfdarının etdikləri Müsavat Partiyasına, müsavatçılara və Azərbaycan xalqına qarşı edilmiş ən böyük pislik kimi tarixə yazılacaq",- deyə bildirib. Müsavat rəsmisi bildirib ki, əslində sentyabrın 27-də keçirilən partiya qurultayında Qubad İbadoğluna səs verənlər indi verdikləri səslərə görə utandıqlarını partiya rəhbərliyinə etiraf edirlər: "Qubad bəy, sizə qurultayda səs verənlər belə sizə səs verdiklərinə görə utandıqlarını deyirlər! Siz nə tərəfdar-tərəfdar davası salmısınız?! Qurultayın tam demokratik keçirilməsini isə istənilən şəxsə sübut etməyə hazıram. Siz də bu debata hazırsınızsa, buyurun Qubad bəy, təşkil edin, lap elə müsahibə verdiyiniz "Yeni Müsavat" qəzetində də olsa, lap yaxşı. Buyurun bu məsələləri ictimaiyyət qarşısında açıq şəkildə danışaq, hər kəs həqiqətləri bilsin!"
Səxavət Soltanlı daha öncə də Qubad İbadoğlunu debata çağırdığını xatırladaraq, qarşı tərəfin həmin debatdan qaçdığını deyib: "Baxmayaraq ki bir dəfə belə imkanımız olmuşdu, siz məni müzakirəyə dəvət etmişdiz, arqumentləriniz olmadığı üçün kobud şəkildə müzakirədən qaçmışdınız...".

Əli