Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır Cəmiyyət

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimini elan edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bakalavrlar iyulun 20-dən 26-dək (saat 23:59-dək) magistraturaya qəbul üzrə ixtisaslaşma seçimində iştirak etmək üçün DİM-in elektron xidmətlər portalında “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ni doldurmalı və təsdiq etməlidirlər.

İxtisaslaşma seçimində magistraturaya fevral 15-də, mayın 17-də və iyunun 14-də keçirilmiş qəbul imtahanlarının (bəzi proqramlar üzrə, həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak edə bilərlər.

Namizədlər ixtisaslaşma seçimində imtahanın istənilən cəhdində əldə etdikləri nəticə əsasında iştirak edə bilərlər. Bir neçə imtahan nəticəsi olan və müsabiqə şərtlərini ödəyən bakalavrlar isə iştirak üçün istədikləri nəticəni seçmək hüququna malikdirlər.

Qaydalara əsasən, hər bir bakalavr maksimum 20-dək ixtisaslaşma kodu seçə bilər. Seçilən ixtisaslaşmalar namizədin bitirdiyi bakalavr ixtisasına, həmçinin bəzi ixtisaslaşmalar üzrə müəyyən edilmiş xarici dil tələblərinə uyğun olmalıdır.

Qeyd edək ki, ixtisaslaşmaların seçimi “Magistr” jurnalının 2026-cı il üçün nəşr olunmuş 3-cü sayında dərc edilmiş seçim cədvəlinə uyğun həyata keçiriləcək.