“Foreign Policy Journal”-dan xəbərdarlıq Siyasət

“Foreign Policy Journal”-dan xəbərdarlıq

"Ermənistan-Azərbaycan münaqişəsi regionu gərginlik ocağına çevirə bilər"

On illərdir bir çox ölkələrin diqqəti Azərbaycana yönəlib ki, bu da onun əlverişli coğrafi mövqeyi və zəngin təbii sərvətləri ilə bağlıdır. Bu barədə Yekaterina Şakdamın "Foreign Policy Journal"-ın saytında dərc olunan məqaləsində deyilir. Ötən gün bu məqalə "Eurasia Review" saytında da yerləşdirilib.
Məqalədə deyilir: "Azərbaycan regionda elə bir təsirə malikdir ki, bir çox analitiklər Bakının yürütdüyü xarici siyasətin yekunda regiona əhəmiyyətli təsir göstərəcəyini iddia edirlər".
Y.Şakdam hesab edir ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin son zamanlar gərginləşməsi fonunda Cənubi Qafqaz regionu gərginlik ocağına çevrilə bilər.
Məqalədə analitik Fərid İsmayılzadənin sözlərinə yer verilir: "Azərbaycan və Ermənistan arasında münaqişəyə iri regional dövlətlər cəlb oluna bilər. Dağlıq Qarabağ münaqişəsi geosiyasi rəqabətin əsiridir və buna Yerevan və Bakıdan əlavə bir çox oyunçular cəlb olunub".
Məqalə müəllifi yazır ki, həqiqətən də Rusiya, İran, Türkiyə, ABŞ və Aİ-nin Azərbaycanla bağlı geosiyasi maraqları var: "Noyabrın 28-də Azərbaycan Müdafiə Nazirliyi yaydığı rəsmi bəyanatda Ermənistanın hərəkətlərini, o cümlədən atəşkəs rejiminin daim pozulmasını qınayıb".
Y.Şakdam qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına sadiqdir, lakin Bakı xəbərdarlıq edir ki, ərazisinə istənilən müdaxilələrə cavab verəcək: "Azərbaycan və Ermənistan arasında gərginliyin artması nəzərə alınmaqla, ekspertlər xəbərdarlıq edirlər ki, əldən verilmiş vaxt regiona baha başa gələ və münaqişəyə dünya dövlətləri cəlb edilə bilər".
Materialda iranlı politoloq Möhsün Kiyanın sözlərinə istinad da edilir: "Necə ki, Suriya dünya dövlətlərinin maraqlarının toqquşduğu yerə çevrilib, Cənubi Qafqazda müharibə də region ölkələrinin qarşıdurmasına səbəb ola bilər".
Y.Şakdam yazır ki, Ankara Bakının sadiq müttəfiqidir: "Türkiyə 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub və həmin vaxtdan etibarən Türkiyə Azərbaycana siyasət, iqtisadiyyat və müdafiə sahələrində fəal dəstək verib".
Məqalədə vurğulanır: "İsmayılzadə hələ 2005-ci ildə qeyd edirdi ki, Azərbaycan və Ermənistan Şərq və Qərb, postsovet ölkələri və İslam dünyası arasında körpü rolunu oynayan regionun hissəsidir. Bu, çox vaxt regionda bir sıra ölkələrin maraqlarının toqquşmasına gətirib çıxarır. Nəticədə Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş qalır".
Müəllif hesab edir ki, F.İsmayılzadənin vəziyyətə verdiyi qiymət bu gün də ədalətlidir: Suriya, İraqdakı hadisələr, Əfqanıstanda "Taliban" hərəkatının fəaliyyətinin aktivləşməsi fonunda radikal islamçılar Ermənistanın Azərbaycana qarşı təcavüzündən istifadəyə cəhd edə bilərlər. Bu məqsədlə radikal islamçılar cihad üçün onu yeni platforma qismində istifadə edə bilərlər".
Müəllifin sözlərinə görə, Ermənistan və Azərbaycan arasında gərginlik azalmasa, region çox güclü çarpaz atışmaya məruz qala bilər.