“Böyük sülh sazişi” mümkün olacaqmı? Siyasət

“Böyük sülh sazişi” mümkün olacaqmı?

Teyyub Qəni: "Əgər həmsədrlər Ermənistanın bir dövlət kimi təmamilə tarix səhifəsindən silinməsini istəmirlərsə..."

Ərəstun Baxşəliyev: "Rəsmi Bakı dəfələrlə qarşı tərəfə yönəlik böyük sülh sazişi üzərində iş aparmaq üçün çağrışlar edib, ancaq təssüflər olsun ki bu hələ də mümkünləşməyib"

Cavid

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didier Burkhalter Azərbaycan və Ermənistanı Böyük Sülh Sazişinə hazırlaşmağa çağırıb.
D.Burkhalter ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən 21-ci iclasının birinci iş gününün sonunda çıxışı zamanı Ukrayna böhranının və digər münaqişələrin mövcudluğu Avro-Atlantik və Avrasiya məkanı üçün ciddi təhlükə olduğunu qeyd edib.
O, Krımın Rusiya tərəfindən ilhaq olunması və Ukraynanın şərqində separatçıların dəstəklənməsinin yolverilməz olduğunu və bu məsələdə Avropanın birmənalı mövqe göstərdiyini vurğulayıb.
İsveçrənin XİN başçısı Moldovanın Dnestryanına yüksək muxtariyyət vermək barədə öhdəliyini dəstəklədiyini qeyd etsə də, Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemi ilə bağlı müzakirələrdə ortaq məxrəcə gəlməyin mümkün olmadığını deyib.
Dağlıq Qarabağ məsələsi ilə bağlı olaraq, D. Burkhalter həmsədr ölkələrin bəyanatını dəstəklədiyini bildirib: "Mən bu bəyanatı bölüşürəm və tərəfləri Böyük Sülh Sazişi üzərində işə başlamaq üçün danışıqlara səsləyirəm".
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib ki, prezidentlərin Paris görüşündən dərhal sonra Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də dəstəklənən "Böyük sülh sazişi" üzərində işləməyə hazır olduğunu bəyan edib: "Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində Bazeldə keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında çıxışı zamanı "Böyük sülh sazişi" üzərində işləmək üçün Azərbaycanın hazır olduğunu bir daha vurğulayıb. Nazir Elmar Məmmədyarov çıxışında onu da qeyd edib ki, Ermənistan bu önəmli təşəbbüsü ciddi şəkildə nəzərdən keçirməlidir. Göründüyü kimi, Azərbaycanın mövqeyi bu məsələdə də tam şəkildə aydındır. İndi bu çağırışı adekvat şəkildə cavablandırmaq üçün bütün məsuliyyət Ermənistanın üzərinə düşür".
BAXCP Ali Məclisinin sədri Teyyub Qənioğlunun fikrincə isə Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək: "ABŞ dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın Avropa işləri üzrə dövlət katibi Harlem Desir ATƏT Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən toplantısı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin nümayəndələri qismində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti dəfə çeynənmiş birgə bəyanatla çıxış ediblər. Onlar dövlətlərinin münaqişənin sülh yolu ilə həllinə dair mövqelərinə sadiq qaldıqlarını vurğulayaraq bəyan etmişlər ki: "Münaqişənin hərbi yolla həlli yoxdur. Biz tərəfləri zorakılıqdan çəkinməyə və münaqişənin qəti həlli üzərində fəal çalışmağa çağırırıq". Göründüyü kimi, son dövrlər Azərbaycanın münaqişənin həlli ilə bağlı beynəlxalq hüquqa söykənən öz ədalətli mövqeyini daha israrla müdafiə etdiyindən əndişələnən ermənipərəst həmsədr dövlətlərin nümayəndələri problemin çözülməsi üçün təcəvüzkar Ermənistana deyil, yenə də Azərbaycana təzyiq etmək yolunu tutublar. Qoşunlarının təmas xəttində zorakılıq hallarının artmasından narahatlıqlarını ifadə edən, ancaq bu zorakılıq hallarının səbəblərinin və baiskarının kim olduğunu növbəti dəfə "unudan" bu cənablar tərəflərə müraciət edərək gərginliyin artmasının qarşısını almaq üçün onları səbr nümayiş etdirməyə, atəşkəs rejiminin möhkəmləndirilməsi üçün əlavə tədbirlər görməyə və sülh danışıqlarının inkişafı üçün əlverişli mühit yaratmağa (?) çağırıblar. Əcəb mövqedir!?
ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin münaqişənin hərbi yolla deyil, yalnız sülh yolu ilə həllinə dair mövqelərinə sadiq qaldıqlarını hər dəfə vurğulamaların əslində nə demək olduğu hər kəsə gün kimi bəllidir. 20 ildən artıq keçən müddət ərzində ATƏT-in Minsk Qrupunun mandatından istifadə edərək və əslində bu mandata zidd olaraq, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına cəhd edən həmsədrlər münaqişənin hərbi yolla həllinin Ermənistanın tam məğlubiyyəti ilə nəticələncəyini gözəl başa düşürlər. Buna yol verməmək üçün onlar bütün açıq və gizli vasitələrlə Azərbaycana təzyiq edir, onu işğal faktı ilə barışmağa sövq edir və ümid edirlər ki, nə vaxtsa buna nail ola biləcəklər. Və bu mümkün olmadıqca münaqişəni dondurulmuş vəziyyətdə saxlayacaqlar...
Bizə bir daha ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin nəzərinə aşağıdakıları çatdırmaq qalır: Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir! Əgər həmsədrlər Ermənistanın bir dövlət kimi təmamilə tarix səhifəsindən silinməsini istəmirlərsə onun təcavüzkar, işğalçı mövqeyini yox, Azərbaycanın beynəlxalq hüquqa uyğun haqlı mövqeni müdafiə etsinlər!"
Politoloq Ərəstun Baxşəliyev isə bildirib ki, rəsmi Bakı da dəfələrlə qarşı tərəfə yönəlik böyük sülh sazişi üzərində iş aparmaq üçün çağrışlar edibdir: "Ancaq təssüflər olsun ki bu hələ də mümkünləşməyib. Və mümkünləşə biləcəyi də inandırıcı gəlmir. Çünki bunu istəməyən qüvvələr var. Bu gün çox maraqlıdır ki, sülh danışıqlarının irəli götürülməsinin tam əksinə olaraq mövcud sakitliyə zərbə vura biləcək hərəkətlərə daha çox yol verilir. Təsadüfü deyildir ki, təmas xəttində vurulmağa məcbur edilən helikopterin mövqelərimizə hücum cəhdi də birbaşa təxribata hesablanmış addım idi. Düşünürəm ki, bu kimi təxribatlara istər əsgəri heyət, istərsə də ölkə vətandaşlarımız hər zaman hazır olmalıdır. Müharibənin başlanması hər an mümkündür. Vəziyyət çox gərgindir və bu birbaşa qlobal, və regional miqyasda baş verən proseslərlə bilavasitə bağlıdır.
Rusiyaya qarşı həyata keçirilən sanksiyalar və bu sanksiyaların ağırlaşdırılması, o cümlədən enerji daşıyıcı qiymətlərinin bilərəkdən aşağı salınması onu daha çox aqressivləşdirir. Artıq bu dövlət sözün əsl mənasında dünya dövlətləri ilə təhdid dilində danışır. Rusiya qırıcılarının NATO səmasına yaxın uçuşları və ağlagəlməz addımları da proseslərin çıxılmaz nöqtəyə daşına biləcəyi siqnallarını verməkdədir. Məhz bütün bu proseslərin bölgəmizə təsiri olduqca çoxdur. O səbəbdəndir ki, təmas xəttində yaşanan bir çox gərginliklər bəzən pik həddə çata da bilir. ATƏT sədri tərəfindən belə bir çağrışa gəlincə. Bəli, əlbət ki, bu müsbət bir çağrışdır. Və əgər ki bu proses başlayarsa o zaman sülh sazişinə daha tez nail olmaq olar. Çünki artıq razılaşdırılmış məqamlar kağız üzərinə töküləcəkdir. Ancaq yenə də vurğulayıram ki, təssüflər olsun ki, bu prosesin baş tutması qeyri mümkündür".