Zəfər Quliyevdən Əli Kərimliyə sərt ittihamlar Siyasət

Zəfər Quliyevdən Əli Kərimliyə sərt ittihamlar

"Milli Şurada böhranlı vəziyyətin yaranmasında AXCP məsuliyyət daşıyır"
"El" Hərəkatı sədrinin müavini Zəfər Quliyev son günlər müxalifət düşərgəsində baş verən məsələlərlə bağlı fikirlərini bölüşüb.
"El" Hərəkatının Müsavat Partiyasının əməkdaşlıq sazişi təklifindən imtina etməsi ilə bağlı yayılan məlumata münasibət bildirən Z.Quliyev "Trend"ə deyib ki, burada imtina məsələsi olmayıb: "El" Hərəkatının rəhbərliyi ilə Müsavat Partiyasının rəhbərliyi görüşüb, söhbət aparıb, hətta ilkin razılıq da bildirilib. Lakin sonra baş verən proseslər, Milli Şuradakı böhranlı vəziyyət, Müsavat Partiyası ilə AXCP arsında gedən kompromat müharibəsi, qarşılıqlı ittihamlar istər-istəməz əməkdaşlıq məsələsini ikinci plana çəkdi, lakin ara sakitləşəndən sonra bu məsələ yenidən gündəmə gələ bilər".
AXCP ilə əməkdaşlığın mümkünlüyü məsələsinə toxunan Z.Quliyev qeyd edib ki, bu məsələdə tərəddüd etdiklərini deyib: "Milli Şurada yaranan böhranlı vəziyyətdə də AXCP-nin məsuliyyəti az deyil. Dəfələrlə deyilmişdi ki, Milli Şura bərabərhüquqlu birlik kimi yaranır. Burada heç kimin dominantlıq iddiası olmamalıdır, başqalarının maraqlarına qarşı addımın atılması bu birliyin fəlsəfəsini, missiyasını dağıda bilər. Lakin sonrakı proseslər, istefalar göstərdi ki, bizim həm Milli Şurada, həm də AXCP-də istefalara çox qısqanclıqla, dözümsüzlüklə yanaşdılar. Hesab edirəm ki, AXCP funksionerlərinin bu cür yanaşması siyasi münasibətlərdə də yaxşı əlamət deyil".
Müsavat Partiyası ilə AXCP arasında yaranan gərginliyə gəlincə isə, "El" Hərəkatı sədrinin müavini bir çox məsələni zamanın öhdəsinə buraxmağın zəruri olduğunu hesab edir: "İndiki məqamda vəziyyət gərginləşib və iki partiya ictimaiyyətin qarşısında açıq ittihamlar səsləndirirlər. Belə bir məqamda aydın məsələdir ki, əməkdaşlığı bərpa etmək alınmaz, alınsa da bu, sadəcə görüntü ola bilər. İndiki məqamda hər iki partiyanın funksionerlərinin əməkdaşlıq üçün şərt qoyması da indidən əməkdaşlığı şübhə altına almaqdır".
Z.Quliyev əlavə edib ki, iki partiya arasında yaranan gərginlik onu göstərir ki, hər iki partiyanın bəzi məsələlərdə mövqeləri çox ciddi şəkildə fərqlənir, bir-birilərinə şübhə ilə yanaşırlar, bir-birilərinin mövqelərinə dözümsüzlük nümayiş etdirirlər. Onun sözlərinə görə, düşərgədə bu "böhranlılıq sindiomu" əvvəlki seçkilərdən sonra da baş verirdi: "Günahkar axtarmaq, uğursuzluğun günahını bir-birilərinin üzərinə atmaq hər seçkidən sonra baş verir. Mən təxminən bilirdim ki, indiki seçkidən sonra da belə olacaq. Hər bir partiya öz daxilindəki problemləri həll etməlidir və ondan sonra kiminlə əməkdaşlıq etmək barədə düşünməlidir".
Z.Quliyev Milli Şuranın hazırkı durumuna da münasibət bildirib. O hesab edir ki, Milli Şura konsepsiyasından, fəlsəfəsindən xeyli uzaqlaşıb: "Əvvəl Milli Şura fərdlər birliyi kimi düşünülmüşdü, lakin seçki prosesində biz gördük ki, əvvəl iki partiya üstünlük təşkil edirdi, seçki qərəgahı da məhz o iki partiyanın üstünlüyü ilə yaradıldı. Onda Milli Şuranın gələcəyi üçün təhlükəli məqamlar yarandı. Doğrudan da üstünlük iki partiyada saxlandı və sonra o iki partiya arasında sanki Milli Şura uğrunda rəqabət gücləndi. Sonda belə alındı ki, Müsavat Partiyası da sıxışdırıldı, oradan çıxmağa məcbur oldu və Milli Şura bir partiyanın dominantlığı üzərində quruldu. Təəssüf ki, Milli Şuranın sədri Cəmil Həsənli bu məsələlərdə prinsipal mövqe ortaya qoymadı və qurum indi də belə bir böhranlı vəziyyətə düşdü".
Z.Quliyev, həmçinin düşərgədə yenilənmənin zəruri olduğunu hesab edir: "Hər bir sahədə olduğu kimi, düşərgə daxilində də bir yeniləşmə prosesi getməlidir. Amma yeniləşməyə qısqanc münasibət var. Bir çox köşnə müxalifət liderləri, fəalları yeni təşkilatlar, iddialı gənclər ortaya çıxanda qısqanclıqla qarşılayırlar. Bu, düzgün deyil və yeniləşmə üçün şəraitin yaradılmasına imkan vermir. Götürək, Milli Şuranın yeni yaradılan koordinasiya şurasını. Koordinasiya şurasının üzvlərinin orta yaşını müəyyənləşdirsək, böyük bir rəqəm edir. Təəssüf ki, Milli Şurada da gənclər üçün şərait görünmür. Bir çox müxalifət partiyalarında da bu proses istənilən formada getmir".
Yeri gəlmişkən, Milli Şurada istefalar hələ də davam edir. Belə getsə, qurumda Əli Kərimlidən və müavinlərindən başqa kimsə qalmayacaq. Artıq Milli Şuranın qurucu üzvü Aqil Səmədbəyli də qurumu tərk etdiyini bəyan edib. Bu barədə Aqil Səmədbəyli özünün Facebook profilində müvafiq status paylaşıb. Cəmisi iki cümlədən ibarət olan statusunda o bildirib ki, istefasının səbəblərini Cəmil Həsənliyə çatdırıb.
Maraqlıdır ki, "El" hərəkatının rəhbəri Eldar Namazov da Milli Şuranın Əli Kərimlinin əlində oyuncağa çevrildiyini vurğulamışdı. O, AXCP-nin üzündən qurumun təsisçilərdən olan 6 partiyadan dördünün artıq oranı tərk etməsi və bu gedişatın qurumu xeyli zəiflətməsi faktına diqqət çəkmişdi.
"El" hərəkatı təmsilçilərinin açıqlamalarından narazı qalan Milli Şuranın sədri Cəmil Həsənli Eldar Hamazovu cavabsız qoymayıb: "Eldar Namazovun misal gətirdiyi 6 partiyanın ikisi elə onun özünün Milli Şurada aktiv fəaliyyəti dövründə getmişdi. Eldar bəy isə MŞ ideyasından əldə edə biləcəyi bir şeyləri əldə etməyə çalışdı. Eldar Namazov özü də dəfələrlə etiraf edib ki, o, Milli Şuranın işini qura bilmədi. İndi Məşvərət Məclisinin yaranmamasının günahını başqalarının üzərinə atır, halbuki İcra Aparatının rəhbəri kimi o, özü bunda maraqlı deyildi və bunu heç gizlətmirdi də. Həmin dövrdə Milli Şuranın İcra Aparatı yanında təşkil olunmuş Eldar bəyin rəhbərlik etdiyi qərargah Rüstəm İbrahimbəyovun imza vərəqləri alması üçün sənədləri təxminən 12 günə hazırlayıb MSK-ya vermişdi. MŞ-nin 18 avqust mitinqinin əsas təşkilatçıları Rəsul Quliyev və Eldar Namazov idi. Onlar bu işin öhdəsindən gələ bilmədilər və bütövlükdə tədbir yararsız oldu. Rüstəmin təkidlərinə baxmayaraq, lap əvvəldən mənim namizədlmyimin 3 nəfər qatı əleyhdarı var idi. Bunun birincisi mən özüm, ikinci və üçüncüsü isə Rəsul Quliyevlə Eldar Namazov idilər".