Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırışlar Siyasət

Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırışlar

Əli Həsənov: "Bir dövlətin, xalqın gələcək haqqında əminliyi onu təmsil edən gəncliyə bağlıdır"

Dünən Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyətə başlamasının 3 illiyi münasibətilə "Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırışlar" adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkilləri, gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri, digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fondun sədri Fərhad Hacıyev Azərbaycanın gənclər siyasəti və Gənclər Fondunun fəaliyyəti haqqında danışıb. F.Hacıyev qeyd edib ki, Azərbaycanın gənclər siyasəti bütün dünya üçün bir örnəkdir və bunu artıq bütün dünya deyir.
Fond rəhbəri bildirib ki, Azərbaycan gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: "Ulu öndər 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra ilk yaratdığı dövlət qurumu məhz Gənclər və İdman Nazirliyi olub. Ulu öndər hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərirdi".
Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin əsas məqsədi Azərbaycanda sağlam və vətənpərvər gəncliyin yetişdirilməsi olub: "Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələyə qədəm qoyub və infrastrukturun genişləndirilməsi, bu sahədə müxtəlif yeni orqanların yaradılması, gənclərin potensialının dövlət tərəfindən daha çox dəstəklənməsinə xüsusi yer ayrılır".
F.Hacıyev qeyd edib ki, Gənclər Fondunun yaradılması təşəbbüsü də məhz Prezident İlham Əliyev tərəfindən irəli sürülüb.
Gənclər Fondunun yarandığı gündən indiyə qədər dəstəklədiyi layihələr barədə məlumat verən sədr qeyd edib ki, Fond ilk gündən başlayaraq layihələrin elektron qəbulunu tətbiq etdi və layihələri kateqoriyalara ayırdı.
Onun sözlərinə görə, Gənclər Fondunun saytında 304 gənclər təşkilatı, 3842 fərdi gənc qeydiyyatdan keçib.
F.Hacıyev vurğulayıb ki, Fondun birinci qrant müsabiqəsinə 165 müraciət olub və onlardan 129 layihə dəstəklənib: "İkici qrant müsabiqəsində Fonda 387 layihə müraciəti daxil olub və onlardan 170 layihə dəstəklənib. 3-cü qrant müsabiqəsində 421 müraciətdən 331-i dəstəklənib".
F.Hacıyev əlavə edib ki, 4-cü qrant müsabiqəsi sırf fərdi müraciətlərə həsr olunub və 668 layihədən 391-i dəstəklənib: "5-ci qrant müsabiqəsində 1065 layihə müraciəti daxil olub".
Onun sözlərinə görə, 6-cı qrant müsabiqəsində isə 1248 layihədən 408 layihə dəstəklənib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxış edib.
O deyib: "Azərbaycanda bizim qürur hissi keçirdiyimiz milli ordu formalaşıb ki, bu ordu bu gün beynəlxalq aləmin qınaqlarına göz yumsa, Azərbaycanın həyata keçirdiyi sülh danışıqlarına məhəl qoymasa, öz torpaqlarını azad etməyə qalxsa, mən əminəm ki, bir həftə, on gün müddətində Azərbaycanın işğal altında olan bütün torpaqlarını azad edə bilər".
Ə.Həsənov bildirib ki, Azərbaycanın müstəqilliyə qovuşmasından indiyə qədər 23 il vaxt keçir: "23 ildə Azərbaycan dövlətini qurmuşuq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə, onun bilavasitə səyi ilə bu gün bizi dünyada, beynəlxalq aləmdə layiqincə təmsil edən Azərbaycan dövləti quruldu. Bizim bu gün öyünə biləcəyimiz sərvətimiz Azərbaycan dövləti və onun varlığıdır. Azərbaycan dünyanın ən mötəbər təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunur, Avropa Şurasına rəhbərlik etdi. Dünyanın müxtəlif qurumlarına Azərbaycan rəhbərlik edib. Bundan sonra Azərbaycan dünya dövlətləri arasında özünün iqtisadiyyatı, neft strategiyası ilə, dünyanın enerji xəritəsində təmsil olunma qabiliyyəti və strategiyası ilə bəlli bir yer tutub. Azərbaycan iqtisadiyyatı dünyanın öndə gedən iqtisadiyyatlarından biridir".
PA rəsmisi qeyd edib ki, Azərbaycanın sosial siyasəti dünyanın nümunə göstərilən siyasətlərindən biridir: "Bunun nəticəsi olaraq Azərbaycanda tolerantlıq yaranıb, multikulturalist ənənələr formalaşıb, xalqlar, millətlər, etnik qruplar arasında sözün həqiqi mənasında sivil birgə yaşayış normaları bərqərar olub. Azərbaycanda əhalinin sosial qrupları arasında tam anlaşıqlı və birgə sivil yaşayışları üçün normalar yaranıb. Azərbaycanın fəhləsi də, ziyalısı da, orta təbəqəsi də - hər kəs bu dövlətin siyasətindən öz payını alır və cəmiyyətdəki bugünkü sabitlik də həmin sosial siyasətin praktikliyinin nəticəsidir".
PA rəsmisi vurğulayıb ki, bir dövlətin gənci nə etdiyini dərk edirsə və dərk edə-edə o dəyərləri qorumaq əzmini, iradəsini ortaya qoyursa və ən əsası onun qorumaq iradəsi, əzmi praktikdirsə, o zaman Azərbaycan gənci rəqabətədavamlı gənclər kimi ümummilli lider tərəfindən təməli qoyulmuş gənclər siyasətini davam etdirəcək: "Gənclər siyasətinin praktikliyini də siz bilirsiniz. Bu gün Azərbaycan əhalisinin 3 milyonu birbaşa gənclər kateqoriyasını təmsil edir. Təxminən 65 faiz əhali gənclik yaşındadır, yəni 35 yaşa qədər olan insanlardır. Deməli, dövlət bu 65 faizin təməlini sağlam qoymasaydı, onun inkişafına lazım olan siyasi, iqtisadi, mənəvi və digər resursları tapıb yönəltməsəydi və əsas odur ki, məqsədyönlü şəkildə bu siyasəti formalaşdırıb həyata keçirməsəydi, biz bu gün nəyə söykənə bilərdik? Necə gələcəyimizdən əmin ola bilərdik? Bir dövlətin, xalqın gələcək haqqında əminliyi onu təmsil edən gəncliyə bağlıdır. Onu təmsil edən gənclik sağlam formalaşdırılıbsa, bu siyasətin təməli sağlam qoyulubsa və ən əsası o istiqamətdə dövlət düşünülmüş siyasət yeridirsə, deməli bunun gələcəyi var. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, hər bir dövlətin həyata keçirdiyi siyasətin əsasında milli maraqlar dayanmalı və hər bir hakimiyyət öz xalqına söykənməlidir. Əgər xalq bu siyasəti dəstəkləməsə, heç bir proqram müsbət nəticə verə bilməz. Azərbaycan dövlətinin uğuru odur ki, bu siyasət xalqın maraqlarına söykənir və xalq da onu dəstəkləyir ".
Ə.Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti yanında Gənclər Fondu 3 il ərzində kifayət qədər səmərəli fəaliyyət göstərib və bu fəaliyyət öz praktiki nəticələrini göstərməkdədir: "Bilirsiniz ki, hər bir fəaliyyət onun praktik nəticələri ilə ölçülür. Hər bir fəaliyyət sonda ictimai mahiyyət kəsb etmirsə, dövlətin, millətin ictimai, siyasi, sosial maraqlarına xidmət etmirsə, əlbəttə, o formal olaraq kağız üzərində qalır. O yerdəki bu, artıq ictimai nəticələrini verib, deməli, bu fəaliyyət təqdir olunmalıdır. Mən düşünürəm ki, bu gün təqdim olunan layihə nümunələri, Fond rəhbərliyinin verdiyi ümumi hesabat, bu üç il ərzində 1865 layihənin dəyərləndirilməsi və onlara vəsaitin ayrılması, getdikcə müraciətlərin intensiv şəkildə artması və əhatə dairəsinin genişlənməsi, gənclərin bütün təbəqələrini əhatə etməsi, əlbəttə, görülən işin effektivliyindən, ictimai dəyərindən xəbər verir".
Ə. Həsənov Gənclər və İdman Nazirliyinin Azərbaycanda gənclər siyasətini həyata keçirən əsas qurumun olduğunu diqqətə çatdırıb: "Yardımçı qurumlardan biri də Gənclər Fondudur. Heç kim deyə bilməz ki, Gənclər Fondunun fəaliyyətində hansısa xoşagəlməz hal mövcuddur. Prezident yanında qurumların hamısında, Elm Fondunda, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda da belə şəffaf fəaliyyət qurulub. 3 il az müddət olsa da, Gənclər Fondunun fəaliyyətini uğurlu hesab etmək olar".
Daha sonra çıxış edən Gənclər Fondu Müşahidə Şurasının üzvləri olan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək Azərbaycanın gənclər siyasəti və Gənclər Fondunun fəaliyyəti barədə danışıblar.
Qeyd olunub ki, Azərbaycan gəncləri Avropa və dünya gənclərinə nümunə olacaq səviyyəyə gəlib çıxıblar. Bu gün Azərbaycan gəncliyi təkcə ölkə daxilində deyil, xaricdə də Azərbaycanın təbliğatını aparır. Azərbaycan gəncliyi dövlətinə, millətinə bağlı gənclərdir və harada yaşamalarından, təhsil almalarından asılı olmayaraq, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında aktiv iştirak edirlər.
Daha sonra "İrəli" Gənclər Birliyinin "Nəzər nöqtəsi" layihəsi, Asan Könüllülər Təşkilatının "Asan Akademiya" layihəsi, Gənclər üçün Təhsil Mərkəzinin "Region gənclərinin yaradıcılıq festivalı" layihəsi, fərdi layihələrdən olan "Yol terroruna son", "Xarı bülbül" və digər layihələrin təqdimatı keçirilib.