İqtidar-müxalifət dialoqu ilə bağlı müzakirə Siyasət

İqtidar-müxalifət dialoqu ilə bağlı müzakirə

Fuad Əliyev: "Hansı əsasla bu görüşə qarşı gözdən salma kampaniyasına başlamısınız?"

Sərdar Cəlaloğlu: "Biz siyasi dialoq başlamamışıq, sadəcə olaraq görüşmüşük"

Cavid

İqtidar-müxalifət dialoqunun baş tutmasından bir həftədən artıq vaxt keçməsinə baxmayaraq mövzu hələ də çözülməkdədir. Dialoqda iştikrak etməyən radikal müxalifət düşərgəsinin təmsilçiləri bu görüşlə bağlı yanlış təsəvvürlər formalaşdırmağa çalışırlar və bunun guya iqtidar-müxalifət danışıqları formatından uzaq olduğunu iddia edirlər.
Xatırladaq ki, həmin görüşdə hakimiyyəti təmsil edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və ölkədəki müxalifət partiyalarının sədrləri iştirak edib. Görüşdən sonra mətbuata açıqlama verən şöbə müdiri bildirib ki, Azərbaycan cəmiyyətinin daxili idarəçiliyi mətbuat, söz və məlumat azadlığı, həmçinin vətəndaş cəmiyyəti institutlarının və siyasi partiyaların opponentlik fəaliyyəti olmadan qeyri-mümkündür. O, bu səbəbdən də davamlı olaraq mətbuatla, siyasi partiyalarla, qeyri-hökumət təşkilatları ilə görüşlər keçirildiyini vurğulayıb. Ə.Həsənov Azərbaycanın bir qrup müxalifət partiyasının təşəbbüsü ilə reallaşdırılan son görüşü də müsbət qiymətləndirərək, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparıldığını, nəticələrin Prezident İlham Əliyevə, Prezident Administrasiyasına və müvafiq strukturlara çatdırılacağını söyləyib.
Görüşdə iştirak edən Azərbaycan Liberal Demokrat Partiyasını (ALDP) sədri Fuad Əliyev bildirib ki, müxalifət bu görüşü çoxdan gözləyirdi: "Elə iqtidar komandası üzvlərinin çıxışlarından da hiss olunurdu ki, belə bir görüşün keçirilməsini onlar da normal qarşılayırlar. Düzdür, görüş mediaya qapalı oldu, amma bu heç də o demək deyil ki, biz fəaliyyətimizi ictimaiyyətdən gizlədirik. Biz həmin görüşdə tam sərbəst şəkildə fikirlərimizi çatdıra bildik, üzləşdiyimiz problemləri qaldıra bildik. Fikrimcə, olduqca səmimi bir görüş keçdi. Ümid edirəm ki, bundan sonra baş tutacaq görüşlər bütövlükdə iqtidar-müxalifət danışıqlarına, demokratik cəmiyyət quruculuğunda irəliləyişlərə gətirib çıxaracaq".
F.Əliyev bildirib ki, ilkin olaraq 4 partiya belə bir görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib: "Bu barədə Prezident Administrasiyasına müraciətdən sonra Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan bütün partiyaların görüşdə iştirak etməsi təklifi razılaşdırıldı. Lakin son anda 3 partiya bu görüşdən imtina etdi. Azad Demokratlar, Müsavat və Xalq partiyaları sonradan görüşdə iştirak etməmək qərarına gəldilər. Baxmayaraq ki, Xalq Partiyasının sədri Pənah Hüseyn bu görüşün əsas təşəbbüskarlarından, müraciətin tərəfdarlarından biri idi, amma son məqamda bundan imtina etdi. Sözsüz ki, hər bir partiya seçimini özü edir və biz ona təsir edə bilmərik. Biz görüşə qatılarkən isə məlum oldu ki, bizimlə bərabər digər siyasi partiyalar da bu görüşdə iştirak etmək üçün müraciət ediblər. Ona görə də görüşdə iştirak edən partiyaların sayı ümumilikdə 17 oldu".
Partiya sədri radikallar tərəfindən görüşdə iştirak edən partiyaların ünvanına müxtəlif ittihamlar səsləndirildidiyini də bildirib: "Konkret AXCP-ni götürsək, adama deyən lazım, necə olur ki, sizin partiya üzvləri, başda Əli Kərimli olmaqla deputat mandatı daşıyanda, vaxtilə qərargahla təmin olunanda, sizə tabe olan "Azadlıq" qəzeti Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan maliyyə dəstəyi alanda bu, normal sayılır, amma digər partiyalar dəyirmi masa ətrafında iqtidarla hər hansı məsələni müzakirə edəndə bu anormal sayılır? Hansı əsasla bu görüşə qarşı gözdən salma kampaniyasına başlamısınız? Sizin narahatlığınızın səbəbi nədir? Biz ki, həmin görüşdə kimdənsə imtiyaz, vəzifə istəməmişik. Bu cür əsassız ittihamlar irəli sürməkdənsə, AXCP və digər partiya sədrləri də görüşə qatıla, istədiyi problemi orada qaldıra bilərdilər. Lakin onlar bunu etmədilər. Sanki bir neçə partiya müxalif adını monopoliyaya alıb və özlərindən başqa heç bir partiyanı müxalifət saymırlar. Ona görə də görüşdə iştirak edən partiyalar ünvanına deyilən sözləri əhəmiyyətsiz sayıram. Biz bu deyilənlərdən qətiyyən narahat deyilik"
ADP sədri Sərdar Cəlaloğlu isə bildirib ki, bu görüş siyasi dialoq hesab edilməməlidir: "Həmin görüşdə iqtidarla müxalifət arasında siyasi dialoqun başladılmasının mümkünlüyü məsələsinə baxmışıq. Açığı, mənim təəssüratım belə oldu ki, hakimiyyət müxalifətlə, yəni dialoq istəyən tərəflə siyasi dialoq etməyə, ölkənin problemlərini iqtidar-müxalifət əməkdaşlığı ilə həll etməyə hazırdır. O cümlədən, iqtidarla müxalifət arasındakı gərginliyin yumşaldılması, ölkədə müəyyən demokratik islahatların başladılması üçün zəmin hazırlanmasında müəyyən mənada prinsipial razılığı var. Təbii ki, bu, təkcə iqtidarın deyil, həm də müxalifətin istəyindən asılı olacaq. Burda da ən ciddi problem predmet və formatla bağlıdır. Yəni siyasi dialoqun predmetləri nələr ola bilər. İkincisi, həmin predmetin siyasi dialoqa çevrilməsində tərəf kimi kimlər iştirak edə bilər. Tutaq ki, hakimiyyətin seçkidən kənar dəyişdirilməsi siyasi dialoqun predmeti ola bilməz, yəni hakimiyyət buna gedə bilməz. Və yaxud da müxalifətin fəaliyyətini dayandırması ilə bağlı məsələ siyasi dialoqun predmeti ola bilməz. Siyasi dialoqun predmeti o ola bilər ki, bərabər əsasda həm iqtidarın, həm də müxalifətin mənafeyinə, maraqlarına uyğun olsun. Bu baxımdan, bəzi qüvvələrin çox ciddi şəkildə radikal istəklərlə siyasi dialoqun keçirilməsi ilə bağlı iddiaları siyasi dialoqun fəlsəfəsinə uyğun deyil. Eləcə də iqtidar tərəfindən siyasi dialoq üçün predmet ola bilməyəcək məsələlərin siyasi dialoqa çıxarılması heç bir nəticəyə gətirib çıxarmayacaq. Ona görə də, birincisi, predmetin müəyyən edilməsinə çox ciddi yanaşmalıyıq və tərəflərin radikal şəkildə, siyasi dialoqun fəlsəfəsinə uyğun olmayan iddialarla çıxış etməsinə imkan verməməliyik. Hansısa tərəf bununla bağlı çıxış edəcəksə, o halda siyasi dialoq baş tutmayacaq".
S.Cəlaloğlu onu da bildirib ki, müxalifətçilik eyni ideoloji müstəvidə deyil: "Müxalifət rəngli, iqtidar birrəngli olduğundan, nəzəri olaraq, siyasi dialoqda iqtidar bir güc kimi çıxış etməlidir, müxalifət isə ideoloji yönümlərinə görə təmsilçilik hüququ əldə etməlidir. Yəni tutaq ki, on liberal yönümlü partiya varsa, bunların ən güclüsü, ən tanınmışı orda iştirak etməlidir. On liberal partiyanın onunun da orda iştirak etməsinin nə mənası var?! Və yaxud da, keçən dəfə bizim görüşdə iki kommunist partiyası iştirak edirdi. Yaxşı, bu partiyanın ikisi də kommunist partiyasıdırsa, hələ əlavə ikisi də var, bunun dördünün də o görüşə gəlməsinin nə mənası var?! Açığını deyim ki, iqtidar-müxalifət dialoqu sol yox, sağ təmayüllü partiyalar arasında aparılmalıdır. Çünki bütünlükdə nə iqtidarın sol təmayülü var, nə də müxalifətin böyük hissəsinin və ümumilikdə Azərbaycan xalqının sola doğru meyl etməkdə marağı var".