ABŞ-ın “Qarabağ narahatlığı” Siyasət

ABŞ-ın “Qarabağ narahatlığı”

"The Hill"də Obamanın Azərbaycanın bölgədə əhəmiyyətini xatırladan məqalə dərc olunub

Cavid

ABŞ hakimiyyəti Dağlıq Qarabağda baş verən gərginliyə görə narahatdır. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib. "Dağlıq Qarabağda baş verən gərginlik bizi narahat edir. Vaşinqton hər iki tərəfi regionda sülhə gətirəcək danışıqlarda iştrak etməyə çağırır" - deyə o, bildirib.
Qeyd edək ki, Ermənistan müdafiə nazirliyinin bəyənatına əsasən yanvarın 3-də gecə münaqişə zonasında baş verən atışma nəticəsində 2 erməni əsgəri ölüb. Azərbaycan Müdafiə Nazirliyi öz növbəsində xəbəri təkzib edib.
Bu arada ATƏT-in Minsk qrupunun ABŞ-dan olan katibi Ceyms Uorlik bildirib ki, Dağlıq Qarabağda gərginliyin artması münaqişənin sülh yolu ilə həllinə gətirib çıxarmayacaq.
Regionda gərginliyin artdığı bir şəraitdə Amerikanın "The Hill" nəşrində Obama administrasiyasına Azərbaycanın bölgədə əhəmiyyətini xatırladan məqalə dərc olunub.
Raul Louri Kontrerasın müəllifi olduğu məqalədə Azərbaycanın Qərb və İsrail üçün əsl dost olduğu deyilir: "Bu ölkə İsrail və Qərb üçün iri neft və təbii qaz istehsalçısıdır. Azərbaycan 70 faizi şiə müsəlmanı olan ölkədir. Cənubi Qafqazda yerləşən bu ölkə Şimaldan Rusiya, Cənubdan İran, Qərbdən Gürcüstan, Türkiyə və Ermənistanla həmsərhəddir. Onun 25 milyon əhalisi cənub qonşusunun idarəçiliyi altında yaşayır. Bu gün ölkədə 9,5 milyon əhali var. Ermənistan, Rusiya və İrandan fərqli olaraq, Azərbaycan iki əsr rus hökmranlığı altında yaşamasına baxmayaraq, yəhudilər üçün həmişə isti ocaq olub. Bu gün bu ölkənin inkişafı rusları, erməniləri, eləcə də iranlıları qıcıqlandırır. O, öz neftini İsrailə ixrac edir və silah tədarükünü görür. Çünki ərazisinin 20 faizi qonşu Ermənistan tərəfindən işğal olunub. Birləşmiş Ştatlar isə 1992-ci ildə çıxardığı qərarla bu ölkəyə silah satmaqdan imtina edib. 23 il əvvəl rus qoşunları tərəfindən dəstəklənən erməni hərbi birləşmələri müstəqilliyini yenicə bərpa etmiş Azərbaycana hücum edib və ölkənin böyük bir hissəsini ələ keçirib. Ermənistan Xocalıda azərbaycanlılara qarşı qırğınlar törədib. O dövrün şahidi olmuş amerikalı və avropalı jurnalistlər danışırlar ki, qoca, qadın və uşaqlar ermənilər tərəfindən eybəcər hala salınıbmış. Bir sözlə, bu əsl soyqırım olub. Bu gün Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü var".
Məqalədə qeyd olunur ki, bu gün Azərbaycan İsrail kimi ABŞ-la da dost olmaq istəyir.
"Lakin Obama administrasiyası heç bir məntiqə sığmayan yanaşma sərgiləyərək İsrailin dostuna üz çevirir. Əslində, ABŞ-ın dünyadakı maraqlarını müəyyənləşdirmək bəzən çətin olur. Bu gün biz Yaxın Şərq problemi kontekstində bu bölgədə dostlarımızı artırmalıyıq. Neft hasil edən dost ölkələri daxili və xarici düşmənlərdən qorumalıyıq. Xüsusilə, Rusiyadan və İrandan asılı olmayan enerji resurslarını qorumağa məcburuq. Bu baxımdan, İsrailin dostlarına, o cümlədən Azərbaycana üstünlük verilməlidir. Rusiya rəsmi Bakıya Avrasiya İttifaqına daxil olması üçün təzyiqlər edir. Bunun fonunda Obama administrasiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş münaqişə" adlandırması Cənubi Qafqazda Moskvaya meydan verməsi deməkdir", - deyə məqalədə qeyd olunur.
Müəllif Vaşinqtonu Azərbaycana David M.Herszenhornun "The New York Times" qəzetində 2013-cü il prezident seçkiləri haqda yazdığı məqalə kontekstində qiymət verməyə çağırır: "Məqalədə müəllif seçkilərin demokratik və şəffaf keçirildiyini vurğulayıb. Həmin məqalədə biz ABŞ Nümayəndələr Palatasının bir qrup sabiq üzvünün səsverməni ədalətli və şəffaf keçirildiyinə dair fikirlərinə rast gəlirik. Bizim Yaxın Şərqdə daha güclü bir dosta ehtiyacımız var. İndi özünüz seçin".
Təhlükəsiz Enerji Tədqiqat Mərkəzinin rəhbəri, siyasi və beynəlxalq məsələlər üzrə ekspert Ceyhun Mahmudlu isə bildirib ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsindəki rolunu analiz etdikdə tarixi perspektivlər üzrə bunu iki istiqamətə bölə bilərik: "Sovet İttifaqının dağıldığı dövr - 1992-ci il və 1994-cü ildən sonrakı hadisələr. 1992-ci ilə qədərki hadisələrə nəzər yetirsək, görərik ki, ABŞ, xüsusən Konqresin mövqeyi Ermənistanın maraqlarının qorunması istiqamətində tətbiq edilmişdi. Bunun nəticəsi olaraq da 1992-ci ildə Konqres azadlığa dəstək aktına 907-ci əlavəni etmişdi ki, bu da birbaşa yardımlara məhdudiyyət qoydu. Proses 2002-ci ilə kimi davam etdi".
Politoloq ABŞ-ın Dağlıq Qarabağla bağlı mövqeyinin xüsusilə 1994-cü ildən sonrakı dövrdən etibarən dəyişdiyini bildirib: "Əsrin müqaviləsi, ABŞ-ın bunu dəstəkləməsi və xarici neft şirkətlərinin Azərbaycanda aktivliyini artırması bunu deməyə əsas verir. 1997-ci ildə həmsədr ölkəyə çevrilən ABŞ-ın Ki-Uestdəki danışıqlardan sonra rolu artmağa başladı. Buna görə indi Dağlıq Qarabağ probleminin həllində ABŞ-ı maneə kimi görmək düzgün deyil. Əsas maneə olan aktyor - Rusiyadır. ABŞ -ın nə Azərbaycana, nə Ermənistana, nə də regiona istiqamətlənmiş xüsusi bir siyasəti yoxdur. 2015-ci ildə prezidentlər səviyyəsində danışıqların baş tutacağına inanıram. Ancaq münaqişənin həllində uzun müddətdir ki, konkret bir proqram olmadığından və yaranma istiqamətindəki təşəbbüslər artmadığından, hərbi istiqamətdə gərginlik də artacaq".
C.Mahmudlu onu da qeyd edib ki, 2014-cü ildə atəşkəsin mövcudluğu şəraitində sülhün və atəşkəsin dəfələrlə pozulması Vaşinqton görüşündə konkret nəticənin olacağını inandırıcı etmir:
"Ortada konkret bir proqram yoxdur. Ən son yenilənmiş Madrid prinsiplərinə dair mövcud durumun müzakirəsi bu gün gündəmdə belə deyil. Ancaq görüşlərin bundan sonra da intensivləşdirilməsi təqdirəlayiqdir. Çünki əgər sülh istiqamətində danışıqlar davam etdirilməsə, bu, ikinci variantı - müharibənin alovlanması ehtimalını artırır. Buna görə də ABŞ-ın hazırkı davranışını adekvat hesab etmək olar. Dağlıq Qarabağ problemini Fələstin qətnamələrinin izolyasiyası ilə qarşılaşdırmaq düzgün deyil. Unutmaq lazım deyil ki, ABŞ bütün xarici siyasətini ölkənin milli təhlükəsizliyi strategiyası çərçivəsində görür".