İlham Əliyev Angela Merkellə görüşüb Siyasət

İlham Əliyev Angela Merkellə görüşüb

Azərbaycan prezidenti: "Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır, başqalarından da bunu gözləyir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel ilə birgə nahar edib. Nahardan sonra mətbuat nümayəndələri üçün brifinq keçirilib.
APA-nın məlumatlına görə, mətbuat konfransında Angela Merkel Azərbaycan prezidenti ilə səmərəli müzakirələr apardıqlarını bildirib.
O deyib ki, Azərbaycanın Avropanın, həmçinin Almaniyanın enerji təhlükəsizliyində böyük rol oynayır: "Biz bunu yüksək qiymətləndiririk. Biz Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyirik".
Metkel bildirib ki, Azərbaycan prezidenti ilə bir çox məsələlər ətrafında fikir mübadiləsi aparıblar, geosiyasi vəziyyəti müzakirə ediblər: "Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışdıq. Avropa Şurasının, Avropa İttifaqının bu məsələdə töhfə verə biləcəyini müzakirə etdik. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər".
Almaniya kansleri görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirməsi, Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlərin genişləndirilməsi barədə də müzakirələr apardıqlarını qeyd edib.
Prezident İlham Əliyev deyib ki, Azərbaycanla Almaniya arasında münasibətlər çox uğurla və geniş şəkildə inkişaf edir. Azərbaycanın dövlət başçısı bildirib ki, iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq davam edir və bundan sonra da davam edəcək: "Bu səfərim münasibətlərə daha güclü təkan verəcək. Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir və biz onların fəaliyyətini dəstəkləyirik. Alman şirkətləri tərəfindən Azərbaycana sərmayə qoyuluşu davam etdirilməlidir".
Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq qeyd edib ki, konfliktin həlli həm Azərbaycan, həm də bütün region üçün olduqca vacib məsələdir.
Prezident İ. Əliyev qeyd edib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 20 ildən artıqdır, Ermənistan tərəfindən işğal edilib, 1 milyondan çox insan doğma yurd-yuvasından didərgin düşüb.
"BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi 4 qətnamədə Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb edilir. Ermənistan isə 20 ildən çoxdur, buna məhəl qoymur və mövcud "status-kvo" vəziyyətini saxlamaqda maraqlıdır. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır, başqalarından da bunu gözləyir. Azərbaycanın ərazi bütövlüyü mütləq təmin edilməlidir", - deyə dövlət başçısı vurğulayıb.
Regiondaki iri layihələrdən də danışan Azərbaycan prezidenti deyib ki, Azərbaycan enerji sahəsində öz rolunu oynayır, öz təşəbbüslərini irəli sürür: "2012-ci ildə TANAP layihəsinin, 2013-cü ildə TAP layihəsinin, ötən il isə "Cənub qaz dəhlizi" layihəsinin təməli qoyulub".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan özü bu layihələrin təşəbbüskarıdır və layihələrin maliyyələşdirilməsinin böyük bir hissəsini də üzərinə götürüb.
"Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı davam etdirəcəyik. "Cənub qaz dəhlizi"nin I Məşvərət Şurası gələn ay məhz Azərbaycanda keçiriləcək", - deyə prezident vurğulayıb.