“Ermənistan üçün status-kvonu saxlamaq çətin olacaq” Siyasət

“Ermənistan üçün status-kvonu saxlamaq çətin olacaq”

Aleksandr İsgəndəryan: "Münaqişənin uzadılması Azərbaycanın xeyrinə işləyən amilə çevrilir"

Sahib Alıyev: "Ağıllı ermənilərdən biri isə yazır ki, bu gedişlə özümüz Azərbaycana "Dağlıq Qarabağınızı da götürün bizdən əl çəkin", - deməli olacağıq"

Son günlər işğal olunmuş Dağlıq Qarabağ ərazisində çoxsaylı itkilər verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhədəki ağır uğursuzluqlar səbəbindən növbəti dəfə daha aqressiv və eybəcər təxribata əl atıblar. Müdafiə Nazirliyindən verilən xəbərə görə, düşmənin kəşfiyyat-təxribat qruplarının cəbhə boyu və Azərbaycan-Ermənistan dövlət sərhəddində qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə qəfil hücum etmək cəhdlərinin qarşısı uğurla alınıb. Yanvar ayı ərzində ermənilərin 17 hərbi qulluqçusu məhv edilib, 20-dək yaralısı var.
Sayca qat-qat çox olan düşmənlə qeyri-bərabər döyüşdə Silahlı Qüvvələrimizin bölmələri şəxsi şücaət və igidlik göstərib. Düşmən hücumlarının qarşısı alınan zaman 3 hərbi qulluqçumuz şəhid olub, yaralananlar var.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən şəhid hərbi qulluqçular ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif ediliblər.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Müdafiə Nazirliyi xüsusi olaraq qeyd edir ki, biz öz xalqımızdan həqiqəti gizlətmirik. Ermənistan mətbuatının cəbhədə guya çoxsaylı itkilərimiz barədə yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və qoşunların təmas xəttindəki vəziyyəti düzgün əks etdirmir.
Həmçinin bildirilib ki, Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 124 dəfə pozub. Bildirilir ki, Ermənistan Respublikasının İcevan rayonunun Paravakar, Berkaber, Noyemberyan rayonunun Dovex və Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Kəmərli və Qaymaqlı kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kənlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Cəvahirli, Mərzili, Şuraabad, Qaraqaşlı, Novruzlu, Sarıcalı, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb. Düşmən cavab atəşi ilə susdurulub.
Son günlər Ermənistanın təxribatlarının artması nəyə hesablanıb?
"İş o yerə çatıb ki, Qərb də Qarabağ məsələsində Azərbaycanın istəyini və israrını cilovlaya bilmir",- deyən işğalçı ölkənin Qafqaz Araşdırmaları İnstitutunun rəhbəri Aleksandr İsgəndəryanın sözlərinə görə, münaqişənin uzadılması Azərbaycanın xeyrinə işləyən amilə çevrilir: "İldən–ilə Azərbaycan tərəfi Dağlıq Qarabağın Azərbaycana qaytarılmasında daha aktiv fəaliyyət göstərir. Biz isə xarici diplomatiyada "döyüşə-döyüşə" geri çəkilirik. Hər iki tərəfdən itkilər çoxalır. Amma Azərbaycan buna əhəmiyyət vermir. İstəyində israrlı görünür. Ermənistan üçün status-kvonu saxlamaq çətin olacaq. Bəlkə də çoxları 2015-ci ildə Qarabağda müharibə gözləmir. Amma 2018-ci ilə qədər status-kvo dəyişməzsə, aktiv savaşın başlayacağını düşünürəm".
Millət vəkili Sahib Alıyev bildirib ki, ermənilər hər zaman cəbhədə təxribat hazırlayanda Qarabağ döyüşlərində özünün amansızlığı və alçaqlığıyla ad çıxarmış generalları Arkadi Ter-Tadevosyanı danışdırırlar: "Tadevosyan xəbərdarlıq edir və ardınca da mütləq nəsə olur. Tadevosyan yenə danışdı. Amma onun budəfəki danışığı xəbərdarlıqdan çox təşvişə bənzəyir. Son bir həftədə cəbhədə demək olar ki, hər gün itkilər verən düşmənlərimizin təşviş içərisində olduqları onların mediası və sosial şəbəkələrindən də açıq-aydın görünməkdədir. Ermənilər bildirirlər ki, Azərbaycan Ordusunun heç bir itki vermədən bu cür əməliyyatlar aparmasına guya İsrail və Almaniyadan aldığı yeni silahlar imkan verir. Sosial şəbəkədə isə müdafiə nazirlərinə irad tuturlar ki, hər dəfə itkilərlə üzləşdikdə deyirsiniz Azərbaycan cavabını alacaq, amma ortada heç bir şey yoxdur. "Bu cür bəyanatlardansa, susman daha məsləhətdir". Ağıllı ermənilərdən biri isə yazır ki, bu gedişlə özümüz Azərbaycana "Dağlıq Qarabağınızı da götürün bizdən əl çəkin", - deməli olacağıq. Və elə həmin ermənilərdən biri - "Tüpürərəm sizin soyqırımınıza" deyən Şarl Aznavur ötən həftə buna bənzər bir fikirdə bulundu.
Yəqin xatırlayırsınız ötən əsrin axırlarında tez-tez belə bir sual verilirdi: "Yolumuz hayanadır, qərbə, yoxsa şərqə?" - sualın cavabı indi aydındır - yolumuz nə qərbə, nə də şərqədir. Yolumuz mərkəzədir, Azərbaycanın mərkəzinə - Qarabağa. Qərb də, şərq də qurban olsun Qarabağa".

Əli