“Büdcə xərclərinin, heç olmasa, 4 faizi elmin inkişafına yönəlməlidir” Siyasət

“Büdcə xərclərinin, heç olmasa, 4 faizi elmin inkişafına yönəlməlidir”

Qüdrət Həsənquliyev: "Hesab edirəm ki, elmi işçilərin maaşları bir neçə dəfə artırılmalıdır ki, elmə maraq yaranmış olsun"

"Biz təkcə mütəxəssis yetişdirmirik, həm də millətimiz üçün ziyalı yetişdiririk, ona görə də bu istiqamətdə köklü islahatlar aparılmalıdır"

Dünən Milli Məclisdə "Elm haqqında" qanun layihəsi nəhayət ki, müzakirəyə çıxarıldı. Qanun layihəsi ilk oxunuşda ciddi müzakirələrə səbəb oldu və təqdir olunmaqla yanaşı, xeyli tənqidlərədə məruz qaldı.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev dəmüzakirələr zamanı çıxışında irad və təkliflərini bildirdi. "Elm haqqında" qanun layihəsinin komitədə müzakirəsi zamanı fikirlərinmi səsləndirdiyini deyən millət vəkili dedi ki, indi də o fikirlərində qalır: "Birda bəzi həmkarlarım çıxış elədilər və söylədilər ki, elmin inkişafı üçün bu sahəyə ciddi vəsait ayrılmalıdır. Amma mən düşünmürəm ki, təkcə vəsait ayırmaqla bu problemləri həll etmək olar. Mən hörmətli zəhməti olanlara minnətdarlığımı bildirirəm ki, nəhayət ki, bu qanun layihəsi hazırlandı və bu gün plenar iclasda onu müzakirə edirik. Əgər qəbul olunacaqsa, ən azından burdakı bir müddəaya görə bu qanunu alqışlamaq lazımdır. O da ondan ibarətdir ki, bu qanunla magistrlərə hərbi xidmətdən möhlət hüququ verilir".
Qüdrət Həsənquliyev bildirdi kı, 1992-ci ildən test imtahanlarını tətbiq olunsa da, bu islahatların davamı olmadığına görə daha ciddi problemlər yaradıb: "Test imtahanları Azərbaycan təhsilinin mən deyərdim ki, belini sındırdı. Bununla da bizim təhsilimizdə çox ciddi problemlər yarandı. Yəni sovet təhsil sistemi pozuldu, yenisini isə qurub yarada bilmədik. Burda qanun layihəsini təqdim edən komitə sədri tərəfindən ümumi rəqəmlər səsləndirildi, amma konkret deyilmədi ki, məsələn inkişaf etmiş ölkələrdə elmə büdcə xərclərinin neçə faizi ayrılır, bizdə neçə faizi ayrılır. Mən hesab edirəm ki, bu xərcləri ən azı 10 dəfə artırmaq lazımdır. Büdcə xərclərinin, heç olmasa, 4 faizi elmin inkişafına yönəlməlidir".
Elmi təhsildən ayırmağın mümkün olmadığını ifadə edən millət vəkili hesab edir ki, hal-hazırda Azərbaycanın təhsil sistemində xeyli problemlər var: "Təhsil sistemində belə bir eybəcər forma var. Eyni dövlət qurumu həm orta məktəbi qurtaran şagirdlərin biliyini yoxlayır, həm də sonra qəbul imtahanları keçirir. Əvvəllər də mən bunu söyləmişəm, olmazmı ki, bir qəbul imtahanı olsun və bir imtahanla bütün fənlər üzrə şagirdlərin biliyi yoxlanılsın?! Yalnız ixtisas seçimində ola bilsin ki, ixtisaslar üzrə daha çox bal toplamış şəxsə müsabiqədə üstünlük verilsin. Belə olacağı təqdirdə bizim şagirdlər bütün fənləri öyrənəcklər. Şagirdlər repititor yanına gedirlər, amma riyaziyyat, fizika, coğrafiya üzrə oxuyan bir universitet tələbəsindən soruşun ki, Mirzə Cəlil kimdir, Hüseyn Cavid kimdir? Elementar anlayışları yoxdur. Yaxud humanitar fənlər üzrə oxuyandan coğrafiyadan, riyaziyyatdan, kimyadan soruşun, ən adi anlayışları yoxdur. Axı biz təkcə mütəxəssis yetişdirmirik, həm də millətimiz üçün ziyalı yetişdiririk. Ona görə də düşünürəm ki, bu istiqamətdə köklü islahatlar aparılmadan heç nə əldə etmək mümkün olmayacaq. Hətta vəsait də ayrılsa belə, o vəsait batıb gedəcək".
Qüdrət Həsənquliyev dedi ki, Azərbaycanda niyə savadlı gənclər çox vaxt elmi dərəcə almaq istəmirlər, elmin dalınca getmək istəmirlər: "Ona görə ki, elmi dərəcə almaq artıq elmi fəaliyyət sferasından çıxıb, biznes fəaliyyətinə çevrilib. AMEA-nın nümayəndələri, universitet rektorları buradadır, mənim dediklərimi təsdiq edə bilərlər. İndi belə bir fakir formalaşıb ki, pulun yoxdursa, sən elmi iş müdafiəsi barədə necə düşünə bilərsən? Hər elmi məqalənin dərc olunma qiyməti var, konkret məqalə yazmaq üzrə ixtisaslaşmış qruplar var, elmi iş yazanlar var. Bu bir növ biznes fəaliyyətinə çevrilib. Düşünürəm ki, bu proses o qədər ciddi sadələşdirilməlidir ki, elmi dərəcə almaq istəyən insanlar o prosedurlardan, o bürokratiyadan, süründürməçilikdən qorxmasınlar və doğrudan da öz həyatlarını elmə sərf etsinlər. Onlara yaxşı əməkhaqqı verilməlidir. Qanunda qeyd edilir ki, elmi işçilər layiqli əməkhaqqı ilə təmin olunmalıdırlar. Bu ümumi yayğın ifadədir. Layiqli əməkhaqqı deyəndə, yəni nə qədər olmalıdır? Hesab edirəm ki, bu barədə ciddi düşünməliyik. Universitetlər mütləq özəlləşdirilməlidir, orta məktəb müəllimlərinin əməkhaqqı ciddi qaldırılmalıdır. Hesab edirəm ki, elmi işçilərin maaşları bir neçə dəfə artırılmalıdır ki, elmə maraq yaranmış olsun".
Sonda millət vəkili bir məsələyə də diqqət yönəldib: "Dəfələrlə söyləmişəm, inkişaf etmiş ölkələrin dillərini bilmədən necə elm sahəsində irəli getmək olar? Azərbaycanda adi elektron tərcümə proqramları yoxdur. Dəfələrlə bu məsələni qaldırmışıq, amma buna heç diqqət yetirən yoxdur. Xarici dili bilmədən necə yaxşı alim, mütəxəssis olmaq olar? Bu barədə düşünmək lazımdır".

Cavanşir Həsənli