“Hədəf cinayətkarların məhkəmə qarşısında cavab verməsidir” Siyasət

“Hədəf cinayətkarların məhkəmə qarşısında cavab verməsidir”

Leon Kuk: "Xocalı faciəsi Körfəz müharibəsi, Balkan savaşı, Ruanda hadisələri ilə eyni vaxta təsadüf etdiyi üçün beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalıb"

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) London ofisinin ictimaiyyətlə əlaqə və marketinq məsələləri üzrə direktoru Leon Kuk İrlandiyanın 103.2 FM dalğasında yayımlanan Dublin şəhər radiosunun "Mediascope" proqramına müsahibə verib.
TEAS-dan verilən məlumata görə, proqramın aparıcısı Ellen Qanninqin suallarını cavablandıran Leon Kuk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət !" təbliğat–təşviqat kampaniyası çərçivəsində görülən işlər, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həqiqətləri barədə danışıb

- Düşünürəm ki, dünya ictimaiyyətinin diqqətini 1992-ci ildə baş vermiş, 613 dinc sakinin qətlə yetirildiyi Xocalı qırğınına yönəltmək kimi çətin vəzifəniz var. Qısaca olaraq, həmin qanlı olay haqda məlumat verərdiniz.

- Məlumat üçün bildirim ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-1994-cü illərdə baş verib. 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə "Bişkek protokolu" imzalanıb. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə həyata keçirilən Xocalı qətliamı münaqişə müddəti zamanı baş verən, öz qəddarlığı seçilən ən dəhşətli qanlı olay olub. Sizin də qeyd etdiyiniz 613 qurbanın 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, öldürülənlərin əksəriyyəti xüsusi qəddarlıqla qətlə yetirilib. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə erməni silahlı qüvvələri şəhəri tərk etməyə çalışan mülki əhaliyə qarşı hücuma keçərək onlarla amansız davranıb. Həmin müdhiş gecədən 23 il ötməsinə baxmayaraq, heç kəs bu soyqırımla bağlı mühakimə edilməyib, Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməyib. TEAS Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən başladılan "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində Dublin də daxil olmaqla, Avropanın bir çox ölkələrində tədbirlər təşkil edərək, avropalıları 23 il öncə baş vermiş dəhşətli qətliam haqda məlumatlandırmağa çalışır.

- Hadisə barədə mən yalnız bu yaxınlarda Dublində təşkil etdiyiniz "Endless Corridor" ("Sonsuz dəhliz") sənədli filminin təqdimat mərasiminə dəvət aldıqdan sonra xəbər tutdum. Ceremi Ayronz tərəfindən səsləndirilən film, litvalı jurnalist Riçard Lapaytisin xatirələri əsasında çox gözəl nəql edilir. Doğrudan da çox təsirli filmdir. Bir az film haqda məlumat verməyinizi xahiş edirəm.

- "Sonsuz dəhliz" litvalı rejissor və prodüser Andreas Brokas, ABŞ prezidenti Cimmi Karterin administrasiyası zamanı Ağ Evin ictimaiyyətlə əlaqə üzrə direktoru vəzifəsində çalışmış Cerard Rafşunun prodüserliyi ilə meydana gəlmiş bir saatlıq sənədli filmdir. 15 ölkəni təmsil edən peşəkarlardan ibarət yaradıcı heyətin 5 illik əməyi nəticəsində ərsəyə gəlmiş bu film, Xocalı qətliamı gecəsi təmas xəttinin yaxınlığında olan və son 23 il ərzində gördüklərindən söhbət açan jurnalist Riçard Lapaytisin geriyə Azərbaycana dönüşündən bəhs edir. O, təmas xəttinə səfər edərək qətliamdan sağ çıxmış Xocalı sakinləri ilə yenidən görüşür. Filmdə həmçinin həmin gecə öz məkrli planlarını həyata keçirən erməni komandirləri ilə müsahibələr də yer alıb. Filmdə sağ qalan insanların həyat hekayələri, onlara kömək etmiş insanlar haqda, o cümlədən müharibənin amansızlığından danışılır.

- Açığı, filmdə məni təəccübləndirən məqamlardan biri filmin yaradıcı heyətinin erməni komandirlərinin həmin gecə barədə danışmasına nail olmasıdır.

- Bu, öz-özlüyündə bir dönüşdür. Lakin qəribəsi budur ki, əks tərəfdə olan şəxslərin bu qətliamda rol oynadıqlarını etiraf etmələrinə baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də işğal edilən torpaqların Azərbaycanın suveren ərazisi kimi tanıyan BMT Təhlükəsizlik Şurasının 4 və Avropa Parlamentinin qəbul etdiyi qətnamələri həyata keçirilməsinə təkid etmir.

- Filmi Dublindən başqa daha harada nümayiş etdirmisiniz ? Onun yayımını təşkil etmək üçün hansı planlarınız var ?

- Hazırda Avropa və ABŞ-ın aparıcı telekanalları ilə danışıqlar aparılır. Film Dublindən başqa, London, Paris, Brüssel, Berlin, Vilnüs, Moskva, İstanbul, Ankara və Berndə nümayiş olunub. Ötən illər ərzində, yəni 2008-ci il mayın 8-dən etibarənHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" kampaniyası çərçivəsində dünyanın 100-dən artıq ölkəsində film nümayişləri, konsert, yürüşlər də daxil olmaqla, müxtəlif xarakterli tədbirlər həyata keçirilməkdədir.

- Qeyd etdiniz ki, film bir çox ölkələrdə nümayiş olunub. Dublində baş tutan tədbirdə belə təəssürat yarandı ki, gələn qonaqların böyük əksəriyyəti diplomatik korpusun təmsilçilərindən və jurnalistlərdən ibarət idi. Digər tədbirlərinizdə də əsas kontingent kimi onlar üstünlük təşkil edir ?

- Müxtəlif sahənin nümayəndələri, sıravi vətəndaşlar, media təmsilçiləri, diplomatik korpusun nümayəndələri, o cümlədən siyasətçilər bu tədbirlərə gəlməkdə, baş verənlərə şahidlik etməkdə sərbəstdirlər. Biz mümkün qədər ismarıcımızı geniş kütlələrə çatdırmaqda maraqlıyıq. Xüsusən də jurnalist və siyasətçilərin öz gördüklərini cəmiyyətin digər üzvlərinə çatdırmasını istərdik. Düşünürük ki, bu film hər bir insanın ürəyində dərin iz buraxacaq. Ona görə də hər kəs ona baxmalıdır.

- Elə bu mövzuya toxunmuşkən, qeyd etdiniz ki, hazırda danışıqlar aparılır. Güman edirəm ki, əsas məqsəd bu sənədli filmin dünya telekanallarda yayımlanmasını təşkil etməkdir.

- Doğru buyurursunuz, hazırda danışıqlar gedir. Ümid edirik ki, bu il ərzində dünyanın aparıcı telekanalları bu filmi nümayiş etdirməyə hazır olacaq.

- Səhv etmirəmsə, Xocalı ilə bağlı siz kitab da nəşr etmisiniz?

- Bəli, kitab belə adlanır: "Khojaly Witness of a war crime – Armenia in the Dock" (Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə). Bu kitabXocalı qətliamı barədə Qərbdə ingilis dilində işıq üzü görən ilk müstəqil nəşrdir. İnkaredilməz faktları özündə birləşdirən bu kitaba Xocalı şahidlərinin ifadələri, beynəlxalq mətbuatda dərc edilən materiallar, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilən nadir şəkillər daxil edilib.

- Bəs insanların bu məsələyə reaksiyası necədir ? Mən filmin təqdimat mərasiminə dəvət alanadək bu qətliam barəsində məlumatsız idim.

- Bir çox insanlar, eynilə mənə də bu qətliam haqda məlumatsız, bilgisiz olduqlarını söylədilər. Bunun açıqlaması budur ki, Xocalı faciəsi Körfəz müharibəsi, Balkan savaşı, Ruanda hadisələri ilə eyni vaxta təsadüf etdiyi üçün beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalıb. Lakin qətlə yetirilən insanların sayından asılı olmayaraq, bu, 23 il öncə baş vermiş çox dəhşətli bir hadisədir. Cəmi bir nəsil öncə öz doğmalarını itirmiş insanların ailələri, qohumları hələ də bu faciəni unuda bilmirlər. Azərbaycanda 1 milyona yaxın qaçqın və məcburi köçkün var ki, hələ də öz doğma evlərinə qayıda bilmir, Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Məhz buna görə də insanlar bu təcavüzün acı nəticələrini gündəlik həyatlarında hiss edirlər. Bu səbəbdən də biz bu mesajı dünyaya çatdırmağa çalışırıq.

- Dublindəki tədbirdə oxşar vəziyyətlə çox yaxından tanış olan və bu məsələnin tezliklə həllinin vacibliyini vurğulayan siyasətçilər Pet Keri və Terri Leyden də iştirak edirdilər. Diplomatik korpusun nümayəndələrini və jurnalistləri filmlə tanış etdikdə, hansısa bir nəticə hasil oldumu ? Ümumiyyətlə, sizə diplomatik və media dairələrindən hər hansı bir reaksiya daxil olurmu ?

- Media ilə bağlı danışdıqda əlbəttə, xüsusilə film nümayişindən sonra bu tədbiri və ümumiyyətlə, münaqişəni işıqlandırmaq istəyən jurnalistlər oldu. Diplomatik ictimaiyyətə gəldikdə isə, Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətin əksər üzvləri tərəfindən dəstəklənir. Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Peru, Panama, Pakistan, Meksika və digər ölkələr öz milli parlamentlərində Xocalı soyqırımını rəsmən tanıyıblar. Digər ölkələrin də məsələyə bu cür qiymət verməsini istəyirik.

- Həmin axşam "Sonsuz dəhliz" filminə tamaşa edən hər kəs onu çox kədərlə qarşıladı. Hətta siz filmin nümayişindən sonra insanların filmlə bağlı öz təəssüratlarını paylaşmaları üçün qəbul da təşkil etmişdiniz. Bu, çox yerinə düşən bir qəbul idi. Çünki hiss etdim ki, mənim özümə gəlməyə ehtiyacım var, sanki havam çatmırdı. Bilirəm ki, bir çoxları da eyni hissləri keçirib. Təbii ki, əsas hədəf cinayətkarın ədalət qarşısında cavab verməsinə nail olmaqdır. Mediada məqalələrin dərc olunmasından əlavə, daha nəyə nail olmaq istəyirsiniz? Filmin televiziyalarda yayımından sonra insanların sizinlə "Twitter" vasitəsilə əlaqə saxlamasını istəyirsinizmi? Ümumiyyətlə, sıravi insanlar sizin üçün nə edə bilər?

- Onlar öz siyasətçilərinə, media vasitələrinə müraciət edə bilərlər. Müxtəlif internet saytları var ki, oradakı məcburi köçkün və qaçqınların doğma yurdlarına qayıtmalarına dəstək verən petisiyaları imzalaya bilərlər. Təbii ki, əsas hədəf cinayətkarların məhkəmə qarşısında cavab verməsidir. Bir faktı diqqətinizə çatdırım ki, Xocalı qətliamı zamanı hərbi komandirlərdən biri olmuş Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan 2000-ci ildə münaqişə ilə bağlı britaniyalı jurnalist Tom de Vaala müsahibəsində bu ifadələri işlədib: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilən bir xalq deyil. Biz bu stereotipi sındırdıq və bunlar baş verdi". Beləliklə, Ermənistanın prezidenti boynuna alır ki, onlar mülki əhalini hədəf olaraq seçmişdilər. Düşünürük ki, beynəlxalq ictimaiyyət və sıravi vətəndaşlar bu məsələdən agah olmalıdırlar.

- Tükürpərdici bir yekunla söhbətimizi başa vururuq. Leon Kuk, insanlar bu məsələyə dəstək vermək üçün sizinlə necə əlaqə saxlaya bilərlər? Hansı internet səhifələrinə girə bilərlər?

- www.teas.eu internet səhifəsinə girməklə, bu kampaniyaya dəstək verə bilərlər. Və yaxud www.justiceforkhojaly.org kampaniyasının internet səhifəsinə daxil olmaqla bu dəhşətli qətliama qarşı başladılmış kampaniyaya dəstək olmaq üçün öz ad və soyadlarını yaza bilərlər.